Mehriban düşmənlərin saxta dostluğu
AXCP (i)-nin qarşıdan gələn parlament seçkilərində Müsavat partiyası ilə birgə seçki blokunda iştirak etmək barədə qərarı siyasət gündəmini dəyişdi. İlin əvvəlindən müttəfiqlərinə sadiq qalacaqlarını bəyan edən AXCP (i)-nin belə bir addım atması müttəfiqləri üçün "soyuq duş" oldu. "Azadlıq" blokundakı digər partiyalar (ALP və "VİP") artıq oyundankənar vəziyyətə düşdülər.
"Biz Ali Məclisin Rəyasət Heyətində bu məsələni müzakirə etdik və Müsavatla seçki bloku formasında fəaliyyət göstərməyin mümkünlüyü ilə bağlı qərar qəbul etdik". Bu barədə AXCP (i) sədrinin müavini Nurəddin Məmmədli bildirib. Onun sözlərinə görə, artıq hər iki partiyadan nümayəndələr ayrılıb, bu istiqamətdə danışıqlar davam etdirilir: "Biz hesab edirik ki, ən azı seçki bloku formasında fəaliyyət göstərmək imkanları kifayət qədər realdır. Hər şeydən öncə, seçkiyə vahid namizədlə qatılmaq ideyası çox aktualdır, çünki elektoratın parçalanmaması baxımından bu addım mütləq atılmalıdır. Digər tərəfdən, belə bir əməkdaşlığa böyük bir sosial sifariş var. Biz hesab edirik ki, bu sifarişi nəzərə alaraq, seçki ərəfəsi mərhələdə əməkdaşlıq imkanlarını genişləndirək".
Azərbaycan Liberal Partiyanın lideri Lalə Hacıyeva Müstəqil İnformasiya Agentliyinə müsahibəsində son hadisə ilə bağlı fikirlərini bildirib. Xanım siyasətçi qeyd edib ki, bu, onun üçün o qədər də gözlənilməz olmayıb: "Son altı ay ərzində həm "Azadlıq" qəzetinin yazarlarının bəziləri, həm AXCP (i) funksionerlərinin əksəriyyəti AXCP (i) - Müsavat birliyi təşviqatını aparırdılar. Bütün bunların hamısı görünən məsələ idi.
Əgər AXCP (i) Müsavatla birləşmək istəyirsə, avtomatik olaraq, "Azadlıq" blokuna xitam veriləcək. Ona görə ki, Liberal Partiya heç bir vəchlə Müsavatla hansısa əməkdaşlığa, yaxud birliyə gedəsi deyil. Çünki Müsavat bütün körpüləri yandırıb. Mən bu qərarı gözləyirdim. Hər halda, mən bunu mətbuatdan oxumaq istəmirdim".
Bu qərarın "Azadlıq" blokunun parçalanması kimi də dəyərləndiriləcəyi ilə bağlı suala Lalə xanım "Mən "Azadlıq" blokunda yaşca böyük olduğuma görə, məsuliyyəti öz üzərimə götürüb, demişəm ki, əgər AXCP (i) Müsavatla birləşsə, "Azadlıq" blokuna avtomatik olaraq xitam verilir. Artıq bu barədə qərar var, ona görə də, bu gündən "Azadlıq" blokunun fəaliyyətinə xitam verilir"-deyə cavab verib.
ALP sədri Müsavatın "bostanına daş atmağı" da unutmayıb: "Mən demişdim ki, demokratiya uğrunda mübarizəni bütün demokratlar bir yerdə aparmalıdırlar. Ondan sonra Müsavat mənə qarşı çox çirkli qara piar kampaniyası apardı. Yəni, bunu qəbul etmədilər. Görünür, kiminsə marağında deyil. Ona görə də, biz belə pərakəndə şəkildə seçkilərə gedirik. Mən bunu yaxşı hal hesab etmirəm. Müxalifət iqtidara, müxalifət müxalifətə düşmən kimi baxanda, artıq demokratiya olmur. Ona görə də, biz yaxşı olmayan bir durumdayıq".
Qeyd edək ki, AXCP (i)-nin qarşıdan gələn parlament seçkilərində Müsavatla birgə iştirak barədə qərarının müxalif düşərgədə yaratdığı ajiotaj davam edir. Xüsusilə də, Müsavat-ALP savaşı qızışmaqdadır. Müsavat partiyasının başqanı İsa Qəmbərovun "heç kim AXCP (i)-yə ayaqbağı olmayacaq" deməsi isə "Azadlıq" blokundakı digər partiyaları hiddətləndirib.
ALP sədr əvəzi Əvəz Temirxan İ.Qəmbərova cavab olaraq, bildirib ki, Müsavat başqanının belə bir fikir işlətməsinə haqqı çatmır: "Mübarizə üçün İsa Qəmbərovda nə cəsarət var, nə də ki, əl-ayaq. İsa Qəmbərovun əli hədəfi satmaq, ayağı meydandan qaçmaq üçündür. AXCP (i) kimi 50 partiya ilə də seçkiyə birgə getsə, İsa Qəmbərovun mübarizə əzmi güclənməyəcək".
Ümumiyyətlə, yaxın tariximiz göstərir ki, yeni "müttəfiqlər" ayrı-ayrılıqda dostlarından müəyyən dövr istifadə edərək, varlıqlarını indiyə kimi qoruyub saxlasalar da, sonda düşmən kimi vidalaşmalı olublar. Pensiyaçı müxalifət liderləri belə təcürbələrin və məşqlərin ictimaiyyət üçün nə dərəcədə zərərli olduğunu anlamırlar. İstər AXCP (i), istərsə də, Müsavat fəaliyyət göstərdikləri bütün dövrlərdə ortalığa etimadsızlıq, ambisioz fəaliyyət, korporativ maraqlar qoyublar.
Ə.Kərimov və İ.Qəmbərov dəfələrlə yaradılan blokların Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dönüş yaradacağını vəd versələr də, sonda heç bir nəticəsi olmayıb. Dəfələrlə bu şəxslər qurduqları blokları ayaqlayıb aradan çıxıblar. Hazırkı durum da göstərir ki, bu partiyalar hətta seçkiyədək bir yerdə olsalar belə, seçkidən sonra yolları ayrılacaq.
Çünki parlament seçkilərinin ardından prezident seçkiləri gəlir. Burada isə, Əli Kərimov və İsa Qəmbərov bir-birinə güzəştə getməyəcək. Necə deyərlər, "iki qoçun başı bir qazanda qaynamaz". Prezident seçkilərində uzağı 1-2 fazi səs toplayacaqlarını bilsələr də, əsas məqsəd müxalifətdə özlərinin 1-ci lider olduğunu göstərmək istəyəcəklər.
Müxalifətdə xarici qrantlar isə, adətən, ən güclü qüvvəyə verilir. Özlərinə müxalifətdə ömürlük vəzifə təmin etmiş bu adamlar isə, bu imkandan mərhum olmaq istəməzlər, təbii ki. O səbəbdən də, AXCP (i)-Müsavat "dostluğu" cəmi 4-5 ay sürəcək.
O ki qaldı, digər partiyalara, onlar da yəqin ki, öz aralarında birləşib, müxalifət düşərgəsini zəbt edən veteranlara qarşı mübarizə aparacaqlar. Nəticədə, müxalif düşərgənin onsuz da çox az olan elektoratı parçalanacaq. Bu isə, seçkidə iştirak edəcək müxalifət bloklarının hərəsinin bir neçə faiz səs yığmasına gətirib çıxaracaq.