PDF Oxu

Müxalifət

  • 24

Radikallar xarici havadarlarının da gözündən düşüb

Radikallar xarici havadarlarının da gözündən düşüb

ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı müxalifət partiya rəhbərləri ilə görüşməməsi radikal müxalifət tərəfindən ciddi narahatlıqla qarşılanıb. H.Klintonun Azərbaycana səfərə gəlməsinə qədər düşərgə yetkililəri onlar üçün bu görüşün önəmindən dəm vururdular.Əslində isə, ABŞ rəsmisi Azərbaycan müxalifətinin nəyə qadir olduğunu nəzərə alaraq onlarla görüşün əhəmiyyətsiz olduğunu qətiləşdirərək belə bir addımın lüzumsuz olduğunu nümayiş etdirdi
. H.Klintonun səfərinə "böyük" həvəslə yanaşan müxalifətin məyusluğu açıq şəkildə sezilməkdədir. Həmsöhbət olduğumuz siyasi icmalçılar da, müxalifətlə görüşə H.Klintonun razılıq verməməsini müxtəlif rakurslardan təhlil ediblər.

"Azərbaycan müxalifəti bu gün ölkədəki siyasi proseslərə ciddi təsir etmək imkanlarına malik deyil"

"Demokratik Sol" partiyasının sədri Elşən Manafov:
- ABŞ-ın dövlət katibi Hallari Klintonun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə və xarici işlər naziri ilə bir sıra vacib görüşlər keçirib. Bu görüşlərin tərəflərini müxtəlif rakurslardan təhlil edən ekspertlər bir çox məqamları analiz ediblər. Bu görüşlərin əsas məğzi isə ondan ibarətdir ki, hazırda ABŞ-ın Rusiya ilə münasibətləri çox normaldır və bu münasibətlər intensiv yolla inkişaf etdirilir. Çünki ABŞ artıq postsovet məkanında cərəyan edən hadisələrə, Gürcüstan istisna olmaqla, hələ ki, ciddi şəkildə fəal müdaxilə etməyə və status kvonu dəyişdirməyə çalışmır. İkinci bir məqam isə, ondan ibarətdir ki, bu səfər zamanı ABŞ Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-ya verdiyi dəstəyə çox böyük əhəmiyyət verdiyini açıq şəkildə bildirdi. Ona görə də, Azərbaycan Prezidentinə ABŞ rəsmisi bu addıma görə öz minnətdarlığını bildirdi. Məhz bu addımlar da, onu göstərir ki, Azərbaycan özünün geostrateji və strateji əhəmiyyəti ilə bölgənin ən vacib dövlətlərindən biridir. Təbii ki, bu baxımdan, Azərbaycan ABŞ-ın strateji müttəfiqi sayılır. Azərbaycan müxalifətinin bu səfərlə bağlı ümidlərinin özünü doğrultmamasına gəldikdə isə, bunun izahata heç bir ehtiyacı yoxdur. Amma bu addıma qədər ABŞ-ın dövlət katibi Gürcüstana səfəri zamanı, orada gürcü müxalifətinin, Rusiya meyilli hissəsi istisna olmaqla, digər nümayəndələri ilə çox ciddi təmasda oldu və açıq müzakirələr apardı. Yəni, Gürcüstandan fərqli olaraq, ABŞ-ın Azərbaycan müxalifətinin "lider"lərilə görüşə səy göstərməməsi də bir çox səbəblərlə izah oluna bilər. İlk növbədə, Azərbaycan müxalifəti bu gün Gürcüstan müxalifətindən fərqli olaraq, ölkədəki siyasi proseslərə ciddi təsir etmək imkanlarına malik deyil. Çünki o özünün elektoral dairəsi ilə əlaqələrini artıq əvvəlki illərlə müqayisədə yetərincə itirib. Ona görə də, radikal müxalifətin müəyyən proseslərə təsir imkanları yetərincə məhdudlaşıb. Bu baxımdan, təbii ki, belə bir müxalifət artıq ABŞ-ın da müəyyən qurumlarının maraq dairəsində olan müxalifət kimi və Azərbaycan hakimiyyətinə ciddi müxalif qüvvə kimi dəyərləndirilə bilməz. Ona görə də, bu müxalifətin ölkədəki demokratiya, insan hüquq və azadlıqları ilə bağlı məsələlərə də, necə və hansı kontekstdə töhfə verə biləcəyi ilə bağlı suallar da ciddi şübhə doğurmaqdadır. Təbii olaraq, Azərbaycanda müxalifətin həm simalarının, həm onların təmsil etdikləri partiyaların siyasi kurslarının dəyişməsinə və bu kursun zamanın reallıqlarına və Azərbaycandakı siyasi həyatın reallıqlarına uyğun müstəvi üzərinə gətirilməsinə çox ciddi ehtiyac var. Əgər ABŞ-ın dövlət katibi bu səfər zamanı Azərbaycan müxalifətinin ilk baxışda üzdə olan "lider"ləri ilə görüşün keçirilməsinə heç bir ehtiyac duymadısa, bu, ABŞ-ın Azərbaycan dövlətinə, iqtidarına olan inamından, etimadından irəli gəlir. Ermənistan və Türkiyə arasında müəyyən gərginliklərin yaşandığı dövrdə də, istər ABŞ müdafiə nazirinin və dövlət katibinin səfərləri göstərdi ki, Azərbaycan elə bir dövlətdir ki, onunla təzyiq və təpki dilində danışmaq olmaz. Çünki Azərbaycan dövlətinin və iqtidarının özünün müəyyən etdiyi siyasi kurs var. ABŞ dövlət katibinin səfəri də də Azərbaycanın məhz belə bir mövqeyini növbəti dəfə nümayiş etdirməsi baxımından, maraqlı oldu.

