PDF Oxu

Müxalifət

  • 18

Radikal müxalifət partiyaları daxilində paradoks yaranıb

Radikal müxalifət partiyaları daxilində paradoks yaranıb
Azərbaycanda hakim partiyanın reytinqinə müsbət təsir edən ən mühüm amillərdən biri də ölkədə aparılan sosial-iqtisadi siyasətin nəticəsidir. İqtisadiyyatın bütün sahələrində uğurların əldə olunması seçicilərin sosial durumuna, həyat səviyyəsinə birbaşa təsir etdiyi üçün hər bir seçici bu və ya digər siyasi qüvvə arasında seçim edəndə sosial-iqtisadi amili əsas şərtlərdən biri kimi qəbul edir. Parlament seçkiləri ərəfəsində radikal müxalifət daxilində qarşıdurmaların güclənməsi, inteqrasiya adı altında parçalanmaların artması düşərgədə təmsil olunan partiya təmsilçilərinə əsas verib ki, hakimiyyəti hədəf kimi seçsin.
Qaragüruhçu çıxışlarla, anormal təbliğat metodlarına üstünlük verən radikal müxalifət partiyaları mövcud demokratik imkanlarından öz məqsədlərinə uyğun tərzdə istifadə edirlər. Ölkə rəhbərliyinin həyata keçirdiyi bütün müsbət işləri görmək istəməyən, əldə edilən uğurları şübhə altına almağa çalışan radikallar "müxalifət birliyi" ideyası ətrafında yersiz spekulyasiyalar edirlər. Sosial bazası olmayan, azsaylı üzvləri ilə siyasi mübarizəyə can atan radikal müxalifət təmsilçilərinin parlament seçkilərində konkret mövqe sərgiləməmələri paradoks yaradır. Vaxtaşırı radikal müxalifət düşərgəsində gerçəkləşməsi qeyri-mümkün olan vahid namizəd ideyası ortaya atılaraq, məsələ ətrafında spekulyasiyalar edilsə də, bu məsələnin həll edilməməsi partiya rəhbərləri arasında qarşılıqlı kompromatlar və ziddiyyətlərin dərinləşməsi ilə müşahidə olunur.
Radikal müxalifət partiyalarının rəhbərlərindən hər biri özünün liderliyə layiq olduğunu güman edərək digərlərini də ona güzəştə getməyə çağırırlar. Bu məsələdə bircə addım da olsun geri çəkilməyən ifrat radikallar nəticədə işi yarıda buraxmaq məcburiyyətində qalırlar. Hazırda radikal düşərgədə müxalifətin vahid namizəd məsələsi yenidən gündəmə gətirilib. Müsavat, AXCP (i), ALP, ADP, "VİP", "KAXCP" rəhbərlərinin siyasi baxışlarında olan fərqli yanaşma destruktiv, pozucu əməllərinə köklənib. Radikal müxalifət partiyaları rəhbərlərinin məhz seçki öncəsi belə bir mövqe nümayiş etdirmələri başa düşüləndir. Bununla, radikal müxalifət partiyaları istədikləri yerdə mitinq keçirməklə özbaşınalıq etmək, asayişi pozmaq məqsədi güdürlər. Radikal müxalifət təmsilçilərinin xəstə siyasi ambisiyalar üzərində köklənən, qarşılıqlı ittihamlar, təhqir və tənqidlə müşayiət olunan destruktiv fəaliyyətləri düşərgənin uğursuzluğunu şərtləndirib. Siyasi keçmişlərini gündəmə gətirən partiya rəhbərləri bir-birini hakimiyyətə işləməkdə, müxalifətin maraqlarına zərbə vurmaqda ittiham etməklə, əslində, düşdükləri acınacaqlı durumu daha da ağırlaşdırırlar. "Vahid namizəd" məsələsində yuxarıda adları çəkilən partiya rəhbərlərinin hər birinin iddiasının olması, ümumiyyətlə, belə bir ideyanın reallaşmasını mümkünsüz edir. Radikal müxalifət cəbhəsində qarşıdurmalara, çəkişmələrə tez-tez rast gəlmək olar. Hər bir çəkişmənin sonunda mütləq ya parçalanma baş verir, ya da kimsə başqa bir partiyaya üz tutur. Ötən seçkilərin təcrübəsi göstərdi ki, müxalifətdə bu məsələnin gündəmə gətirilməsi bütövlükdə radikal düşərgədə parçalanmalara geniş imkanlar açır.
