PDF Oxu

Müxalifət

  • 10

Taktikaları bəlli olmayan radikallar

Taktikaları bəlli olmayan radikallar

Azərbaycanda aparılan sosial-iqtisadi və demokratik islahatlar elə bir güclü inkişafa gətirib çıxarıb ki, müxalif düşərgə tamam arxa planda qalıb. Ölkənin aktiv əhalisi indi yalnız bir partiyanın - ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının və Onun lideri İlham Əliyevin ətrafında birləşib. Bunu ötən il siyasi partiyaların üzvlük məsələlərinə nəzər salanda, aydın görmək olur.

Beləliklə, seçki ilində müxalifətin durumu daha da ağırlaşıb və elektorat itkisi maksimuma çatıb. Bu səbəbdən, müxalifət uzun müddətdir ki, heç bir kütləvi aksiya təşkil edə bilmir. Dünya təcrübəsinə nəzər saldıqda, məlum olur ki, siyasi partiyalar daha çox seçki ilində aktiv fəaliyyət göstərir və həmin ildə fəaliyyətlərini daha da gücləndirirlər. Azərbaycanda hazırda bunun tam əksi müşahidə olunur. Hələlik, müxalifətin seçki ərəfəsində vacib olan "kampaniyaya qatılaq, qatılmayaq" sualı ilə bağlı birmənalı cavab aydın deyil. 2005-ci ildə parlament, 2008-ci ildə prezident və 2009-cu ildə keçirilən parlament seçkilərində ağır məğlubiyyətə uğrayan müxalifət məntiqlə bütün qüvvəsini qarşıdakı parlament seçkisinə yönəldib. Ancaq bütün cəbhələrdə ağır məğlubiyyətə uğrayan radikal müxalifət yenə də son çarə olaraq seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı bəhanədən yapışıb və bütün ümidlərini ona bağlayıb. Radikallar elə güman edirdilər ki, onların bu tələbləri beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunacaq. Lakin bələdiyyə seçkilərdən öncə və sonra bəlli oldu ki, beynəlxalq təşkilatlar komissiyların tərkibinin dəyişdirilməsi məsələsi üzərində xüsusi olaraq dayanmır. Qeyd edək ki, siyasi partiyaların seçkilərdə iştirakla bağlı mövqeləri də müxtəlifdir.Məsələn, konstruktiv partiyalar hesab edir ki, Azərbaycan cəmiyyəti seçkiləri boykot etməyin əleyhinədir. Onların əsas arqumentlərindən biri də budur ki, müxalifətin hər hansı qüvvəsinin total boykota nail olması mümkünsüzdür.Çünki təcrübə də göstərir ki, boykot taktikası effekt vermir və bu taktika köhnəlib. Eyni zamanda, düşərgədə düşünürlər ki, hər şeyi seçki komissiyalarının tərkibi ilə bağlamaq heç də demokratik seçki keçirmək ideyasına xidmət etmir. Hesab edilir ki, əsas məqsəd demokratik seçki keçirmək iradəsinin olmasıdır. Boykot taktikasını üstün tutan radikallar isə, seçki komissiyalarının tərkibinin paritet əsasında formalaşmayacağı və seçki mühitinin dəyişməyəcəyi təqdirdə, seçkiləri boykot edəcəklərini bildirirlər. Onların fikrincə, müxalifət boykot taktikasını seçsə, guya beynəlxalq təşkilatların diqqətini Azərbaycandakı seçkilərə yönəldə biləcək və ictimaiyyətə seçkilərin qeyri-demokratik keçəcəyini sübut edəcək. Lakin qeyd etməliyik ki, radikalların siyasi proseslərə təsir imkanları sıfıra enmiş durumdadır. Elə indidən, bir sıra yerli siyasi müşahidəçilər, nüfuzlu xarici diplomatlar və beynəlxalq ekspertlər də bələdiyyə və parlament seçkilərində YAP-ın böyük üstünlüklə qələbə qazanacağına inandıqlarını bildirirlər.
Ümumiyyətlə, yaxşı olar ki, müxalifət liderləri xalq arasında növbəti dəfə tamam rüsvay olmamaq üçün ayıq başla düşünsünlər.

Digər xəbərlər