Müsavatda namizədlik davası bitmir
Bu ilin payızında keçiriləcək parlament seçkilərində iştirak etmək uğrunda az qala bir-birləri ilə qanlı düşmənçilik yaradan müxalifət partiyaları sırasında Müsavat partiyası ön yerlərdədir. Çünki bu qurumda hər kəs öz maraqlarını təmin etmək üçün başqan İsa Qəmbərovun üzünü cırmağa belə hazırdır. Ona görə də, İ.Qəmbərov mənsub olduğu düşərgədə hamıdan əvvəl parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlamaq məcburiyyətində qalmalı oldu. İ.Qəmbərov bununla ona qarşı olan partiyadixili basqılardan xilas olunduğunu düşünsə də, hər şeyin onun əleyhinə işləməsindən xəbərsiz idi. Müsavatın payızda keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərinin siyahısının açıqlanması həm müxalifət düşərgəsində, həm də, öz daxilində narazılıqların daha açıq şəkil almasına rəvac verib.
Bu il başqanlıq müddətinin başa çatmasına baxmayaraq, İ.Qəmbərov Müsavatı özünün malı-mülkü hesab etdiyindən, tutduğu postu tərk etməyəcəyi barəsində açıqlama verib. Başqanın bu açıqlamasının partiyada böyük narazılıq yaratmasına baxmayaraq, o, hələ də öz fikrindən dönmədiyini nümayiş etdirməyə çalışır. Doğrudur, onun bu iddiasından məmnun olmayanlar İ.Qəmbərovun zərərsizləşdirilməsi üçün heç də əllərini-qollarını sallayıb oturmayıblar. Başda "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu olmaqla, Müsavat deputat qrupunun üzvü Pənah Hüseynov və digərləri İ.Qəmbərova daha başqanlıq yolunda dur demək üçün məqam axtarırlar. Rəhbərlik etdiyi partiyadan bir müddət uzaq qalmış İ.Qəmbərov isə son zamanlar Müsavat üçün "qayğıkeşlik" nümayiş etdirməyə səy göstərir. Ötən il başqanlıqdan və ümumiyyətlə, siyasətdən birdəfəlik gedəcəyini bildirən İ.Qəmbərov sonradan, ardıcıl olaraq, bir sıra xarici ölkələrdə olması və müəyyən göstərişlər alması müqabilində "işə" başlamağa həvəslənib. Onu həvəsləndirən başqa nüansların olduğunu da nəzərə alsaq, İ.Qəmbərovun hələ bir müddət də başqanlıqda qalacağını proqnozlaşdırmaq olar. Amma bütün bunlara baxmayaraq, Müsavat daxilində İ.Qəmbərov "era"sının sonunun daha da yaxınlaşdığını hiss etmiş olardıq. Çünki artıq onun kimilərinin yükünü digər həmkarları çəkəsi deyil ki?! Bu yaxınlarda mətbuata açıqlama verən utancaq qız kimi hamıdan qaçıb gizlənən AMİP "lider"i Etibar Məmmədov da müxalifətdə bu günə qədər qarıyıb qalmışlara "ağıllı" bir məsləhət verib. O bildirib ki, müxalifət partiya sədri kimi bir yeri uzun müddət tutub saxlamaq şəxsi iddiadan başqa bir şey deyil. Görünür, onun bu ifadəsi hələ İsa "bəy"in qulağına gəlib çatmayıb. Əgər o, E.Məmmədovun bu sözünü eşitsə, arxasına baxmadan, siyasətdən gedəcək. Çünki müxalifət düşərgəsində hal-hazırda təqaüdə çıxacaq birinci şəxs İ.Qəmbərovdur.
Amma İ.Qəmbərovun cavanlığı, deyəsən, hələ təzə-təzə yadına düşüb. Çünki o, artıq deputat olmaq iddiasındadır. Bu məqsədlə də, İ.Qəmbərov partiyasında xoşuna gələn adamların adlarını bu il keçiriləcək parlament seçkilərində namizədlər siyahısına yazdırıb. Dünənə kimi dodaq-dodağa öpüşdükləri P.Hüseynovun və R.Arifoğlunun adını Müsavatın namizədləri siyahasına saldırmayan İ.Qəmbərov, deyəsən, bu iki şəxsin ona qarşı olan birliyindən xəbərdar olduğundan belə bir addım atmağa vadar olmuşdu. Digər bir yandan isə, P.Hüseynovla R.Arifoğlunun, birmənalı şəkildə, Müsavat partiyasında struktur dəyişikliyinin tərəfdarları kimi çıxış etmələri də onların İ.Qəmbərovun qara siyahısına düşməsini təmin etmiş olub. Maraqlısı isə odur ki, müxalifət düşərgəsində, sanki bir dəb halını almış üzə gülüb, ayağının altını qazmaq mərəzi bu dəfə İ.Qəmbərovun timsalında təzahür tapmış oldu. Məsələnin digər maraqlı tərəfi isə, ondan ibarətdir ki, Müsavatın namizədlik siyahısında adlarını keçirməyə müvəffəq olmayan R.Arifoğlu və P.Hüseynov parlament seçkilərində iştiraklarında israrlı görünürlər. R.Arifoğlu Nizami rayonu 25 saylı seçki dairəsindən namizədliyini irəli sürəcəyini və bu barədə Müsavat rəhbərliyinə məlumat verəcəyini bildirsə də, hələlik, ondan heç bir səs-soraq çıxmayıb. Görünür, artıq ona müəyyən şirnikləndirici təkliflər verən İ.Qəmbərov R.Arifoğlu faktorundan birdəfəlik canını qurtarmağa çalışır. AXP-nin keçmiş sədri P.Hüseynov isə qarşılaşmış olduğu mənzərədən məyus görünməsinə baxmayaraq, bu günə qədər səsini çıxarmamaq barəsində, deyəsən, and içib. Pənahın bir yerdə dayanan "bəla" olmadığını İ.Qəmbərov da yaxşı bilir. Amma görünür, ara-sıra qığılcım yarada biləcək tərzdə çıxış edən P.Hüseynov İ.Qəmbərovun cavabını verməyə hazırlaşır. Sadəcə olaraq, başı "KAXCP" sədri Mirmahmud Fəttayevlə müəyyən işlərə qarışan P.Hüseynov İ.Qəmbərovla olan məsələni sonraya saxlayır. Bütün bunlar müxalifət düşərgəsində böyük partlayışın olacağını və burada təmsil olunan partiyaların tamamilə pərən-pərən düşəcəyini proqnozlaşdırmağa əsas verir.