Ölkə daxilində situasiyanı mürəkkəbləşdirməyə çalışan siyasi qüvvələrə mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları bu hüquqlardan imtina edir. Azərbaycan cəmiyyətində birmənalı olaraq radikal müxalifət kimi tanınan, fəaliyyətlərini dağıdıcılıq üzərində quran düşərgə təmsilçiləri seçkiönü mərhələdə yenə də öz bədnam əməllərindən əl çəkmək istəmirlər. Bir vaxtlar ADP sədri Rəsul Quliyevin təmsil olunduğu radikal müxalifət düşərgəsinin gələcək perspektivsizliyi ilə 2005-ci ildə radikal müxalifətin ölkədə heç bir şeyə nail ola bilməyəcəyinə dair analoji fikirləri, ADP funksionerləri başda olmaqla, "Azadlıq" blokuna daxil olan digər partiyaların başçılarını hiddətləndirdi. R.Quliyev etiraflarında blokun siyasi perspektivsizliyinə inamsızlığını radikal müxalifətin fəaliyyətsizliyi ilə əlaqələndirərək, hər hansı nəzərəçarpacaq işlərin görülmədiyini bildirmişdi. Seçki məğlubiyyətindən sonra özünə bir məşğuliyyət tapa bilməyən radikal müxalifət düşərgəsi üzücü bekarçılıqdan mümkün qədər yaxa qurtarmaq üçün yenə də blok-blok oyununa başladı. 2005-ci ilin parlament seçkiləri ərəfəsində yaradılmış "Azadlıq" bloku Müsavat bu qurumdan gedəndən sonra "Azadlıq" bloku AXCP (i) sədri Əli Kərimovun, "VİP" sədri Əli Əliyevin və ALP sədri Lalə Hacıyevanın rəhbərliyi ilə yenidən təşkil olundu. Bundan sonra radikal müxalifət düşərgəsində ziddiyyətlər kulminasiya həddinə çatdı. Sabiq müttəfiqlər arasında səngimək bilməyən "kompromat müharibəsi" yeni məqamlar üzə qurulmağa başlandı. Birgə siyasi fəaliyyət göstərməyi qarşılarına məqsəd qoyan, 2005-ci il parlament seçkilərindən sonra keçən müddət ərzində bir-birini hədəfə götürdülər. Müsavat və "Azadlıq" bloku rəhbərlərinin konfrantasiya mövqeyində olması və münasibətlərin getdikcə dərinləşməsi situasiyanı gərginləşdirsə də, qarşı-qaşıya duran tərəflər nəzarət altında saxladıqları KİV-dən münasibətlərini ayırd etmək üçün vasitə kimi istifadə etdilər. 2005-ci ilin parlament seçkiləri sübut etdi ki, Azərbaycanda sivil, demokratik, hüquqi dövlət quruculuğu prosesi artıq dönməz xarakter alıb və bu prosesi əngəlləməyə qadir olan qüvvə yoxdur. Hakimiyyət cəmiyyətin liberallaşması, demokratik dəyərlərin bərqərar olması, vətəndaş cəmiyyətinin qurulması, Azərbaycanın Qərbə, Avroatlantik məkana inteqrasiyası vasitəsilə sivil dünyanın bir hissəsinə çevrilməsi istiqamətində müstəqil və məqsədyönlü siyasət aparır. 2010-ci ilə qədər ifrat radikal ideyalarla fəaliyyət göstərən AXCP (i)-nin Müsavatla birliyinin nəzərdən keçirilməsindən sonra "Azadlıq" blokunun fəaliyyətinə xitam verilməsi 2005-ci ildən blok haqqında gözləntiləri təsdiqlədi. Vəziyyət düşərgədə ziddiyyətlərin daha da dərinləşməsinə səbəb oldu.

Digər xəbərlər