"Müxalifətin mitinq və aksiyalar təşkil etməsi öz varlığını hiss etdirməkdən başqa heç nəyə əsaslanmır"

ASDP-nin həmsədri Araz Əlizadə:
- ABŞ-ın dövlət katibi Hillari Klinton dövlət müdafiəçisi və yaxud hər hansı parlament nümayəndəsi deyil. H.Klinton rəsmi vəzifə tutan, çəkisinə görə, ABŞ-da ikinci, müvafiq pillələrə görə isə, beşinci şəxs hesab olunur. Ona görə də, onun Azərbaycana səfəri zamanı hansısa bir müxalifət qrupu ilə görüşməsi rəsmi səfər proqramına daxil oluna bilməz. Əgər hər hansı bir beynəlxalq təşkilatdan, Avropa Birliyindən, Avropa Şurasından nümayəndə ölkəmizə müxalifətlə görüşürsə, bu, həmin şəxsin diplomatiyadan, diplomatik etiketdən uzaq olduğunu göstərir. Müxalifət nümayəndələrinin mitinq və ya aksiyalar təşkil edib, həmin şəxslərə özlərini göstərməsinə gəldikdə isə, bu addım onların öz varlıqlarını hiss etdirməkdən başqa heç nəyə əsalanmır.

"Azərbaycanın apardığı xarici siyasət ABŞ-ı demokratik oyun qaydalarına əməl etmək məcburiyyətində qoymuş olub"

Politoloq Cümşüd Nuriyev:

- Qeyd edim ki, ABŞ Azərbaycandan siyasi cəhətdən istədiklərini indiyə qədər müxalifətin əli ilə qoparmağa çalışırdı. Azərbaycan iqtidarı isə bütün bunlara qarşı kifayət qədər ağıllı şəkildə mübarizə aparırdı. Eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin apardığı xarici siyasət ABŞ-ı bu sahədə "tərksilah" etmiş oldu. Beləliklə də, ABŞ Azərbaycanda olan müəyyən maraqlarını təmin etmək üçün istədiyini artıq müxalifətin əli ilə yox, birbaşa iqtidardan istəmək məcburiyyətində qaldı. H.Klintonun müxalifətlə görüş keçirməməsinin birinci səbəbi məhz bununla izah oluna bilər. İkinci səbəb isə ABŞ-ın Azərbaycanla bağlı taktikasını dəyişdirmək məcburiyyətində qalması ilə izah oluna bilər. Çünki Azərbaycanın apardığı xarici siyasət ABŞ-ı demokratik oyun qaydalarına əməl etmək məcburiyyətində qoymuş olub. Bunun da, başlıca səbəbi onunla izah oluna bilər ki, Azərbaycanda keçirilmiş olan seçkilərdə heç bir problem mövcud olmayıb. Ölkəmizdə istər prezident, bələdiyyə və parlament seçkilərində demokratik prinsiplər əsas götürülüb.
Onu da qeyd edim ki, iqtisadi inkişafla demokratiya eyni templə addımlayan məhfumlardır. Azərbaycan da məhz dünyada iqtisadi tempinə görə liderlik edən bir ölkədir. Demokratik institutların Azərbaycanda təşəkkül tapması ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərən amillər sırasındadır.

Digər xəbərlər