Müsavat “VİP" müharibəsi qızışır
"Vətəndaş və İnkişaf Partiyası" Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) aprelin 16-da təşkil etdiyi konfransın yekunlarına dair hazırladığı kitabda yol verilmiş yanlışlıq səbəbindən ortaya çıxan və hələ də səngiməyən anlaşılmazlıqla bağlı gərginlik davam edir. Hazırda Müsavat və "VİP" arasında davam edən bu gərginlik qarşılıqlı sərt ittihamlara rəvac verib.
Qeyd edək ki, "VİP" sədri Əli Əliyev də həmin konfransda geniş məruzə ilə çıxış edib. Lakin konfrans təşkilatçılarının tədbirdə səslənmiş məruzələrdən ibarət hazırladıqları kitabda Ə.Əliyevin çıxışının əvəzinə, başqa bir mətn yerləşdirilib. AVCİYA təmsilçilərinin mətbuata verdikləri açıqlamalar da məsələni qəlizləşdirib. Belə ki, ictimaiyyətə verilən həmin bilgilərdə AVCİYA əməkdaşlarının elektron ünvanına daxil olan mətnin guya "İP"-in rəsmi elektron ünvanından göndərildiyi iddia olunub.
"VİP"-dən isə bəyan edirlər ki, haqqında məlumat verilmiş elektron ünvan partiyanın rəsmi elektron ünvanı deyil və partiya üzvləri sırasından ehtimal edilən bir nəfərin şəxsi elektron ünvanıdır.
Partiyanın yaydığı açıqlamada qeyd olunur ki, "nə qədər təəccüblü görünsə də, tədbirdən öncə sözügedən QHT-ni düşmənə bərabər bir qurum qismində müzakirə edən tərəflər indi həmin təşkilatın az qala siyasi ortağı kimi çıxış edirlər, AVCİYA-nın anlaşılmazlıq səbəbindən yol verdiyi yanlışlıqdan yararlanmağa çalışırlar, təşkilatın yaydığı bəyanatlara istinad edirlər və özlərindən fərqli olaraq son illər ərzində birmənalı və aydın siyasət yürüdən partiyalara qarşı istifadə etməyə çalışırlar. Ona görə də, təsadüfi deyil ki, bu yanlışlıq, ilk olaraq, Müsavat partiyasının başqanı İsa Qənbərovun və daha 3 partiya sədrinin iştirak etdiyi görüşdə açıqlanıb".
"VİP"-in bəyanatında deyildiyinə görə, bundan dərhal sonra başqan "Yeni Müsavat" qəzetinə "VİP"-ə və onun sədrinə qarşı kampaniyaya başlamaq göstərişi verilib: "Adıçəkilən qəzet 20 may 2010-cu il tarixli sayında mövzusu məhkəmə araşdırması olacaq bir mətnlə "VİP" sədrinə qarşı məqalə dərc edib. "VİP" sədri dərhal bu məsələ ilə bağlı təkzib bəyanatı yayıb. Növbəti gün ADP qərargahında mətbuat konfransı keçirən Ə.Əliyev, AVCİYA-nın tədbirindəki çıxışının videolentini mətbuat nümayəndələrinə təqdim edib".
Mətbuat konfransında yayınlanmış məlumatlardan "soyuq duş" effekti yaşamış müxalifətdaxili intriqaların əsas təşkilatçısı İ.Qənbərov əks-təbliğat maşınının istiqamətini dəyişiməli olub. Belə ki, o, Ə.Əliyevin məlum tədbirdəki çıxışının videolentinin olmadığını ehtimal edərək, "VİP" sədrinin məlum təxribat xarakterli mətnin müəllifi kimi təqdim edilməsinə cəhd göstərib. Nə qədər qəribə görünsə də, İ.Qənbərovun fantaziyasına həsəd aparmaq lazım gəlir. İndi də başqan iddia edir ki, o mətn "VİP" sədri tərəfindən hazırlanıb və hansısa virtual instansiyalara göndərilmək üçün nəzərdə tutulub.
"VİP"-də hesab edirlər ki, bu ittiham İ.Qənbərovun, onsuz da, birmənalı olmayan reputasiyasına böyük zərbə vuracaq. İ.Qənbərov tərəfindən sərgilənən bu mövqenin arxasında növbəti dağıdıcılıq cəhdi dayanır. "Azadlıq" siyasi blokunun varlığı onu hələ də rahat buraxmır və xislətindən irəli gələn dağıdıcılıq hissi onu bu hərəkətləri etmək məcburiyyətinə gətirir. 1989-90-cı illərdə Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətində intriqa toxumu səpən, 20 Yanvar hadisələrinin qorxusu altında "Şimali Azərbaycan Demokrat Partiyası"nı (ŞADP) elan edən, 1992-93-cü illərdə hakimiyyəti daxildən parçalayan, 1998-ci il prezident seçkilərində Əbülfəz Elçibəyin "beşlər" formatında vahid namizəd olmasını əngəlləyən, 2000-ci ildə (Ə.Elçibəyin vəfatından az sonra) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) parçalanmasını stimullaşdıran, 2003-cü il prezident seçkilərindən sonra silahdaşları paytaxt meydanlarında qanlarına qəltan edildikləri vaxt evində gizlənərək, burnunu bayıra çıxarmağa cürət etməyən, 2003-cü il 15 oktyabr gecəsində öz evinə qaçan, 2005-ci il parlament seçkilərində polis zabitinə uduzaraq gücünün nədən ibarət olduğunu bir daha görən və göstərən, 2005-ci il noyabrın 26-da meydanı arxa çıxışdan qaçaraq tərk edən bu adamın başqalarını xəyanətdə ittiham etməsi birmənalı qarşılanmır.
Vaxtilə "Demkonqres"i dağıdan, "Azadlıq" seçki blokuna təfriqə salan, "Qarabağ və Respublika Uğrunda" hərəkatı çökdürən, indi isə yenidən "Azadlıq" siyasi blokunu hədəfə götürən İ.Qənbərov bütün ciddi-cəhdlərilə rəqiblərini parçalamaq istəyindədir. Potensialı 15 il ərzində bir dissertasiyanın müdafəsi üçün də yetərli olmayan bu şəxs Azərbaycanın müxalifət düşərgəsində "dəb qanunvericiliyi" iddiasındadır. Son illər ərzində müxalifət daxilində yaradılmış bütün birliklərin dağıdılmasında əsas personaj və ilhamverici olmuş bu şəxs missiyasını "uğurla" davam etdirməkdədir. Etiraf etmək lazımdır ki, İ.Qənbərov bu illər ərzində həmin işin öhdəsindən "layiqincə" gəlməyi bacarıb. Artıq onun özü də siyasi potensialının tükəndiyinin fərqindədir.