Sosial bazası tükənən müxalifət
Ötən seçkilərdə məğlub və aciz simada çıxış edən pərakəndə və miskin vəziyyətdə olan müxalifətin uğursuz addımları ardıcıl olaraq fiaskoya uğrayır. Lakin öz abırlarına sığmayan radikallar parlament seçkiləri ərəfəsi növbəti şou yaratmağı planlaşdırır. Məlumata görə, iyulun 31-də AXCP (i) və Müsavatın icazəsiz keçirilən mitinqi uğursuzluqla nəticələndiyi üçün növbəti yeni plan hazırlanır. Sosial bazası tükənən radikallar parlament seçkilərini boykot etmək məqsədilə yenidən aksiyalar keçirməklə küçələrə çıxmağı planlaşdırır. Ancaq bu böhtançılar başa düşmürlər ki, onlar bu addımları ilə ictimaiyyətin növbəti qınağına düçar olacaqlar. AXCP (i)-nin İmişli rayon təşkilatının sabiq üzvləri Vahid Aslanov, Şirzad Baxışov, Rəhim Gərayzadə "Səs"ə açıqlamalarında bildirdilər ki, 18 ildən çoxdur ki, İsa Qəmbərovla Əli Kərimovun fırıldaqlarının şahidi olmuşuq: "Belə həyasız və hiyləgər adamlarla necə bir yerdə olmuşuq, möcüzədir. Yenidən aksiya keçirmək və yaxud da seçkiləri boykot etmək fikrini ortaya atmaqla bir daha ictimaiyyətin növbəti qınağına düçar olacaqlar. Bir də, onlar elə həyasızlaşıblar ki, üzlərinə tüpürülən tüpürcəyi belə silib, heç bir şey olmamış kimi, özlərini aparmağı bacarırılar".
ASDP həmsədri Zərdüşt Əlizadənin də fikrincə hazırına nazir olan müxalifətin gücü sıfıra bərabərdir: "Ölkədə baş verən ictimai-siyasi proseslərdə müxalifətin gücü hiss olunur? Xaricdən müəyyən dəstək almağa arxalanan düşərgə təmsilçiləri artıq bu dəstəkdən də məhrum olublar. Bu gün onlar klub səviyyəsində fəaliyyət göstərirlər. Xalq artıq onların çağırışlarına gəlmir və onların kütləni bir araya toplamaq imkanı məhduddur. Azərbaycan müxlifətinin bugünkü vəziyyətini görməmək mümkün deyil. Nə qədər bloklar yaratmağa çalışsalar da, birləşmək meyilləri olsa da, bu, bir səmərə verməyəcək. Bir yerdə olduqları vaxt nə ediblər ki, gücsüz vəziyyətdə nə edə bilsinlər."
Z.Əlizadə belə hesab edir ki, Müsavat-AXCP (i) cütlüyünün bir-biriləri ilə it-pişik kimi dolandıqları halda seçkiərəfəsi birlik nümayiş etdirməsi, biabırçı uğursuzluqla nəticələnən aksiyalar keçirmək planları çox iyrənc və ağılsızlıqdır: "Əvvəla, deyim ki, müxalifətin, o cümlədən, Müsavat və AXCP (i)-nin mitinq və ya piket keçirmək imkanı yoxdur. Bunu iyulun 31-də keçirilən icazəsiz mitinqin nəticəsi bir daha göstərdi. Bu səviyyəsizlər cəmiyyətin hansısa məsələyə narazı olaraq, addım atmalarını gözləyirlər. Azərbaycan cəmiyyətində isə belə bir reaksiyanın olacağına inanmıram. Müxalifət öz səhvlərini iqtidarda deyil, keçmişində axtarmalıdır. Bu gün ictimaiyyət kimin arxasınca getməyi çoxdan müəyyənləşdirib. Ona görə də, sosial bazası tükənən müxalifətin budəfəki fırıldağı da baş tutmayacaq".