Müxalifətin növbəti oyunu
Payızda keçirilən parlament seçkiləri yaxınlaşdıqca, müxalifət düşərgəsində ziddiyyətlər daha da kəskinləşir. Növbəti qarşıdurma "Azadlıq" partiyasının sədri Əhməd Orucla "KAXCP" üzvü Fikrət Cəfərov arasında baş verir. Səbəb isə, eyni dairədən, yəni 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizədliklərinin verilməsidir. "Azadlıq" partiyasından verilən məlumata görə, beş partiyanın təmsil olunduğu "Demokratiya Uğrunda İttifaq"ın daxilində bəzi seçki dairələri ilə bağlı narazılıq yaranıb. "KAXCP" (k) və Əhməd Orucun sədri olduğu "Azadlıq" partiyası 18 saylı Nərimanov-Nizami Seçki Dairəsində qarşı-qarşıya gəliblər. Verilən məlumatda bildirilir ki, əgər bu problem həllini tapmasa, sözügedən dairədə müttəfiqlər qatı rəqibə çevriləcəklər: "Məsələnin həlli çox müşkül olub. Çünki nə Ə.Oruc, nə də F.Cəfərov iddiasından geri çəkilmək niyyətində deyil. Hər iki namizəd həmin dairə ilə bağlı fəal iş aparır. F.Cəfərov ötən həftə Müsavat başqanı İsa Qəmbərovla görüşüb. Görüşdə əsasən onun 18-ci dairədən namizədliyi məsələsi müzakirə edilib. Müzakirələr nəticəsində F.Cəfərovun İ.Qəmbərovdan xeyir-dua aldığı da qeyd edilir. İ.Qəmbərov seçkidə Müsavat partiyasının Ə.Orucu deyil, onu dəstəkləyəcəyini vəd edib".
Məsələnin belə bir vəziyyətə düşməsindən və Müsavat başqanı İ.Qəmbərovun ikiüzlü hərəkətlərindən əsəbləşən Ə.Oruc bildirib ki, düşərgədə qalmaqal yaradan da Müsavat başqanıdır, seçkilərdə uğursuzluğa düçar olmağımızın səbəbkarı da odur. Çünki faktiki olaraq İ.Qəmbərov "DUİ" rəhbərliyinin bir müddət əvvəlki razılaşmasını pozub. "DUİ"-nin sədrlər şurası razılaşma əldə etmişdi ki, sədrlərin namizədliyinin olduğu dairələrdən başqa namizəd irəli sürülməməlidir. Bu, məsələ müzakirə mövzusu belə olmamalıdır. Lakin "KAXCP" də faktiki bu razılaşmanı pozur. F.Cəfərov sonradan KAXCP-yə gələnlərdəndir və sıravi üzvdür. Onun kimi Azərbaycanda milyonlarla adam var. Sıradan bir şəxsin "DUİ"-dəki partiyalardan birinin, həmçinin, "DUİ" seçki qərargahının sədrinin namizəd olacağı dairədən irəli sürülməsi qaranlıq məqamlardan xəbər verir".