Siyasi düşərgənin üz qarası hesab olunan radikal müxalifətin anormal açıqlamaları, düşüncəsiz addımları onların ətrafında olanlarla yanaşı, xarici maraqlı qüvvələri də təəccübləndirməyə başlayıb.
Məhz buna görə də, mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşən "GEİPA" təşkilatının icraçı direktoru Vilson Corce AXCP (i) sədri Əli Kərimovun elektron poçtuna göndərdiyi məktubunda onun siyasi fəaliyyətindən və seçdiyi taktikadan narazı qaldıqlarını qeyd edib. Bu barədə "Səs" qəzetinə məlumat verən mənbənin dediyinə görə, məktubun mətni "Azadlıq" qəzetinin əməkdaşlarından birinin tərcümə edib, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevə çatdırılmasından sonra Ə.Kərimovun əhvalı ciddi şəkildə pozulub. Bununla bağlı geniş bilgiləri qeyd etməzdən əvvəl, onu vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, son vaxtlar Ə.Kərimovun çarxı bir növ tərsinə çevrilib. Erməni müxalifətinin liderlərindən olan Stepan Dəmirçiyanın "Qardian" qəzetində Ə.Kərimovla əlaqələrinin qurulmasının başlıca səbəbinin regionda demokratik ab-havanın yaradılmasına xidmət etdiyini bildirməsinin ardınca "Yurd" şefi, ATƏT-in Bakı ofisinin sədr müavini Melisa Stounla aralarında əxlaqa zidd münasibətlər qurması ilə ifşa olunub. Bu, azmış kimi, Ə.Kərimov Müsavat başqanı İsa Qəmbərovun rüsvayedici ittihamları ilə üzləşməklə biabırçı vəziyyətlə üzləşib. Düzdür, Ə.Kərimov xarici ağalarına arxalanaraq, vəziyyətdən çıxmağa çalışır. Hətta AXC-Müsavat hakimiyyəti dönəminə qədər cızmaqaraçı olduğu peşəsini yenidən işə salmağa və bununla da, diqqəti cəlb etməyə çalışıb. Xoş münasibətlərdə olduğu ATƏT-in Bakı ofisinin sədr müavin M.Stounun vasitəçiliyi ilə "Vaşinqiton post" qəzetində Azərbaycan xalqı və dövləti əleyhinə məqalə də dərc etdirib. Amma bütün bunlara baxmayaraq, Ə.Kərimov cəbhəçilərə başaşağılıq gətirən görkəmindən qurtula bilməyib. Çünki Ə.Kərimovun şərəfsiz və yaramaz hal kimi qiymətləndirilən hərəkətlərini heç bir diqqətçəkən işlərlə silmək mümkün deyil. Yuxarıda qeyd etdiyimiz kimi, xarici ağaları da ondan narazılıqlarını ifadə ediblər. ABŞ-ın "GEİPA" təşkilatının icraçı direktoru V.Corce Ə.Kərimovun elektron poçtuna göndərdiyi məktubunda ötən iki il müddətində irəliyə doğru addımlar atılmadığı qeyd olunub. Məktub müəllifi Ə.Kərimova müraciətlə "Ümidləri doğrutmamaq səhvlərdən nəticə çıxarmamaq deməkdir" deyə bildirib. Eyni zamanda, məktubda Ə.Kərimov ATƏT-in Bakı ofisinin sədr müavini M.Stounla əlaqələrinin ictimai müzakirəyə çıxarılmasından narahatlıq keçirdiklərini və bunun aradan qaldırılması üçün Hollandiya variantından istifadə edilməsinin vacibliyi vurğulanıb. Həmçinin, məktubda Ə.Kərimova 2010-cu ilin yanvarın 14-də göndərilən 117 min ABŞ dollarının hesabatının verilməsi də tövsiyə edilib. Bu barədə "Səs"ə məlumat verən mənbənin dediyinə görə, zərbəni zərbə ardınca almasından Ə.Kərimov ciddi təşviş keçirib. Dünən idarə heyətinin üzvlərini toplayaraq, yardım üçün onlardan acizanə xahişlər edib. Ə.Kərimov qeyd edib ki, qısa müddətdə "GEİPA"nın ofisinə 117 min ABŞ dollarının hesabatının verilməyəcəyi təqdirdə, 5 iyun mitinqinin maliyyə ödənişi həyata keçirilməyəcək. Məlumata görə, idarə heyətinin üzvləri 117 min dolların onlara çatmaması səbəbindən məsələnin həlli üçün kömək göstərə bilməyəcəklərini söyləyiblər. Bunu isə Ə.Kərimovun güvəndiyi idarə heyəti üzvlərindən aldığı növbəti zərbə hesab etmək olar. Ona görə də, Ə.Kərimovun xarici ağaları tərəfindən ciddi cəzalanacağını söyləmək də mümkündür. Hər halda, proseslərin inkişafı və araşdırmalar da bunu deməyə əsas verir.