Həmişə olduğu kimi, qarşıdakı parlament seçkiləriərəfəsi yağışdan sonra çıxan göbələklər kimi peyda olan bloklar və qurumlar artıq seçkiyə qədər dağılmaqdadır. Düşərgədə tamamilə başsız və sahibsiz qalan qurumlar və təşkilatlar sırasına artıq biri də əlavə edildi. Nəhayət, uzun sürən gərginlikdən və qarşıdurmalardan sonra "Azadlıq" bloku da yiyəsiz qaldı. Buna səbəb isə "MBH" lideri Lalə Hacıyevanın da blokdan imtina etməsidir.
Müxalifət düşərgəsində hamının zəhləsi getdiyi "Azadlıq" bloku indi tamamilə başsız qalıb. Zaman-zaman düşərgədə hər kəsi bir-birinə vuran bu blok seçkiərəfəsi artıq sıradan çıxıb. Hər şeyi zaman həll etdiyi kimi, bu təşkilatda olanlar da, olmuşlar da elə zamanın axarında öz yoluna qoyuldu. Vaxt vardı ki, bu blokda təmsil olunan AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri L.Hacıyeva və "VİP" sədri Əli Əliyev az qala ağızlarından od püskürürdülər. Sonradan isə onlar özləri-özlərinə qənim kəsilməli oldular. Çünki bir müddət xarici donor təşkilatların diqqətini özünə yönəldə bilmiş bu blok axın-axın gələn pulların müqabilində bir çoxlarının marağına səbəb oldu. Məhz düşərgəyə toplaşanların davasının pul olduğuna görə də, onlar bütün vəsaiti əllərinə almaq üçün açıq mübarizəyə başlamışdılar.
Bir neçə seçkidə iştirak etmiş "Azadlıq" blokunun heç bir uğur əldə edə bilməsi müxalifət düşərgə sakinlərinin hiddətinə səbəb olub. Həmişə öz meydanlarını gen görmək istəyən müxalifətçilər, nəyin bahasına olursa-olsun, öz rəqiblərini mümkün qədər sıradan çıxarmağa çalışırdılar. Elə bu məqsədlə də istər "Azadlıq" bloku, istərsə də, digər qurumların dərd-azarı bir-birinə qənim kəsilmək olub. Adı siyasətçi, özü iyrəncilikdən ibarət olan müxalifətin istək və arzularının reallaşması nə qədər mümkün olmasa da, onların bir çox hallarda istəkləri də reallaşırdı. Çünki xarici conları aldadaraq, onların rəhbərlik etdikləri təşkilatların pullarını əllərindən alıb özləri üçün xəyal gerçəkləşdirən müxalifətçilər indi son məqamlarını yaşamaqdadırlar. Artıq xarici təşkilatların da müxalifətə inamı qalmadığından, onlara bir qara qəpik də vermirlər. Elə bu səbəbdən də, son iki ildə müxalifət düşərgəsində əməlli-başlı yarpaq tökümü başlayıb. "Azadlıq" blokunun da bu qəbildən olan qurumlara aid olması buradakı vəziyyətin də arzuolunan səviyyədə olmamasına şərait yaratmışdı. Ən nəhayətdə isə, həmin blokda təmsil olunan AXCP (i) sədri Ə.Kərimovla "MBH" lideri L.Hacıyevanın mübarizəsi onların hər ikisinin təşkilatdan kənarda qalmasına səbəb oldu. Ona görə də, blokun fəaliyyəti son zamanlar digər müxalifət partiyalarına nisbətən tamamilə aşağı düşmüşdü. İndi isə "VİP" sədri Ə.Əliyevin bloku özbaşına idarə edə bilməməsi ucbatından, bundan imtina etməsi təşkilatın fəaliyyətinin sonunun başlanğıcıdır. Artıq demək olar ki, "Azadlıq" bloku tamamilə siyasi meydandan kənarlaşmalı olub. Bundan sonra isə bu kimi təşkilataların düşərgədə yenidən baş qaldırması, sadəcə olaraq, sual doğurur.