PDF Oxu

Müxalifət

  • 9

Müxalifət mitinq ideyasına demokratik don geyindirir

Müxalifət mitinq ideyasına demokratik don geyindirir
Sivil siyasi mübarizə meydanında təcrübə və populyarlığı yüksək olmayan şəxslər mübarizələrinə əlavə effekt vermək və daha geniş sosial bazanın diqqətini özlərinə cəlb etmək, qarşıdan gələn 2010-ci il parlament seçkilərində öz mövcudluqlarını ortaya qoyaraq, xarici havadarlarının sifarişlərini yerinə yetirirlər. Müasir dünyada kütləvi aksiyalar sivil siyasi mübarizə vasitəsi kimi qəbul olunsada Azərbaycanın radikal müxalifət partiyası olan Müsavat və "Demokratiya Uğrunda İttifaq" birlikdə iyulun 31-də mitinq keçirmək barədə qərarı təsadüfi deyil. Hər iki qurum Konstitusiyanın 49-cu maddəsinə və Sərbəst Toplaşmaq haqqında Qanuna əsasən mitinq keçirilməsini hüquqi baxımdan əsaslandırmağa çalışıb. Radikal düşərgədə cərəyan edən hadisələr və müxalifət təmsilçilərinin siyasi baxışlarında kök salan "mitinq ideyası" cəmiyyətin sosial sifarişini özündə ehtiva etmir. Öz siyasətlərinə demokratik don geyindirən Müsavat partiyasının təmsilçiləri kütləvi etiraz aksiyaları və küçə yürüşləri keçirməklə sivil dünyada qəbul olunmuş digər prinsiplərin gerçəkləşməsində sosial sifarişin yox, xarici havadarlarının maraqlarını təmin edir. Bütün sosial bazasından məhrum olan, müxtəlif illərdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində sarsıdıcı məğlubiyyətlərə uğrayan radikal müxalifət siyasi mübarizələrdə uğur qazanmaq imkanları tükəndiyindən xarici havadarlarına bel bağlayır.
Ayrı-ayrı xarici havadarlarının təsiri altına düşən Müsavat Partiyası ilə eyni gündə AXCP (i)-nin 31 iyulda mitinq keçirmək barədə birgə qərarı yayıldı. Lakin bir gün sonra Bakı şəhər İcra Hakimiyyətinə mitinq barədə göndərilən icazə məktubda isə AXCP (i)-nin adının olmaması maraq doğurdu. Müsavatla AXCP (i)-nin birgə mitinq keçirməməsi tərəflər arasında bir sıra problemlərin olduğuna diqqət çəkir. Müsavat funksioneri Arif Hacıyevin "KXCP" ilə AXCP (i)-nin müəyyən problemləri mövcud olduğunu bildirərək, birgə məktub göndərilməməsinin bununla bağlı olduğunu açıqlamışdı. Müxalifət təmsilçilərinin daxili mübarizələrinin açıq-aşkar etiraz aksiyasi formasında təzahür etməsi paradoks yaradır. Bütün bunlar deməyə əsas verir ki, müxalifət təmsilçilərinin seçkiöncəsi müxtəlif vasitələrdən istifadə edərək özlərini "güclü müxalifət" kimi göstərmək istiqamətində siyasi manevrləri də nəticəsiz qaldı.
Seçki öncəsi mühitin kifayət qədər demokratikliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasına baxmayaraq, radikal müxalifət partiyalarının mitinq təşəbbüsü "güclü müxalifət" kimi görünmək istəyən qüvvələrin siyasi maraqlarına hesablanıb. Parlament seçkilərinin qanunvericiliyə uyğun şəkildə aparılması üçün Azərbaycan hökuməti lazımi tədbirlər görməsinə baxmayaraq, radikal müxalifət öz prinsipindən əl çəkmir, seçkilərin indidən qeyri-demokratik keçiriləcəyinə dair əsassız bəyanatlar verir.Siyasi mübarizədə opponentləri çökdürmək və onlara öz şərtlərini diktə etmək üçün etiraz aksiyaları və mitinqlər təşkil etmək müxalifət nümayəndələrinə əvvəllər uğur gətirirdisə, indi həmin addımların effektivlik əmsalı yetərincə azalıb. Qabaqcıl norma və metodlardan qurtulmaq istəməyən radikal müxalifət təmsilçiləri cəmiyyətdə dağıdıcı addımlar atmaqla kütləvi şüurda özünə yer tutmağa çalışırlar. Azərbaycandakı siyasi partiyaların davranışına, mübarizə metodlarına, təbliğatına və səsləndirdikləri siyasi şüarlara nəzər saldıqda, açıq görünür ki, bu düşərgənin gerçək iç üzü küçə siyasəti səviyyəsinə qədər enib.
Hakimiyyətə müxalif dayanan siyasi partiyalar tək Azərbaycanda deyil, dünyanın bütün demokratik ölkələrində mövcuddur. Amma bu partiyalar hakimiyyətə gəlmək üçün sivil qaydada mübarizə yolunu tutmaqla bərabər, ümummilli məsələlərin çözüldüyü, beynəlxalq əhəmiyyət kəsb edən taleyüklü problemlərin ortaya çıxdığı, xarici təhdid təhlükəsi yarandığı və ya dövlətin siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirən hadisələrin baş verdiyi zaman xalqla və onun seçdiyi hakimiyyətlə ən azından həmrəy olur. Radikal müxalifətin bir sosial toplum olaraq siyasət səhnəsindən silinməsinin zərurətini diktə edən amillərdən biri də sosial bazanın, elektoratının düşkün, zəif və marginal olmasıdır. Azərbaycan hakimiyyəti ölkədə demokratiyanın tam bərqərar edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. Demokratik inkişafın göstəriciləri olan müstəqil mətbuatın inkişafına, söz azadlığının qorunmasına, eləcə də, qeyri-hökumət təşkilatlarının normal fəaliyyətinə böyük diqqət yetirilir. Demokratik dəyərlərdən riyakarcasına yararlanmağa cəhd göstərən, sui-istifadə edən radikal müxalifət demokratiyanı yalnız sözdə təsəvvür edir və onun gerçək üzünü mitinqlərə vətəndaş toplamaqda görür. Radikal düşərgədə təmsil olunan, vaxtilə jurnalistə kağız yedirdən hakimiyyət təmsilçilərinin bu gün ölkədə söz azadlığının boğulduğunu iddia etməsi və insanların sərbəst toplaşmaq azadlığına imkan yaradılmadığını bəyan etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Danılmaz faktdır ki, sözdə demokratiyanı, etik mənəvi-əxlaqi dəyərləri təbliğ edən müxalifətin mətbuat orqanları fəaliyyətdə bunun əksini edirlər. Öz yazıları ilə hər an insanların hissiyyatına və heysiyyətinə toxunur, təhqirə, böhtana yol verirlər. Buna görə də ölkə vətəndaşları yalan vədlərə, populist çıxışlara, gurultulu şüarlara, bəyanatlara, mitinq və küçə yürüşlərinə, yalançı demokratların söz demokratiyasına inanmağa məcbur deyil.

Digər xəbərlər