Köhnə cəbhəçilərin yeni ədavəti
Hər şeydən əlləri üzülən radikal müxalifət indi də köhnə ədavəti ortaya atıb. Daha dəqiq desək, müxalifət düşərgəsində kök atmış problemlərdən biri olan keçmiş cəbhəçilərin intriqasıdır. Onlar mərhum AXC lideri Əbülfəz Elçibəyin vəfatından sonra, demək olar ki, qanlı-bıçaq olublar.
Bu gün də, bu ədavət bitmək bilmir. Elə bu yaxınlarda mərhum Ə.Elçibəyin ölüm günü ərəfəsi yenidən keçmiş AXC-nin bərpa edilməsi məsələsini ortaya ataraq bildiriblər ki, bu məsələ, nəyin bahasına olursa-olsun, həll olunmalıdır. AXCP (i)-dən verilən məlumata görə, belə bir problem yaşanmaqdadır: "Bu problemin ortaya atılması köhnələrin ədavətinə yeni rəng qatıb. AXCP (i) sədri ilə "KAXCP" sədri daima bir-birinə qarşı əks-mövqedə dayanıb və bu gün də istənilən məqamda rəqib olduqlarını bildirirlər. Seçkiərəfəsi belə bir məsələni ortaya atmaqla, görünür, özlərini qarşıdakı məğlubiyyətdən sığortalamaq istəyirlər. Ancaq istər şəhər, istərsə də rayon təşkilatlarının funksionerləri hər şeyi yaxşı dərk edirlər. Bilirlər ki, bu seçkidə də müxalifət uğursuzluğa düçar olacaq. Yenidən, necə deyərlər, "köhnə dəyirmana yeni qulp qoymaq istəyi" mənasızdır. Bir də artıq kimsə onların yolunu kəsmir ki... Bu intriqaya son qoysalar yaxşı olar. Çünki artıq müxalifətin özü-özünün daxilində olan problemlərdən yaxa qurtara bilmir. Ona görə də, hər hansı formada müxalifət düşərgəsində mövcud olan problem elə özbaşına da həllini tapır. Kimsənin nə imkanı və də gücü qalıb ki, müxalifət düşərgəsində ümumi mənzərəyə nəzarət edə bilsin".
Mənbənin verdiyi məlumata görə, bir müddət "MBH" lideri Lalə Hacıyeva bu missiyanı üzərinə götürərək, müəyyən mənada, sakitlik yaratmağa çalışırdı. Amma sonradan onun bu işdə sözünü eşidənlərin sayı azaldıqca şərti hökmranlığı da bitdi. İndi tamamilə başlı-başına qalan müxalifətdən heç kim nəsə ummur. Digər tərfədən isə, artıq buradan umulası bir şey qalmayıb. Onlar bir-biriləri ilə yola getmirlər, o ki qaldı yol göstərsinlər. Bu baxımdan, tam iflic olmuş müxalifət düşərgəsində yeni intriqalar yaratmaqla nəsə görüntü əldə etməyin yolları düşünülüb seçilir. Guya keçmiş AXC-nin birləşdirilməsi və digər siyasi partiyaların da bu birliyə dəvət olunmaları köhnə ssenarinin yeni görüntüləri idi. Sadəcə olaraq, burada itirən tərəf yenə də köhnə cəbhəçilər oldular. Çünki "klassiklər"lə "islahatçılar"ın qarşı-qarşıya dayanmaları onlar üçün yaxşı heç nə vəd etmir. Əksinə, bütün güc və imkanlar münaqişəyə sərf edilir. Beləliklə də, partiya üçün ən arzuolunmaz vəziyyət meydana çıxır. Amma bütün bunlara rəğmən M.Fəttayevlə Ə.Kərimov nədənsə bir-birinin adını eşidəndə, qulaq bururlar. Yenicə təzələnmiş məzhəb davalarına isti nəfəs verməyə çalışan cəbhəçilər sonluğun nə ilə bitəcəyinə də əmin deyillər. Ona görə də, proseslərin gedişində, həmişə olduğu kimi, yenə də, müxalifətin ümumi maraqları naminə atılmış oyunlarda kimlərsə qurban veriləcək.