PDF Oxu

Müxalifət

  • 9

Müsavat üçün təhlükəli məqam yetişib

Müsavat üçün təhlükəli məqam yetişib
Müsavat partiyası ilə "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyaların iyunun 12-də keçirdikləri oyuncaq aksiya sonluqda Müsavatın başında çatlayıb. Çünki iki müxalif təşkilatın ayrı-ayrılıqda icazəsiz mitinq keçirməyə cəhd göstərsələr də, ümumilikdə, 10 nəfər adamla bu cür aksiya şəklində hansısa bir addım atmaq imkanında olmadıqlarını açıq şəkildə nümayiş etdirmiş oldular.
Bu isə Müsavat başqanı İsa Qəmbərov üçün arzuolunmaz surpirizlərin meydana çıxmasına səbəb oldu və nəticədə başqanla 1 ay müddətində Müsavatın idarəçilik prinsiplərini pozduğuna görə, partiya rəhbərliyindən istefa vermək üçün vaxt verildi. Ötən gün Müsavat Divanının toplantısında çıxış edənlər də, artıq partiyada struktur dəyişiklikləri ilə yanaşı, kadr dəyişikliklərinin edilməsinədə ehtiyacın yarandığını bildiriblər. Elə bu məqsədlə də Müsavatın Divan üzvləri tərəfindən İ.Qəmbərova təqaüdə getmək barəsində mesaj verilib. Məhz partiya başqanının bu məsələlərdə birbaşa məsuliyyət daşıdığını bildirən müsavatçılar təcili olaraq başqanlığa yeni bir şəxsin gətirilməsi məsələsini gündəmə gətiriblər. Bunlar isə Müsavat daxilində son zamanlar daha da, şiddətlənmiş qarşıdurmaların pik nöqtəsinə çatmasına səbəb olub. Digər bir yandan, məlum biabırçı aksiyanın digər bir təmsilçisi "Demokratiya Uğrunda İttifaq"da sular, demək olar ki, durulmaq bilmir. "KAXCP" sədri Mirmahmud Fəttayevin açıq şəkildə yenidən AXCP (i)-ni hədəfə alması heç də təsadüfdən yaranan bir məsələ deyildir. Bu baxımdan da, demək olar ki, son oyuncaq aksiya hər iki təşkilatın dayaqlarını tamamilə sıradan çıxarıb.
Qeyd edək ki, Müsavat və "DUİ" mayın 21-nə təyin etdikləri mitinqin təxirə salınması səbəbləri hələ zaman keçdikcə aşkara çıxacaqdır. Bu baxımdan da, sosial bazadan tamamilə məhrum olmuş radikal müxalifətin istənilən bir formada atmaq istədikləri addımları, sadəcə olaraq, söz olaraq qalmaqdadır. Çünki bu gün müxalifət düşərgəsində özlərinin mövcudluqlarını sübut etməyə çalışan partiya sədrlərinin heç birinin arxasında 5 nəfər adam qalmayıb. Daim xarici qüvvələrdən asılı olan müxalifətin sonu yaxınlaşdıqca, onların daha iyrənc işlərinin oyunçuları olduqlarının şahidi olmaq olur.
Müxalifətçilər özlərini qanmazlığa vuraraq, hər bir məsələdə birmənalı mövqe tutmaqla, cəmiyyətin bütün imtiyazlarından məhrum olublar. Bu, danılmaz bir faktdır. Çünki İ.Qəmbərov da, M.Fəttayev də çox gözəl bilir ki, bu gün onların müxalifət düşərgəsində birlik və ya toplum adlandırdıqları təşkilatlarda özlərindən başqa heç kim yoxdur. Onlar, sadəcə olaraq, havadarları qarşısında pis vəziyyətə düşməmək və yenidən müəyyən vəsaitlər qoparmaq üçün hər gün, beş dəfə də olsa, mitinq keçirəcəkləri barəsində kimlərisə inandırmağa çalışırlar. Amma onlar, nədənsə, mitinq adı ilə üç-dörd nəfərlə hansısa bir metro stansiyası qarşısında hay-küy salmaqla, işlərini bitmiş hesab edirlər. İki-üç yüngül təfəkkürlü insanların cibinə pul basıb, onları metro stansiyalarının giriş və çıxışlarında hay-küy salmağa göndərmək və onun ardınca isə boşboğazlıq etmək müxalifətin nəyə qadir olduğunu bir daha açıq şəkildə göstərmiş olur.
Müsavat və "DUİ"-nin məhz birdən-birə mayın 21-də keçirmək istədiyi mitinqi iyunun 12-nə təyin etməsi hər iki qurum daxilində olanların daha da şiddətlənməsinə rəvac vermiş oldu. Çünki bir müddət öncə, Müsavat partiyası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlaması İ.Qəmbərovun başqanlıq postunun belə əlindən alınması prosesini sürətləndirmiş oldu. Onu da, əlavə edim ki, Müsavatın namizəd məsələsi partiyada daha ilginc olaylara yol açıb. Hətta əldə etdiyimiz məlumata görə, namizədlər siyahısında adları çıxmayan şəxslərlə Müsavat rəhbərləri arasında yumruq davası da baş verib. "DUİ"-yə gəldikdə isə, hələlik, bu təşkilatda sakitlik hökm sürməsi barəsində məlumatlar verilsə də, problemin böyüklüyü, deyəsən, bu dəfə də onların gözlərinə görünmür. Görünən isə ondan ibarətdir ki, müxalifətdə yarpaq tökümü payız gəlməmişdən başlayıb.

Digər xəbərlər