Müxalifət düşərgəsində yeni münaqişə ocağı yarandı
Radikal müxalifət düşərgəsində son günlərin ən səs-küylü olayı kimi qələmə verilən AXCP (i)-Müsavat yaxınlaşmasının artıq bütün çılpaqlıqları aşkara çıxır. Bunun ilk qığılcımı kimi "KAXCP" sədri Mirmahmud Fəttayev ona qarşı olan biganəliyə etiraz əlaməti olaraq Müsavatla əlaqələrini dondurduğunu bildirib. Onun hansı səbəbdən birdən-birə belə qərar verməsinə gəldikdə isə, M.Fəttayev Müsavat partiyasının divanının iyulun 31-ə təyin etdiyi mitinqlə bağlı onlarla məsləhətləşmələr aparmadan qərar verdiyini bildirib. Məhz bununla da, aralarındakı münasibətlərin soyuduğunu əsas gətirən "KAXCP" sədri iyulun 31-də keçiriləcək mitinqlə bağlı bundan sonra onlara edilən müraciətlərə də müsbət cavab verməyəcəklərini bildirib. Eyni zamanda, Müsavat rəhbərliyinin bu cür saymazyana hərəkətini onların AXCP (i) ilə olan yaxınlaşma "siyasətləri" ilə də əlaqəli oldğunu qeyd edən M.Fəttayev mövcud şəraitə uyğun düşünülmüş addım atacaqları qənaətindədir. "Müsavat daxilində olan müəyyən qruplar bizimlə əməkdaşlıqda maraqlı olmadıqlarını dəfələrlə isbat etməyə çalışıblar. Amma o zamanlar qurum rəhbərliyi onların israrlarına bir o qədər də əhəmiyyət vermirdi. Çünki siyasi düşərgədə onların tamamilə tək qalmışdılar. Sonradan isə onların AXCP (i) ilə yaxınlaşması müqabilində guya böyük bir iş görülübmüş kimi addım atılması təbii olaraq bizim maraqlarmızla uzlaşmanı pozmuş olub" - deyən M.Fəttayev Müsavatın AXCP (i) ilə əməkdaşlığına "uğur"lar arzuladığını və işlərinin "avand" olmasını diləyib.
Qeyd edək ki, Müsavat partiyası ilə "KAXCP" arasında mövcud olan "niyyət protokoluna" görə tərəflər aksiyalar və digər tədbirlər keçirərkən bir-birləri ilə qarşılıqla şəkildə məsləhətləşmələr aparmalıdırlar.
M.Fəttayevin bu mövqeyinin əksinə olaraq Müsavat partiyası hələ qabaqda 31 iyul mitinqinin keçirildiyi zamana qədər bir xeyli vaxtlarının olduğunu və bu müddət ərzində "KAXCP" ilə münasibətləri tənzimləməyin mümkün olacağı iddiasındadır. Amma bütün bu israrlara baxmayaraq, əvvəlcədən proqnozlaşdırıldığı kimi, AXCP (i)-Müsavat "yaxınlaşması" digər bir yandan "KAXCP"-nin bu əməkdaşlıqdan uzaq qalması ilə nəticələnmiş oldu. Çünki AXCP (i) və "KAXCP" əzəli rəqiblərdir. Onların bu və ya digər formada birlikdə olması isə mümkün ola məsələ deyil. Sadəcə olaraq, hər iki qurum AXC-nin "şinel"indən çıxsa da, bir-birinə qarşı sərt mövqedə dayanıblar. Belə bir məqamda isə Müsavat başqanının məkrli niyyətinə əsasən iki düşmən partiyanın bir yerə gətirilməsi cəhdləri isə tamam başqa maraqları özündə ehtiva etmiş olur. Çünki İ.Qəmbərov məhz hər iki partiyanı da sıradan çıxararaq, düşərgədə əlinə-ayağına dolaşan hər kəsi aradan götürməyi planlaşdırır. Onun indiki məqamda dırnaqarası aktivlik nümayiş etdirməsi isə xarici havdaraların vermiş olduğu yeni-yeni sərəncamlar əsasında mümkün olur. Məhz yaşının ahıl vaxtında İ.Qəmbərovun ortalığa düşməsi onun şəxsi maraqları müstəvisindən qaynaqlanan bir şeydir.
Yuxarıda səslənən bütün fikirlərə rəğmən onu demək olar ki, düşərgədə yaranmaq üzrə olan yeni birlik və toplumlar digər düşmənçilik ocaqlarının meydana çıxmasını da şərtləndirmiş olur. Çünki radikal müxalifət düşərgəsində qeyri-sağlam mühitin olması məhz buradakı vəziyyətin anormal səviyyədən çıxamamasını təmin edir. Bu baxımdan da, yaxın zamanlarda radikal düşərgədən bir sıra partiyaların tarixin acı arxivinə köçəcəyini müşahidə etmək mümkün olacaq. Düşərgədə olanlar və olacaqlar məhz belə bir vəziyyəti qaçılmaz edir.