Müxalifət uğursuz liderlərdən qurtulmalıdır
Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, düşərgədə vəziyyət daha da gərginləşir. Bu, heç də təəccüb doğurmur. Çünki 5 ildən artıqdır ki, düşərgə ideoloqları müxalifətin perspektivi ilə bağlı bir dəfə də olsun nikbin fikir səsləndirməyiblər. Ümidsizlik sindromu 2003-cü il prezident seçkilərindən sonra yaranıb.
Həmin seçkidə müxalifətin parçalanmamış ən iri partiyası olan Müsavat ətrafına topladığı partiyalarla birgə uduzdu və nüfuzunu itirdi. Ən pisi isə o oldu ki, elektorata ünvanlanan vədlər və rəqibə ünvanlanan hədələr boşa çıxdı. Digər partiyalar da imkanlarından daha böyük iddialarda bulunmaqla, heç nə əldə edə bilmədilər. Sıravi müxalifətçilərin illərlə "qəhrəman", "lider" kimi tanıdığı adamlar barəsində uydurulmuş miflər bir gecənin içində sabun köpüyü kimi partlayıb getdi. Müxalifət o həddə qədər kiçildi ki, 2005-ci il parlament seçkilərində düşərgənin bütün qütbləri birləşsə də, əvvəlki enerjini, qüvvəni bərpa etmək mümkün olmadı. Seçkidən sonra Müsavatla "Azadlıq" bloku arasında düşmüş mandat davası ümidsizlik sindromunu daha da dərinləşdirdi. Beləliklə də, müxalifətçi elektorat bir neçə mandatdan ötrü bir-birini söyən sabiq müttəfiqləri bir daha tanımış oldu. Onlara bəlli oldu ki, bu liderlərin mübarizəsi mitinq tribunalarında deyilən "parlaq gələcək", "xalqın rifahı uğrunda" deyil, öz mənafeləri naminədir. Maraqlıdır ki, ənənəvi müxalifət liderlərinin tənqidi elə düşərgənin öz içindən, liderlərə yaxın şəxslər tərəfindən səslənir.
Bir müddət öncə, ənənəvi müxalifət liderlərini uzun illər ayrı-ayrı partiyalara qarşı Müsavat başqanı İsa Qəmbərovla birgə "layihələr" həyata keçirən AXP sədri Pənah Hüseynov sərt tənqid etməyə başladı. Deputat açıq-aşkar bəyan edir ki, o, təkbaşına müxalifət liderlərindən daha artıq fəaldır və daha çox iş görə bilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, parlamentin növbədənkənar sessiyasının plenar iclaslarında P.Hüseynov bu məqamı tez-tez səsləndirir. Açıqca bildirir ki, o və ya hansısa millət vəkili və ya QHT rəhbəri siyasi strukturları olan partiyalardan daha çox iş görə bilər. Qəribədir ki, onun bu fikri ciddi şəkildə təkzib edilmir. Eyni tezisi ABŞ-da mühacir həyatı yaşayan "Açıq Cəmiyyət Partiyası"nın lideri Rəsul Quliyev də səsləndirir. Eks-spikerin fikirləri, bəlkə də, müxalifət liderləri haqqında son illər səslənən ən ağır və aşağılayıcı ittihamlardan ibarətdir: "İndiki liderlərin nə vaxtsa prezident və ya nazir olacağına inanmıram. Əminəm ki, yaxın iki-üç ilə siyasi arenaya yeni şəxslər çıxacaq. Daha savadlı, öz maraqlarını ikinci plana keçirməyi bacaran, dünya siyasətindən başı çıxan və sair keyfiyyətlərə malik, xarici ölkələrdə təhsil almış yeni nəslin arasından çıxanlar xalqın gələcəyi uğrunda psevdo yox, əsil mübarizə aparacaqlar".
R.Quliyev onu da bildirib ki, meydanı tutmuş köhnə müxalifət liderləri xalqın gələcəyi uğrunda həqiqi mübarizə aparmır, öz mənafelərini güdürlər. Amma onlar öz xoşuna deyillər, yaxın vaxtlarda siyasi arenanı tərk edib gedəcəklər.
Bu fikirlərə ənənəvi müxalifət liderləri bir cavab da verə bilmir. Əslində, deməyə sözləri də yoxdur. Çünki artıq sıravi müxalifətçilər də bu həqiqəti dərk edərək, düşərgəni tərk etməyə başlayıblar. Görünür, qarşıdakı parlament seçkilərində xalqın növbəti təzyiqinə tuş gəlməmək üçün köhnəlmiş müxalifət liderlərindən uzaqlaşmağı daha üstün hesab edirlər.