Müxalifətdə yeni birlik və yeni dağılma prosesi
Müxalifət düşərgəsindən gedən son proseslər cəmiyyətdə və siyasi dairələrdə birmənalı qarşılanmayıb. Belə ki, AXCP (i) ilə Müsavat partiyalarının ittifaq yaratması və nəticədə "Azadlıq" blokunun dağılması digər partiyaları qəzəbləndirib. Siyasi müşahidəçilər və ictimai təşkilatlar da bu məsələyə öz münasibətlərini bildiriblər. Cəmiyyətdə bu məsələyə olan münasibəti ümumiləşdirsək, o zaman ortaya belə bir mənzərə çıxar- bu ittifaq xaricdən verilmiş sifariş əsasında reallaşır və müxalifətdəki digər partiyaları sıradan çıxarmağa hesablanıb.
"Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşməsi ideyası xaricdən verilmiş sifarişin icrasıdır. Seçki kampaniyasında bu kampaniyaya cəlb olunan siyasi təşkilatların dəstək mənbəyi xalqdır, seçicilərdir. Bundan kənar hər hansı bir dəstəyə ümid bəsləyənin uğur qazanacağı mümkünsüzdür". SİA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra Katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, bu vaxta qədər həmin partiyalar arasında dəfələrlə birlik yaradılıb və hər dəfə bu proses iflasa uğrayıb. O, bu dəfə də yaranacaq birliyin iflas edəcəyini vurğulayıb: "Bizim üçün bu partiyaların birləşməsi hər hansı təhlükə mənbəyi yarada bilməz. Nəinki onlar, onlara birləşməyənlər də belə o birliyə qoşulsalar da, onlar YAP-a təhlükə yaratmaq iqtidarında deyil. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısına çıxacaq rəqib mövcud deyil.
Son vaxtlar müxalifət daxilində baş verən proseslər müxalifətin onsuz da zəif olan gücünü daha da azaldıb. Onların daxilindəki rəqabət müxalifət daxilində seçki əhval-ruhiyyəsindən daha çox daxili münasibətlərin müəyyənləşdirilməsi ab-havasının olduğundan xəbər verir. Onlar daxili çəkişmələrlə müxalifət daxilində nüfuz mübarizəsi aparırlar. Qoy onlar bununla məşğul olsunlar. Amma biz YAP olaraq seçkilərlə məşğuluq".
"AXCP"-Müsavat-"KXCP" ittifaqından xalqa heç bir xeyir gəlməyəcək. Tez-tez işlədilən "AXCP"-Müsavat birliyi sosial sifarişdir" fikrinin də heç bir əsası yoxdur. Bu təşkilatlar imitasiya ilə məşğul olublar, indi də məşğul olurlar".
Bu fikri isə "AİDP" sədri Tahir Abbaslı bildirib. Onun sözlərinə görə, belə blokları, ittifaqları xalqın istəyi deyil seçkidən-seçkiyə alınan qrantlar yaradıb: "Səfirliklərdə hazırlanan bu planların arxasında maddi nöqteyi-nəzərdən silmə və qazanma əməkdaşlığı durur".
"AİDP" sədri deyir ki, adları çəkilən "müttəfiqlər" ayrı-ayrılıqda dostlarından müəyyən dövr istifadə edərək, varlıqlarını indiyə kimi qoruyub saxlasalar da, sonda düşmən kimi vidalaşmalı olublar: "Demokratiya "bani"ləri belə təcürbələrin və məşqlərin ictimayyət üçün nə dərəcədə zərərli olduğunu anlamırlar. İstər AXCP (i), istərsə də Müsavat fəaliyyət göstərdikləri bütün dövrlərdə ortalığa etimadsızlıq, təkəbbür, nadanlıq və cəhalət qoyublar. Hesab edirəm ki, bu partiyaların müxalifət adı ilə kef etmələri yolverilməzdir".
T.Abbaslının sözlərinə görə, Ə.Kərimov və İ.Qəmbərov dəfələrlə yaradılan blokların Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dönüş yaradacağını vəd versələr də, sonda heç bir nəticəsi olmayıb: "Dəfələrlə bu şəxslər evcik-evcik oynayan uşaqlar kimi qurduqları blokları ayaqlayıb aradan çıxıblar".
Müxalif düşərgədə baş verənlərə ictimai təşkilatların da mövqeyi birmənalıdır. "Tolerant" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğluna görə, Müsavatla AXCP (i)-nin yaratdığı seçkiqabağı bloklar adətən gurultulu və qarşılıqlı ittihamlarla dağılıb. Buna görə də iki partiyanın birləşmə ehtimalı absurd görünür. Onun sözlərinə görə, müxalifət sadəcə düşdüyü durumdan çıxış yolu axtarır. Bəlkə də Qərb dairələri bu ideyaya siyasi və maddi dəstək verərsə, nəticə olar. Əslində, müxalifətin birləşmə ideyası tək cəmiyyətdən yox, həm də Qərbdən gəlir:
"Təbii ki, müxalif düşərgədə əsas qüvvə AXCP (i) ilə Müsavatdır. İsa Qəmbərov bu parlament seçkilərindən sonra partiya başqanlığından gedir. Təbii ki, o, siyasətdən getmək fikrində deyil. Amma ikinci-üçüncü postda da olmaq fikrində deyil".
Azər Rəşidoğlunun sözlərinə görə, hətta birləşmə reallaşarsa belə, ortaya xeyli suallar çıxacaq. Məsələn, AXCP (i)-dəki vəzifə sahiblərinə hansı postlar çatacaq? Və ya Əli Kərimov yetərincə avtoritar idarəçiliyə meyilli siyasətçidir, o, Müsavatda vaxtilə ona qarşı çıxanlarla eyni partiyada olmağa, onların tənqidlərinə tab gətirə biləcəkmi? Azər Rəşidoğluna görə, Əli Kərimovda bu keyfiyyətlər olsaydı, vaxtilə AXCP-ni bölünməyə qoymazdı. Onun ambisiyaları fərqli düşüncəli insanların lideri olmasına imkan vermir".
Azər Rəşidoğlu başqa məqama da diqqət çəkir ki, Müsavatda da xeyli vaxtdır başqan olmağa çalışanlar var. Ona görə də Əli Kərimovun birinci olmasına qarşı çıxacaqlar: "Bundan başqa, prezidentliyə namizəd məsələsində ortaq məxrəcə gəlmək çox çətin olacaq. Ona görə də iki partiyanın birləşməsini, hansısa uğurlara imza atacağını düşünmürəm. Hətta Qərb buna hər hansı formada dəstək versə də...".
Göründüyü kimi, son illərdə bir-birini təhqir etməklə, qarşılıqlı ağır ittihamlar yağdırmaqla və cəmiyyətdə rəqibini gözdən salmağa çalışmaqla məşğul olanlar birləşmək ideyalarını ortaya ataraq özlərinə yeni imic yaratmağa çalışırlar. Lakin cəmiyyətdə artıq müxalifətə inam tamamilə itib və hər seçkidə bunun bariz nümunəsinin müşahidə edirik. Şübhə yoxdur ki, növbəti seçkilərdə də eyni mənzərə müşahidə olunacaq.