Mehriban düşmənlər Radikal partiyaların saxta dostluğu
Bir neçə vaxtdır ki, bələdiyyə seçkilərindən sonra bir müddət sükuta qərq olmuş müxalifət düşərgəsində parlament seçkiləri ərəfəsi sükut yenidən pozuldu. Səbəb də təklikdə seçkidə 1 faiz belə səs toplaya bilməyəcəklərini başa düşən partiya funksionerləri birgə fəaliyyət haqda müxtəlif təkliflər irəli sürsələr də, bunu qəbul etməyənlər var. Çünki bu təkliflərin heç nəyə yaramayacağına tam əmindirlər. Nədən ki, uzun illərin qatı düşmənləri indi mehriban dosta çevrilə bilməzlər. Ən yeni siyasi tarix də bunu göstərib.
İrəli sürülən bəzi təkliflərə görə, müxalifət partiyları guya bundan sonra yeni formatda fəaliyyət göstərəcəklərmiş. Hətta artıq bütün elektoratını itirmiş partiyalar birlikdə hansı formada əməkdaşlıq etməyi də müzakirə edəcəklər. Lakin ən təəccüblüsü odur ki, bu partiyaların rəhbərləri hesab edirlər ki, onların iştirak etmədiyi hər hansı bir blok həqiqi deyil və ölkədə güc mərkəzinə çevrilə bilməz. Ən təəccüblüsü də odur ki, radikal liderlər özlərinin cəmiyyətdə boykot olunduğunu hələ də anlamaq istəmirlər. İndi də parlament seçkiləriərəfəsi ictimai-siyasi meydandan silindiklərini və öz mövcudluqlarının vaxtını bir qədər də uzatmaq üçün hərdənbir yığılıb tədbir-filan da keçirirlər ki, bəlkə gündəmdə qala bilələr. Xüsusilə, son vaxtlar bəzi radikal liderlər qarşılıqlı qara piar kampaniyası aparmaqla məşğul olurlar. Məsələn, "Ümid" partiyası ilə AXCP (i), Müsavatla ADP arasındakı ixtilafları göstərmək olar. Əslində, radikal müxalifətə az-çox bələd olan adam üçün bu, heç də təəccüblü deyil. Çünki öz mövcudluq tarixləri ərzində onlar daim belə olublar. Bir-birilərinə xəyanət, aşağılama, böhtan, təhqir və s. etikadankənar mübarizə üsulları ilə özlərini cəmiyyətin gözündən tamam salan qüvvələrin bir araya gələcəkləri inandırıcı görünmür. Elə buna görə də, müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması barədə hər hansı bir fəaliyyət fiaskoya məhkumdur. Çünki bir-birini qəbul etməyən, bir-birini ən müxtəlif cinayətlərdə, xəyanətlərdə ittiham edən, qara piar kampaniyası aparan liderlərin bir araya gəlib hansısa sənədi imzalaması dostların deyil, düşmənlərin bir arada olduğunu göstərərdi ki, bu da məntiqlə izah olunan deyil. Ona görə də, bunu dostların ittifaqından daha çox düşmənlərin saxta ittifaqı adlandırmaq olar.
Siyasi müşahidəçilər hesab edirlər ki, bunlar süni cəhdlərdir. Çünki bəzi qüvvələr özlərini radikal müxalifət elan etsələr də, hətta konstruktiv müxalifətçilik belə nümayiş etdirə bilməmələrini ört-basdır etmək, daxillərində gedən aşınma proseslərini gizlətmək, ictimiyyətin diqqətini cəlb edəcəklərini düşündükləri üçün bu cür addım atırlar.
Yuxarıda qeyd etdiklərimiz radikalların növbəti parlament seçkiləriərəfəsi hansısa yeni oyuna başlamaq niyyətində olduqlarını göstərir. Ən gülməlisi isə odur ki, bu adamlar hələ keçirilməmiş seçkinin demokratikliyini şübhə altına almağa çalışırlar. Sözsüz ki, belə bir analoq dünya təcrübəsində rast gəlinməyən hadisədir. Çünki seçkilər bitməmiş onun nəticələri barədə kimsə nəsə deyə bilməz. Bəzi funksiionerlər bildirirlər ki, parlament seçkiləri demokratik olmayacaq, ona görə də, orada iştirak etmək lazım deyil. Guya müxalifət bu seçkinin nəticələrini tanımayacaq. Lakin hansısa siyasi qüvvələrin seçkilərin nəticələrini tanıyıb-tanımamaları bütünlükdə xalqın seçkilərə münasibəti demək deyil. Xalq bir nəfər kimi gedib seçkilərdə iştirak edəcəksə, kimin nə mənəvi, siyasi, yaxud hüquqi haqqı olacaq desin ki, yox biz bu seçkiləri tanımırıq. Bu da ən gülməli arqumentlərdən biridir. Ona görə də, yaxşı olar ki, ilk öncə, müxalifət liderləri bir-birilərinə olan münasibəti dəyişsinlər. Əgər biri o birisini Rusiyanın agenti hesab edirsə, o birisi isə digərini iqtidara satılmış hesab edirsə, üçüncüsü dördüncüsünə hansısa ölkənin xəfiyyəsi deyirsə, bu cürə əməkdaşlığın mənası yoxdur. Müsavat başqanı İsa Qəmbərovun irəli sürdüyü ideya da da düşərgədə müsbət qarşılanmayıb. AXC-nin köynəyindən çıxan partiyacıqlar yenidən onun adı ətrafında birləşmək istəmirlər. Görünür, İ.Qəmbərov özünü müxalifəti parçalamayan qüvvə kimi göstərmək və özünü qara piardan qorumaq üçün bu ideyanı irəli sürüb. Lakin parlament seçkisiərəfsi baş verən hadisələr onu göstərir ki, heç bir qüvvə onun ətrafında birgə addım atmayacaq. Çünki indiyədək həmin qüvvələr saysız-hesabsız belə ideyalar irəli sürüb, sayı bilinməyən müxtəlif formalarda bloklar yaradıblar, amma hələ də bir araya gələ bilməyiblər. Ambisiyalar buna imkan verməyib.
Beləliklə, 90-cı illərin əvvəllərində dostdan düşmənə çevrilməyi bacaran radikal liderlər, indi düşməndən dosta çevrilə bilmirlər. Çünki bir-birilərinə unudulması mümkün olmayan təhqirlər yağdırıb, xəyanətdə suçlayıblar. Nədən ki, onlar mehriban dostlara yox, ən yaxşı halda, mehriban düşmənlərə çevriliblər.