Radikalların çirkin işlərinin ardı-arası kəsilmir. Hər gün yeni-yeni mənasız işlərlə məşğul olurlar. Bu da onların onsuz da olmayan nüfuzlarına daha möhkəm zərbə vurur. Guya birləşmək fikrində olan Müsavat və AXCP (i) partiyalarının rəhbərləri öz partiyadaşlarına yalançı vədlər verməklə, yeni blokun yaradılması xəyallarından danışmaqla yenə də bir-birlərini aldatmaqla məşğul olurlar.
Məlumdur ki, seçki öncəsi Müsavat partiyasının vəziyyəti onsuz da ciddi şəkildə ağırlaşıb. Partiya diz çökərək, ölümcül vəziyyətə düşüb. Partiya başqanı İsa Qəmbərovun sözü partiyanın heç bir üzvü üçün əhəmiyyət kəsb etmir. Son zamanlar Rauf Arifoğlunun AXCP (i) sədri ilə birləşərək İsa "bəy"in quyusunu qazamaqla məşğul olduğu bəlli olmuşdu. Lakin heç vaxt öz mövqeyini, fikirlərini dəqiqləşdirə bilməyən AXCP (i) sədri bu dəfə Müsavat partiyası ilə və xüsusən də İ.Qəmbərovla danışıqlara, müzakirələrə başladığını bildirib. Maraqlısı da budur ki, R.Arifoğlu ilə Ə.Kərimovun ona qarşı birləşdiyini açıq-aşkar hiss edən İsa "bəy" indi "Yurd" şefi ilə hansısa blokda birləşmək fikrinə düşüb. Amma hamıya məlumdur ki, bu insanlar üzdə bir-birlərinə gülüb, arxada ayaqlarının altını qazmaqla məşğul olurlar.
Onlar hansısa böyük blokun yardılmasından danışarkən, buna heç öz partiya üzvləri də inanmırlar. Çünki hamı kimi özləri də şahid olublar ki, nə AXCP (i), nə Müsavat, nə "DUİ", nə də başqa müxalifətçi partiyalar heç vaxt birləşmək arzusunda, niyyətində olmayıblar. Bu günlərdə isə İ.Qəmbərovun "Biz AXCP (i) ilə birləşəcəyik və blok şəklində seçkilərə qatılacayıq" deməsində isə böyük bir yalan özünü göstərir. Hətta Müsavat başqanı bu fikirləri səsləndirəndə üzündəki cizgilərdən açıq-aydın hiss olunurdu ki, o, böyük yalanlar danışmaqla məşğuldur. Kinayəli səslə belə fikirləri öz partiyadaşlarına və Ə.Kərimovun üzünə deməsi onların nə dərəcədə "səmimi" olmasını bir daha sübut etdi.
Müxtəlif zamanlarda müxalifət düşərgəsində bir neçə bloklar, birliklər yaransa da çox tez bir zamanda bu bloklar dağıldı. Müxalifətçilərin bir-birlərinə qarşı olan nifrətləri, qəzəbləri onların uzun müddət birlikdə fəaliyyət göstərməsinin qarşısını alıb, iş proseslərinə ciddi zərbələr vuraraq, onların aralarında olan qalmaqalları xeyli dərinləşdirdi. Bu günlərdə "Azadlıq" blokunun biabırcasına dağılmasının, fəaliyyətinə faciəvi şəkildə xitam verilməsinin şahidi olduq. Onsuz da bəlli idi ki, "Azadlıq" bloku heç bir işlə məşğul olmurdu. Bu blokun təmsilçilərinin yeganə bir şakərləri var idi ki, bir-birlərinin əleyhinə mübarizə aparsınlar, bir-birlərini təhqir və tənqid etsinlər. Onlar heç vaxt bu blokun fəaliyyəti haqda düşünməyiblər və elə buna görə də bu istiqamətdə addımlar atmayıblar. Son isə bəlli idi və çökmüş "Azadlıq" bloku biabırcasına dağıldı.
Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, seçkilərdə öncədən özlərinin məğlub olacaqlarını bilən və bunu qəbul etməkdə çətinlik çəkən müxalifət partiyaları - istər Müsavat, istər AXCP (i), istər ALP, istərsə də digər partiyalar seçki öncəsi müxtəlif yalançı məlumatlar yaymaqla, insanları iğtişaşlara sövq etməklə məşğuldurlar. Xüsusən də Müsavat partiyasının başqanı İ.Qəmbərov və AXCP (i) sədri Ə. Kərimov xarici qrantlar alıb bəzi bölgələrdə iğtişaşlar yaratmağa cəhd göstərirlər. Hətta son günlərdə də paytaxtda keçirilən icazəsiz mitinqlər bir daha bunu təsdiq etdi ki, bu insanlar qanunsuz, icazəsiz mitinqlər keçirməklə iğtişaşlar yaratmağa cəhd göstərirlər. Məhz bunları nəzərə alıb söyləmək olar ki, aldıqları çirkli pullarla əvvəllər icazəsiz mitinqləri ayrı-ayrı təşkil edən Müsavat və AXCP (i) partiyalarının rəhbərləri, bu dəfəki birləşmə istəkləri ilə bu mitinqləri, yəni icazəsiz, qanunsuz aksiyaları birlikdə təşkil etmək fikrinə düşüblər. Bununla da aydın olur ki, İsa və Əli "bəy"lərin iş birliyi cinayətlər, iğtişaşlar, qanunsuzluqlar üzərində qurulub və bu yolda yeni-yeni planlar cızırlar.
Unutmaq olmaz ki, həm Müsavat və həm də AXCP (i) müxalifət düşərgəsinin birliyində heç vaxt maraqlı olmayıblar. Necə ola bilər ki, uzun illərdir müxalifət düşərgəsində blokların, birliklərin yaranmasına ciddi-cəhdlə mane olmağa çalışan İsa "bəy" və "Yurd" şefi indi hansısa birlikdən danışsın və ya birləşsin? Onların bu fikirləri hər kəsdə sadəcə gülüş doğurur.
Onu da qeyd edək ki, ölkəmizdə keçirilən bütün seçkilərdən öncə müxalifət cəbhəsində dəhşətli faciələr baş verir. Məlumdur ki, müxalifətin faciəli həyatı onsuz da ilin bütün dövrlərində davam edir. Lakin bu faciələrin pik nöqtəsi seçki öncəsi yaşanır. Şübhəsiz ki, radikal müxalifət cəbhəsində gedən mənfi proseslərin müxtəlif səbəbləri var. Həm onların aralarında olan münaqişələr, həm birliyin olmaması, həm bir-birlərinə qarşı olan nifrətləri, kinləri, atmacaları və digər məsələlər bu cəbhədə faciə yaradan səbəblərə daxildir.
Sonda onu qeyd edək ki, öz partiyasının aylarla qurultayını keçirə bilməyən, müxalifət düşərgəsində nüfuzunu itirən, siyasi səriştəyə qətiyyən malik olmayan Ə.Kərimovla radikal düşərgənin üz qarası hesab edilən, öz əməlləri ilə müxalifət düşərgəsinin birliyinə mane olan İ.Qəmbərov heç vaxt birləşə bilməz. Çünki onların daxilində bir-birlərinə qarşı çox böyük nifrət var. Məhz bu nifrətin nəticəsidir ki, illər boyu özlərinə quyu qazmaqla məşğuldurlar. Hələ bundan sonra da neçə-neçə quyular qazacaqlar. Quyunuz dərin olsun, "bəy"lər! Qazıntı işlərində bir-birinizə kömək etməkdən çəkinməyən! Axı siz üzdə gülüb, arxada bir-birinizin əleyhinə işlər görən insanlarsınız.