Radikal "bəy"lər nə istədiklərini özləri də bilmirlər
Müxalifətçilər arasında heç vaxt görmədiyimiz səmimiliyi, iş birliyini indi də görmürük. Heç vaxt da görməyəcəyik. Çünki radikalların iş fəaliyyətində yeganə bir məqsədləri var ki, o da onların yalnız bir-birlərinə quyu qazmaqla məşğul olmalarıdır. Müxalifət partiyaları heç bir məsələdə qəti mövqeyə gələ bilməyiblər. Onların apardıqları iyrənc siyasət nəticəsində sosial bazaları iflic olub, xalqın nifrətini qazanıblar. Bütün bunların nəticədir ki, biri-birinin ardınca radikal müxalifət partiyalarının sədrləri özlərini həmin partiyanın "lideri" elan edərək, daha da gülünc vəziyyətə salırlar.
Tarix boyu gördük ki, müxalifət düşərgəsində bir neçə bloklar, birliklər yaransa da, çox tez bir zamanda bu bloklar dağıldı. Müxalifətçi "bəy"lərin bir-birlərinə qarşı olan nifrətləri, qəzəbləri onların uzunmüddətli birlikdə fəaliyyət göstərməsinin qarşısını aldı, iş proseslərinə ciddi zərbələr vurdu və aralarında olan qalmaqalları xeyli dərinləşdirdi. Hazırda isə AXCP (i) sədri Əli Kərimov özünə yeni rəqib seçib və bu rəqiblə amansız döyüşmək qərarına gəlib. Əslində isə, özü və rəqibi çox gücsüz, siyasi səriştəsi olmayan insanlardır. Rəqibi isə Müsavat partiyasının başqanı İsa Qəmbərovdur. Məlumdur ki, hər zaman siyasi səriştəsizliyi, qeyri-dəqiq siyasəti, səhv addımları ilə tanınan AXCP (i) sədri Ə.Kərimov bu hərəkətlərinin cavabı olaraq sonda müxalifət düşərgəsində radikallar, "bəy"lər tərəfindən təklənib. Bu dəfə qazılan quyuya "Yurd" şefi Ə.Kərimovu salan radikal "bəy"lər onun bu ağır vəziyyətinə ləzzətlə tamaşa etmək istəyirlər. Bu təklənmə Ə.Kərimovu çox ağır vəziyyətə salıb. Ağır vəziyyətdən çıxış yolunu "Yurd" şefi İ.Qəmbərovla mübahisə etməkdə gördüyü üçün Müsavat başqanına atmacalar atmağa başlayıb. Ə.Kərimov bildirib ki, İ.Qəmbərovun tezliklə siyasi səhnədən silinməsi müxalifət üçün zəruridir. O, bu fikrini belə izah edib ki, İsa "bəy" müxalifətin üz qarasıdır və fəaliyyət göstərdiyi bir neçə ildə həm öz partiyasına və həm də bütün müxalifət düşərgəsinə heç bir uğur qazandıra bilməyib. Ə.Kərimov bu fikirlərinin doğru olduğuna əmin olduğunu da qeyd edərək bildirib ki, İ.Qəmbərovun siyasi fəaliyyəti göz qabağındadır və bu fəaliyyəti boyunca Müsavat başqanı heç bir uğura imza atmayıb.
Müsavat partiyasının başqanı İ.Qəmbərov Ə.Kərimovun bu fikirlərinə tez bir zamanda cavab verib. O, söyləyib ki, AXCP (i) rəhbəri ilk öncə öz siyasi fəaliyyətinə nəzər salmalı və görməlidir ki, onun siyasi fəaliyyəti başdan-başa qara ləkələrlə doludur və bu qara ləkələrin hər biri Ə.Kərimovun siyasətdən başı çıxmadığını bir daha təsdiq edir. Müsavat başqanı, həmçinin, qeyd edib ki, Ə.Kərimov təkcə Müsavat partiyasının deyil, bütünlüklə müxalifətçilərin hamısının düşmənidir. İsa "bəy" də öz fikirlərini təsdiq etməkdə israrlı olduğunu qeyd edərək, söyləyib ki, müxtəlif zamanlarda AXCP (i) rəhbərinin bir neçə müxalifət partiyası rəhbərlərinə qarşı atdığı yanlış addımlar, onlar haqqında söylədiyi mənfi, xoşagəlməz fikirlər, onlar üçün qazdığı quyular buna sübutdur.
Məlumdur ki, Müsavat partiyasının rəhbərliyi ilə AXCP (i) rəhbərliyi arasında, xüsusən də, İsa Qəmbərovla Əli Kərimov arasında ziddiyyətli məqamlar, düşmənçilik illər boyu davam edib və bu gün də davam edir və təbii ki, həmişə davam edəcək. Artıq məlum olur ki, bu cür sərt ittihamlarla bir-birlərini əzməyə çalışan müxalifətçilər düşmənçiliklərinə əbədi olaraq son qoymayacaqlar. Bu düşmənçiliyin sonu isə onların hər ikisinin sonda məğlub olmasına gətirib çıxaracaq. Bu insanların heç bir gücü qalmayıb. Sonda isə qeyd edək ki, artıq bütün güclərinin, imkanlarının tükəndiyini müxalifətçilər özləri də etiraf edirlər. Əslində, onların heç bir zaman gücü, qüvvəsi və xalq tərəfindən dəstəyi olmayıb. İndi isə bu gücsüzlük onların özlərinə də bəlli olub. Hazırda müxalifət düşərgəsinin hər bir nümayəndəsinin dilindən gücsüz, çarəsiz və zəif olduqlarını ifadə edən cümlələr eşidilir.