Müxalifət düşərgəsində seçki problemi yaranıb
Cari ilin noyabrında keçiriləcək parlament seçkiləri ölkə müxalifətinin, əsasən də, radikal qüvvələrin sıralarında çaxnaşmalar yaratmaqdadır. İldən-ilə müxalifətin reytinqi aşağı düşdüyündən və ictimaiyyətin dəstəyindən mərhum olduqlarından, seçki ilində bu qüvvələrin fəaliyyət imitasiysının konturlarını sezməmək mümkün deyil. Ölkə müxalifəti, onun liderləri artıq anlayıb və qəbul ediblər ki, hazırkı prezident və Onun partiyası əhalinin tam dəstəyini və etimadını qazandığından, hər hansı bir seçkidə xalqın əksəriyyətinin etimadını qazanmış YAP-la rəqabət aparmaq və uğur qazanmaq şansları sıfıra bərabərdir.
Xüsusilə də, son vaxtlar funksionerlərin bu və ya bu kimi etirafları müxalif düşərgədə daha tez başlayıb. Ölkədə aparılan iqtisadi-sosial və demokratik islahatlar elə bir güclü inkişafa gətirib çıxarıb ki, müxalif düşərgə tamam arxa planda qalıb. Ölkənin aktiv əhalisi indi yalnız bir partiyanın - ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasını və onun lideri İlham Əliyevin ətrafında birləşib.
Bunu siyasi partiyaların üzvlük məsələlərinə nəzər salanda, aydın görmək olur. Belə ki, hər il partiya sıralarına 40-50 minədək yeni üzv qəbul olunur. Ancaq bütün müxalifət partiyalarının real üzvləri birlikdə bu rəqəmin altında formalaşır. Ümumilikdə, YAP sıralarında yarım milyona yaxın insan təmsil olunur ki, bu da YAP-ın Qafqazda ən böyük siyasi təşkilat olduğunu göstərir.
Beləliklə, ötən seçki ilində müxalifətin durumu daha da ağırlaşıb və elektorat itkisi maksimuma çatıb. Bu səbəbdən, müxalifət, uzun müddətdir ki, hər hansı bir kütləvi aksiya keçirmək istəsə də, bu, baş tutmur. Doğrudur, dünya təcrübəsinə nəzər saldıqda, məlum olur ki, siyasi partiyalar daha çox seçki ilində aktiv fəaliyyət göstərir və həmin ildə fəaliyyətlərini daha da gücləndirir və ictimaiyyət də onların haqq səsinə səs verir. Lakin Azərbaycan müxalifəti artıq xalq tərəfindən etimadlarını 2003-cü ildən tamamilə itiriblər. Hələlik, müxalifətin seçki ərəfəsində vacib olan "kampaniyaya qatılaq, qatılmayaq" sualı ilə bağlı birmənalı cavab hələ də tam aydın deyil. Görünür, 2008-ci il prezident, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərindən sonra müxalifət bütün qüvvəsini parlament seçkilərinə yönəltmək əvəzinə, başqa hər cür işlərlə məşğuldur.
"Səs"in araşdırmasına görə, müxalifət indi də ortalığa Azərbaycan Xalq Cəbhəsinin bərpa edilməsi ideyasını atıb. Görünür, bütün cəbhələrdə ağır məğlubiyyətə uğrayan radikal müxalifət son çarə olaraq, bu məsələdən yapışıb və bütün ümidlərini ona bağlayıb. "Bəlkə də qaytardılar" arzusu ilə yaşayan müxalifət, elə zənn edir ki, parlament seçkiləri zamanı, ola bilsin ki, xalqın dəstəyini qazandılar. Ancaq bir həqiqəti anlamırlar ki, son 5-6 il ərzində Azərbaycanda baş verən iqtisadi yüksəliş, əhalinin sosial müdafiəsinin güclənməsi, işsizliyin aradan qaldırılması və s. amillər xalqın yüksək etimadını qazanmış Yeni Azərbaycan Partiyasını yenidən dəstəkləyəcək. Bunu ölkədə müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələri də dəfələrlə təsdiqləyib. Hazırda müxalifət düşərgəsində yaranmış mövcud vəziyyəti nəzərdən keçirdikdə, aydın olur ki, siyasi partiya və bloklarının heç birinin seçkidə YAP-a rəqib olacaq gücdə namizədləri və siyasi reytinqləri yoxdur. Bu səbəbdən də, seçki prosesi müxalifət və onların liderləri üçün ancaq gündəmdə qalmaq və özünü reklam etmək imkanı qazanmaqdan başqa heç nəyə xidmət etməyəcək. Bunu artıq düşərgə təmsilçiləri dəfələrlə qeyd ediblər.
Belə olan halda, xalq arasında tamam rüsvay olmaqdansa, öz halal zəhməti ilə başıuca yaşamaq daha yaxşı deyilmi? Seçkiərəfəsi bu barədə ayıq başla düşünməyin özü də xeyirli olar.