Payızda keçiriləcək parlament seçkilərində əksər müxalifət partiyaları və blokları iştirak edəcəklərini bəyan etsələr də, bəzi qüvvələr hələ də boykotdan danışır. AXCP (i) sədri Əli Kərimov boykot taktikasını irəli sürür və bu prosesə digər müxalifət liderlərini də qoşmağa can atır. Burada Ə.Kərimovun bu hərəkətində bir sıra məqsəd və planlarının olduğu gün kimi aydındır.
"Məğlub və qalib strategiya" oyununu aparan Ə.Kərimov ötən seçkilərdən sonra ölkənin ənənəvi müxalifət partiyalarının və onların sədrlərinin ictimai reytinqinin az qala sıfır səviyyəsində olduğunu yaxşı gördü. Eyni zamanda, AXCP (i) sədri 1993-cü ildən artıq radikalların iflasa uğradığını da özlüyündə aydın şəkildə dərk etmişdi. Həmçinin, "Yurd" şefi çoxdan bəri 2008-ci ildə keçirilən prezident seçkilərində də biabırçı uğursuzluğa düçar olduqdan sonra ürəyində qalan arzularını gerçəkləşdirmək üçün ən ideal şansın qarşıdakı parlament seçkiləri olduğuna güman etməyə başlayıbdır. Amma Ə.Kərimov bir amili nəzərdən qaçırır - xalq artıq çoxdan ayılıb və tükü-tükdən seçir. Azərbaycan xalqı artıq 90-cı illərdəki sadəlövh xalq deyildir. Elə bunun nəticəsi idi ki, müxalifət düşərgəsində sıralar getdikcə seyrəlir, parçalanma və didişmələr düşərgəni uçuruma aparır. Müxalifət funksionerləri bu proseslərdə (müxalifətdaxili parçalanmalar və xəyanətkarlıq) ən aktiv rol oynayan radikallardan olan Ə.Kərimovu suçlayırlar. "Yurd"çu funksioner Sahib Hümbətov, Nazim Davudlu, Kərim Sadıqov "Səs" qəzetinə verdikləri açıqlamalarında da bunu bir daha təsdiqlədilər: "Bu, o Əli Kərimovdur ki, bir vaxtlar öz lideri və ağsaqqalı Əbülfəz Elçibəyə xəyanət edirdisə, bu adamdan riyakarlıqdan başqa nə gözləmək olar? Özünün liderlik ambisiyalarını hər şeydən üstün tutan Əli Kərimov digər rəqiblərini ləkələmək, partiyalararası qarşıdurmalar yaradaraq, onları zəiflətmək və son nəticədə müxalifətin perspektivli liderini yaratmaq üçün çalışan siyasətbazlardan biridir. Görünür, Ə.Kərimov "Mister Fiks"in yerində özünü görmək istəyir. Artıq tamamilə siyasi iflasa düçar olan radikal liderlərin hamısı kimi Ə.Kərimov builki seçkidə heç bir şey edə bilməyəcəyini gözəl anlayır. Axı seçkiyədək "bizim böyük elektoratımız var", "sosial bazamız böyükdür", "tərəfdarlarımız çoxdur" kimi sərsəmləmələrdə bulunan liderlərdən seçkidən sonra soruşacaqlar ki, bəs hanı sizin dedikləriniz? Bunu həm də beynəlxalq təşkilatlar və qrant verən qurumlar da soracaqlar. O zaman təkcə siyasi ölüm deyil, həm də mənəvi ölüm anı olacaq və bu adamlar siyasi səhnədən birdəfəlik və rüsvayçı şəkildə silinib, ən yeni siyasi tariximizin qara səhifələrində yaşayacaqlar.
"Azadlığ"ın boykotundan və Ə.Kərimovun iştirak etməməsindən asılı olmayaraq, Azərbaycanda növbəti dəfə demokratik seçkilər keçiriləcək. Amma nəzərə alaq ki, artıq əksər müxalifət qurumları seçkilərdə iştirak edəcəklərini bəyan ediblər və bu məsələdə israrlı görünürlər. O səbəbdən də, görünür. Ə.Kərimov növbəti planı da baş tutmayacaq.
Nəticədə "Azadlığ"ın qazanında aşpaz Ə.Kərimov tərəfindən bişirilən "boykot taktikası"nın dalınca gedənlər indi də qalıblar "odla su arasında".