Müxalifət qəzetləri şər-böhtan alətinə çevrilib
Son vaxtlar müxalifət millət vəkilləri Milli Məclisin yay sessiyasının başa çatdığı və söz demək tribunası məhdudlaşdığı üçün yenə də üz tutublar müxalifət mətbuatına. Xüsusilə də, parlament sekçkiləri ərəfəsi milli mətbuatımızın 135 illiyinin yaxınlaşmasından istifadə edən müxalifət ölkədə mətbuat azadlığının olmaması haqda qərəzli yazıları verməkdən belə çəkinmir.
Bu cür yazıların müəllifi öz cızmaqaralarında dövləti, hakimiyyəti və xalqı təhqir edir və yazının sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad fikir səsləndirməyə imkan verilmir, mətbuata təzyiqlər var, filankəslər azad olunmalıdırlar, daha nələr... Əgər ağılla fikir versələr, bilərlər ki, elə bu yazıların özü ölkədə azad mətbuatın olduğunu göstərir. Belə olan halda, soruşmaq istərdik ki, əgər mətbuat, söz azadlığı yoxdursa, necə olur ki, siz uzun illərdir ağlınıza və ağzınıza gələni yazırsınız, kimi istəsəniz təhqir edirsiniz?
Bu gün Azərbaycan çox az sayda ölkələrdən biridir ki, qəzet-jurnalların qeydiyyatdan keçirilməsi üçün heç bir icazə tələb olunmur. Məlum olduğu kimi, 9 milyon əhalisi olan ölkədə 3 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, kim necə istəyir qəzet-jurnal buraxır, kimin ağlına nə gəldi yazır. Sizcə, bunlar mətbuat azadlığı deyil, bəs nədir?
Müxalifətyönlü qəzetləri bircə dəfə nəzərdən keçirməklə, onların qərəz və böhtan sindromundan əziyyət çəkdiklərinin şahidi olardıq. Bu qəzetlərin səhifələrində yalnız kiçik nöqsanların şişirdilməsi, dövlət məmurlarının təhqir və tənqidi, xalqın "acından ölməsi", sosial problemlərin "partlayış" həddinə gəlib çatması kimi böhtanlar yer alır. Bu tip mətbuat vasitələrinin manşetləri, bir qayda olaraq, ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir. Xarici ölkədə yaşayan adam (təbii ki, Azərbaycandakı reallıqdan xəbəri olmayan) bunları oxuyanda, pessimizmə qapılaraq, düşünür ki, bu ölkə lap cəhənnəm imiş ki... Bax, budur, bizim "mətbuat azadlığını " sevənlər. Lakin ölkəmizin vətəndaşı real vəziyyəti yaşadığından, bu cür yazıların məqsədli və qərəzli xarakter daşıdığını gözəl anlayır və onların çirkin niyyətlərini görürlər. Elə buna görə də, mətbuatın tirajı aşağı düşür, oxucu nə müxalifətə, nə də onun mətbuatına inanır. Məhz bu səbəbdən, həmin qəzet-jurnalların tirajı sürətlə aşağı düşür. Ən çox gülüş doğuran odur ki, guya müxalifət mətbuatında daha çox yazılan məqalələr xalqın vəziyyəti ilə bağlıdır. Əgər onların yazdıqlarına inansaydıq, qəribə bir mənzərənin şahidinə çevrilmiş olardıq. Müxalifət mətbuatı qəribə bir sualla müraciət edir ki, "əgər əhalinin vəziyyəti pisdirsə, bu gün "yoxsul ölkədə" bahalı avtomobil əlindən tərpənmək olmur, saysız-hesabsız kafe-restoranlar, əyləncə və istirahət mərkəzləri ağzınadək müştəri ilə doludur. Ölkə böyük bir tikinti meydanına dönüb... və s". "Jurnalist" həmkarlarımıza sual etmək istərdik ki, yoxsul ölkədə belə olur? Yox, əgər sən həqiqəti araşdıra bilmirsənsə, yaxşı olar ki, imkan tap Ermənistana get, bəlkə yazdıqlarının nə qədər real olduqlarını görəsən.
Digər bir məqama da toxunmaq istərdim. Xüsusilə də, ölkədə seçkilər keçirilən ili yazdıqları yazının nə enini bilirlər, nə də uzununu. Hətta müəlliflər bir qədər də qabağa gedərək, bütün milləti və ya xalqın böyük bir qrupunu təhqir edirlər. Məsələn, mitinqə, nümayişə çıxmayan xalqı kölə, məzlum, bədbəxt ... daha ağır sözlərlə təhqir edirlər. Bax, burada soruşmaq istərdim ki, ay ... "söz" azadlığınız budur və s. və i.a. Sizcə, bütün bu hallar mətbautın, jurnalistikanın nüfuzuna xələl gətirmir, medianın "4-cü hakimiyyət" statusunun itirilməsinə gətirib çıxarmır?
Şəxsi maraqlarından çıxış edərək, şantaj və böhtanlarla məşğul olan bu jurnalistlərdən soruşmaq lazımdır ki, ay vətəndaş, məgər bu ölkədə heç yaxşı işlər görülmürmü, iqtisadi inkişaf getmirmi, təmiz adamlar yoxdurmu, tərifəlayiq hadisələr baş vermirmi? Təbii ki, bunları həmin azad olmayan yazarlar da görür, amma bunları yazmaq onlara sərf eləmir. Nədən ki, çörəkləri qərəzdən, böhtandan, ağ yalandan çıxır. Bu gün qeyri-müstəqil mətbuatda çalışanların əksəriyyəti də məhz elə öz imzasına hörmət etməyən bu cür jurnalistlərdir. Ona görə də, bu qəzetlərin səhifələrində tirajlanan yazıların faktoloji yükü az olur, jurnalist neytrallığı kənara qoyulur, obyektivlik isə hiss olunmur. Əksinə, yazının elə ilk cümlələrindən qərəzlilik, subyektivlik və fakta əsaslanmamaq hiss olunur.
Hər şeyə rəğmən müxalifət mətbuatında əsil peşəkar jurnalistlərin mövcudluğunu etiraf etməmək ədalətsizlik olardı. Belə jurnalistlər az deyil. Amma təəssüf ki, bu media mənsubları çalışdıqları mətbuat orqanlarının tələblərinə, strategiyasına və siyasi xəttinə qarşı çıxa bilmədiklərindən yazılarını da tələb olunan kontekstdə yazırlar. Bütün bunlara rəğmən etiraf etməliyik ki, indi Azərbaycanda mətbuat azadlığı, söz azadlığı var, çatışmayan sadəcə azad mətbuat və azad jurnalistlərdir.