Siyasi qəbiristanlıq “sakinləri"
Hər dəfə müxalifətdən söz düşəndə, ilk öncə, insanın yadına ikiüzlülük, xəyanət, satqınlıq, "dost"a quyu qazmaq və bu kimi fikirlər, sözlər düşür. Xüsusilə, Müsavat partiyasının demokratiyadan uzaq başqanı İsa Qəmbərov, tərəfdaşlarını öz məkrli siyasətinə qurban edən AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, "bəy"lər tərəfindən zorla partiya adlandırılan "ACP", ümidsizliyə qapanan "Ümid"in sədri İqbal Ağazadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan (elə işi də adına bənzəyir) və bu kimi cəmiyyət arasında heç bir nüfuza malik olmayan partiyaların sədrləri təmsil olunan düşərgəni yalnız və yalnız qara qüvvələr adlandırmaq olar. Cəmiyyət isə bu "qüvvə"lərdən mütləq təmizlənməlidir.
Çünki bu şəxslər xalqımıza heç zaman başucalığı gətirməyiblər. Artıq bu şəxslər, nəinki cəmiyyət tərəfindən, hətta öz funksionerləri tərəfindən də siyasətçi adlandırılmır. Bütün bunlar onu əminliklə söyləməyə əsas verir ki, bu "bəy"lərin də dövrü çoxdan bitib. Onlar 17 il öncə, hakimiyyətdə olan zaman xalqımız nələr yaşadı, bu, hər kəsə bəllidir-aclıq, xaos, özbaşınalıq, anarxiya, müharibə, idarəçiliyin olmaması və s. Gərək elə o zamandan radikal müxalifət "bəy"ləri xəcalət çəkib ya ölkəni tərk edəydilər, ya da bacarmadıqları siyasətə əlvida deyəydilər. Bunu etməyiblərsə, bu, onlar üçün mənfi hallardan biridir. Buna görə əfsuslanmağa dəyər.
Düşərgə üzvləri tərəfindən arzuolunmaz (onsuz da, bütün radikal "bəy"lər biri-birilərinə düşməndilər) şəxslərdən biri, daha dəqiq desək, birincisi "Yurd" şefi AXCP (i) sədri Ə.Kərimovdur. Bu şəxsin nə etdiyi və ya nə edəcəyi həm özünə, həm də ətrafındakılara bəlli deyil. Ə.Kərimov həmkarlarından bir sıra xüsusiyyətlər fərqləndirir. Belə ki, AXCP (i) sədri həmkarı İ.Qəmbərovdan fərqli olaraq, öz ətrafındakıları öz məkrli siyasətinə qurban verir. Müsavatda isə, əksinə, partiya funksionerləri başqanları İ.Qəmbərovu "qurbanlıq" edirlər. Ə.Kərimovun qurbanları kimlər olub. Aqil Xəlilov, Ruslan Bəşirlidən tutmuş ta "Dalğa" gənclər hərəkatına kimi. Bunlar AXCP (i)-nin çirkin siyasətinin, məkrli oyunlarının qurbanları olublar və bu gün də qurban gedənlər var. Maraqlıdır, hamısı da gənclərdir. Elə buna görə də, partiyanın rəhbər heyətində təmsil olunan Cəmil Həsənli, Fuad Mustafayev və digərləri partiyadan istefa verdilər. Həmçinin, Ə.Kərimovun siyasətinə etiraz edərək, onlarla partiya üzvləri (hətta bütün rayon təşkilatları) AXCP (i)-yə ƏLVİDA DEDİLƏR.
Bir məqamı da Ə.Kərimovun yadına salmaq istərdik. Bir neçə ay bundan öncə Ə.Kərimovun ABŞ-ın "Vaşinqton Post" qəzetində məqaləsi çıxanda, müxalifət düşərgəsi bunu əsl toy-bayram kimi qeyd edirdi. Bu elə Ə.Kərimov kimilərin hansı simaya malik olduğunu göstərir. Gərək Ə.Kərimov bunu anlayaydı ki, öz şəxsi maraqları naminə, ağa qara deməyin, ölkəmizin əleyhinə mətbuatda yazı dərc etdirməyin vaxtı deyil. Qarabağ dərdindən danışmayan partiya sədri demək bu xalqı, bu milləti, bu ölkəni sevmir.