PDF Oxu

Müxalifət

  • 10

İsa Qəmbərovla Mirmahmud Fəttayevin tərəfdarları əlbəyaxa olub

İsa Qəmbərovla Mirmahmud Fəttayevin tərəfdarları əlbəyaxa olub
Müsavat partiyası ilə "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar payızda keçiriləcək parlament seçkilərində birgə iştirakla bağlı vermiş olduqları qərar pozulub. Buna səbəb tərəflərin seçki dairələrini aralarında bölüşdürə bilməmələri və nəzərdə tutulan mitinqin sonradan təxirə salınmasıdır. Müsavat başqanı İsa Qəmbərovla "DUİ"-nin sədri olan "KAXCP" sədri Mirmahmud Fəttayev ötən şənbə aralarındakı münasibətlərə nöqtə qoymalı olublar. Müsavat qərargahında baş tutan görüşün ardınca növbəti dəfə tərəflər "KAXCP" qərargahında münasibətlərinə aydınlıq gətirməyə çalışıblar. Mətbuatdan tamamilə gizlin saxlanılan görüşdə müsavatçılarla klassik cəbhəçilər arasında əməlli-başlı əlbəyaxa dava düşüb. Beləliklə də, İ.Qəmbərov və M.Fəttayevin də qatıldığı toplantının məhz təxirə salınmış mitinq və bundan sonrakı məsələlər ətrafında müzakirələr aparmaq cəhdi boşa çıxıb. Onların ətrafında olanlar arasında AXCP (i) sədri Əli Kərimov və ADP sədri Sərdar Cəlaloğlu ilə əməkdaşlıq məsələsində tamamilə fərqli münasibətlərin olması sonluqda məlum problemin yaranması ilə nəticələnib. Eyni zamanda, İ.Qəmbərovla M.Fəttayev də 21 may mitinqinin təxirə salınmasında və iyunun 12-nə təyin olunmuş birgə mitinqdə "DUİ" tərəfdarlarının iştirak etməyəcəkləri barəsində səslənən fikirlərdən də narahatlıqlarını dilə gətiriblər və açıq şəkildə bir-birlərini ittiham ediblər. İ.Qəmbərov, hətta M.Fəttayevin üzərinə səsinin tonunu qaldırmaqla öz etirazını çatdırıb. Bildirib ki, bu gün nə "KAXCP"-nin, nə də "DUİ"-də təmsil olunan partiyaların, nəinki mitinq, ümumiyyətlə, piket keçirmək imkanları da yoxdur. Məhz bu imkanın onlara Müsavat partiyası tərəfindən verildiyini bildirən İ.Qəmbərov təxirə salınan aksiyada M.Fəttayevin rəhbərlik etdiyi "KAXCP"-ni günahkar bilib. Eyni zamanda, iyunun 12-nə təyin olunmuş mitinqdə də "DUİ" təmsilçilərindən heç kəsin iştirak etmək imkanlarının olmadığını bildirən İ.Qəmbərov müxalifət düşərgəsində islahatlar aparmağın zamanının yetişdiyini də bildirib. Bir-birilərini qarşılıqlı şəkildə ittiham edən tərəflər parlament seçkilərində birgə iştirak məsələsində əldə etmiş olduqları razılaşmanın da pozulduğunu elan ediblər. Müsavat başqanının atılıb-düşməsindən hiddətlənən "KAXCP" sədri M.Fəttayev isə razılaşdırdıqları məsələlərin pozulmasında, İ.Qəmbərov başda olmaqla, Müsavat funksionerlərinin məsuliyyət daşıdığını bildirib. O, qeyd edib ki, istənilən formada İ.Qəmbərovla razılaşdırdıqları məsələ barəsində hamı məlumat alır. "Bu isə, öz növbəsində, bizim nə dərəcədə sadəlövhcəsinə belə bir şəxslə əməkdaşlığa maraq göstərməmizin səviyyəsini nümayiş etdirir deyən" M.Fəttayev Müsavat partiyasını müxalifəti parçalayan yeganə qüvvə olduğunu dilə gətirib. "KAXCP" qərargahında iki saata qədər davam edən görüşün ardınca isə, tərəflər parlament seçkilərinə tam ayrı formatda qatılacaqları barəsində bəyanat veriblər. Görüşün nəticələrindən tamamilə məyus olan M.Fəttayev yeni tərəfdaşlarla əməkdaşlığa hər an hazır olmaları barəsində məlumat verib. Qeyd edib ki, müxalifət düşərgəsində istənilən bir partiya və ya təşkilatla əməkdaşlığa hazırdır. Buradan isə, belə aydın olur ki, Müsavatla münasibətlərini korlayan M.Fəttayev düşərgədə özünü əməkdaşlığa meyilli şəxs kimi göstərməyə cəhd etməklə, bütün məsuliyyəti İ.Qəmbərovun boynuna atmağa çalışır. Öz növbəsində isə, İ.Qəmbərov arxasında 10 nəfər belə şəxsin olmadığı partiyalarla əməkdaşlığa getmələrindən təəssüf hissi keçirdiklərini bildirib. Qeyd edib ki, M.Fəttayevlə əldə olunmuş razılığın pozulmasında onların özləri günahkardır. Bütün bunlar isə, onu göstərir ki, müxalifət düşərgəsində istənilən formada yaradılan birlik və ya toplumların mahiyyəti heç nəyi ifadə etmir. Sadəcə olaraq, istənilən iki müxalifət təmsilçisinin çayxanada və ya özlərinə müvafiq başqa bir yerdə vermiş olduqları qərarın ittifaq və əməkdaşlıq kimi qələmə verilməsi sonradan məhz bu cür acı nəticələrə gətirib çıxarır. Müsavatda "DUİ"-nin əməkdaşlığının pozulması da, elə bu səbəblərlə əlaqəlidir. Digər bir məsələ isə, öz ömrünü başa vuran partiyalardan yeni bir fiqur düzəltmək cəhdidir ki, bu da, öz növbəsində, məhz belə halların yaranması ilə nəticələnir.

Digər xəbərlər