Əli Kərimovun "pasport" şousu onun əleyhinə çevrilib
Müxalifət partiya liderləri tarix boyu faciəvi həyat yaşamağa, gülünc vəziyyətlərə düşməyə adət ediblər. Bu adət onların ən müqəddəs, unudulmaz, ən ali adətləridir. İstər Müsavat partiyası, istər "MBP", AMİP və ALP, AXCP (i) kimi digər partiyaların rəhbərləri öz mənfi əməlləri müqabilində ağır həyat şəraiti yaşayıblar. Elə bu baxımdan, AXCP (i) və bu partiyanın sədri Əli Kərimov da onlardan geri qalmayıb, davamlı olaraq, qara günlər yaşayır.
Nəzərə almaq lazımdır ki, müxalifət düşərgəsi nümayəndələri öz çirkin şouları ilə gündəmdə qalmağı çox xoşlayırlar. Müxtəlif zamanlarda həm İsa Qəmbərov, həm Ə. Kərimov, həm də digər müxalifətçilər bəzi şoular yaradaraq və bunun davamlı olmasına çalışaraq, özlərini xalqımız gözündən salıblar. İndi də AXCP (i) sədri Ə.Kərimov işlədiyi cinayət əməli kimi üzləşdiyi xarici pasport problemini şişirtməklə, özünün gündəmdə qalmağını təmin etmək istəyir.
Məlumdur ki, ölkəmizin qanunvericiliyinə əsasən, vətəndaş cinayət işlədirsə, onun xarici ölkəyə getməsi, ölkə sərhədlərini tərk etməsi qadağan edilir. Ə.Kərimov da bir vaxt cinayətə cəlb olunduğuna görə və bu cinayətin cəzası kimi ölkəni tərk etməsinə qadağa qoyulması müddətinin başa çatmadığına görə, o, xarici pasport ala bilməz. Bu qanun onun özünə də yaxşı bəllidir. Amma hər zaman qanundan kənar işlərlə məşğul olan AXCP (i) sədri yenə də öz boş, mənasız, yersiz istəklərindən əl çəkmir. Ə.Kərimov "pasport" şousu yaratmaq və bu şounu şişirmək istəyir. "Yurd" şefi bu problemin həlli üçün xaricdəki "böyükləri"nə də ağız açmalı olub. Hər zaman xarici qrantlardan istifadə edərək, qarşıdurmalar yaratmağa cəhd edən, yalanlar, böhtanlar danışan, səmərəsiz fəaliyyəti ilə seçilən AXCP (i) rəhbəri bu dəfə yenə də köhnə peşəsindən əl çəkməyərək, şəxsiyyət vəsiqəsi ilə bağlı yaranmış problemi böyüdür. Qeyd etməliyik ki, Ə.Kərimov törətdiyi cinayətdən sonra belə bir problemlə rastlaşıb. Bu insanın işlədiyi cinayətlərin sayı-hesabı bəlli deyil. Lakin heç birini boynuna almır. İstər qəbul etsin, istərsə də etməsin, xalqımız çox yaxşı bilir ki, Ə.Kərimov kimdir.
Hətda o, digər müxalifət partiyası sədrlərinə də yalvararaq, deyib ki, bu şounun daha maraqlı olması üçün ona bu işdə kömək etsinlər. Xatırlatmaq lazımdır ki, uzun zaman bundan öncə başlayan və hazırda da davam edən ALP-nin sədr əvəzi Əvəz Temirxanla, Müsavat başqanı İ.Qəmbərovla, lMBH" lideri Lalə Hacıyeva ilə, "Ümid" partiyasının sədri İqbal Ağazadə ilə Ə.Kərimov arasındakı qalmaqal hələ də səngimək bilmir. Bu qalmaqalların hökm sürdüyü bir vaxtda "Yurd" şefinin öz rəqiblərinə belə bir məsələ ilə bağlı müraciət etməsi, onu daha da acınacaqlı vəziyyətə salıb. Ə.Kərimovun bu vəziyyətdən çıxmaq şansı isə qətiyyən yoxdur. Qeyd edək ki, AXCP (i) bütün keçmiş üzvləri xüsusən də, rəhbərlikdə təmsil olunmuş cəbhəçilər istefa verərək, bu partiyadan əbədi olaraq ayrılıblar. Şahidi olduq ki son zamanlar Qulamhüseyn Əlibəyli də bu partiyadan ayrıldı və "Aydınlar" partiyası yaradaraq, AXCP (i)-dən əbədi ayrıldığını sübut etdi. Bu partiyanın daxilində o qədər mənfi hallar, çətin vəziyyətlər hökm sürməkdədir ki, saymaqla bitirmək olmur. AXCP (i) sədri Ə.Kərimov, öz partiyasındakı problemlər azmış kimi, həm də digər müxalifət partiyalarına da düşmənçilik münasibəti bəsləməklə özünə və rəhbərlik etdiyi partiyaya qarşı daha çox düşmən topladı. Bunun da nəticəsidir ki, AXCP (i) sədri bu gün ən acınacaqlı vəziyyətə düşüb.