"Azadlıq" bloku darmadağın oldu
Dağılmaq, parçalanmaq, məhv olmaq, bölünmək sözləri müxalifət düşərgəsinin ən əziz sözlərindəndir. Çünki bu düşərgədə baş verən son hadisələr belə sözlərin və əməllərin parlamasına təkan verdi. Müsavat başqanı İsa Qəmbərov "Azadlıq" blokundakı "dostlar"nın arasına bomba atmağa nail oldu. Belə ki, o, çoxdan çalışırdı ki, bu blok dağılsın.
Parlament seçkiləri öncəsi AXCP (i) sədri Əli Kərimovla İ.Qəmbərov arasında aparılan danışıqlar "MBH" lideri Lalə Hacıyevanı, "VİP" sədri Əli Əliyevi, ALP-nin sədr əvəzi Əvəz Temirxanı çox ciddi narahat etdi. Bu narahatçılığın nəticəsində isə onların təmsil olunduğu "Azadlıq" blokunun dağılması baş verdi. Baş vermiş bu hadisə isə seçki öncəsi müxalifət düşərgəsinə daha bir zərbə vurdu. Onlar hər zaman olduğu kimi yenə də özləri öz əlləri ilə bir-birlərinə ağır zərbələr vururlar. L.Hacıyevanın İsa "bəy"lə yaranmış çoxdankı mübarizələri son hadisələrdən sonra daha qabarıq şəkil aldı. Bununla da, L.Hacıyeva Müsavatla olan bütün münasibətlərə birdəfəlik son qoyulduğunu bəyan edərək, İ. Qəmbərova qarşı olan nifrətini açıq şəkildə bildirdi. L.Hacıyeva Ə.Kərimova da hədə-qorxu gələrək, bildirib ki, onun Müsavat partiyasının rəhbərliyi ilə danışıqlar aparması AXCP (i) üçün baha başa gələcək. Yaranmış bu kritik vəziyyət zamanı digər radikal "bəy"lər də özlərini reklam etmək məqsədi ilə təcili olaraq sərt fikirlər bildirməklə məşğul olurlar. Belə ki, "Yurd" şefi Ə.Kərimovun Müsavatla danışıqlar aparmasının qəti əleyhinə olduğunu bildirən Ə.Əliyev AXCP (i) sədrini "Azadlıq" blokuna xəyanət etməkdə suçladı. Bu insanlar bir məsələni anlamalıdırlar ki, onsuz da onlar hər zaman bir-birlərinə xəyanət etməklə məşğuldurlar. Bu adət onların müqəddəs peşələrinə çevrilib.
"Azadlıq" blokunun fəaliyyətinə xitam verilməsi İsa "bəy"i çox sevindirsə də, o bilməlidir ki, AXCP (i) ilə birləşmək niyyəti ilə bağlı apardığı danışıqların ömrü uzun çəkməyəcək. Çünki onlar birləşə və birlikdə hansısa blok şəklində seçkilərə qatıla bilməyəcəklər. Bir məsələnidə qeyd edək ki, ALP-nin sədr əvəzi Ə.Temirxan da Müsavatla AXCP (i) arasındakı danışıqlardan narahat olduğunu dilə gətirdi və bildirdi ki, Müsavat partiyası ilə hər hansı danışıqlara getmək partiyalara ləkə gətirir. Ə.Temirxan da İ.Qəmbərova olan nifrətini gizlətməyərək, bu barədə açıq danışdı. O ki qaldı "Yurd" şefinin Müsavatla apardığı danışıqlara, bildirmək lazımdır ki, bu danışıqlar heç bir fayda verməyəcək.
Göründüyü kimi, "Azadlıq" bloku faciəvi şəkildə dağıldı. Bu blokun yaranması da faciəvi şəkildə baş vermişdi. Çünki blok daxilində təmsil olunan partiyalar və onların rəhbərləri bir-birlərinə kəskin şəkildə düşmən olublar, indi də düşməndilər və gələcəkdə də düşmən olacaqlar. Radikalların "Azadlıq" blokuna belə ciddi şəkildə təpik vurması, bir daha onu sübut edir ki, onlar heç vaxt öz daxillərində özlərinə, partiyalarına, bloklarına hörmətlə yanaşmayıblar. Həqiqətən də, bu blokun dağılması zamanı bir çox biabırçılıqların şahidi olduq. "Azadlıq" blokunun qalmaqallı günlərinin xitamı onun dağılması ilə nəticələndi. Onsuz da bu blok heç bir fəaliyyət göstərmirdi. "Azadlıq" bloku yarasız, heç bir işlə məşğul olmayan, yalan vədlər verən, siyasi səriştəyə qətiyyən malik olmayan insanların toplandığı, təmsil olunduğu bir blok idi. Belə blokların isə uzun müddət yaşaması, fəaliyyət göstərməsi əsla mümkün deyil.