Radikal düşərgədə ad "davası" başladı
Son zamanlar radikal müxalifət düşərgəsində münasibətlər tamamilə gərgin bir duruma düşüb. Düşərgədə təmsil olunan partiyalardan biri digərini görmək belə istəmir. Bu ilin payızında keçiriləcək parlament seçkilərində birlikdə iştirakdan və blok yaratmaqdan dəm vuran müxalifət yetkililəri, səslənənlərin tam əksinə olaraq aralarında daha çılğın qarşıdurmaların yaranmasına imkan veriblər.
Bir gün birlikdən, əməkdaşlıqdan bəhs edən radikal müxalifət yetkililərinin səhərisi gün bir-birinə qarşı qanlı düşmənçilik mövqeyindən çıxış etmələrini müşahidə etmək artıq adətə çevrilib. Bu yaxınlarda düşərgədə şok yaradacaq olaylardan olan "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevlə Müsavat partiyası və AXCP (i) arasında yaşanmış olay da radikalların hələ bundan sonra daha çox çəkişmələrə vaxt ayıracaqlarından xəbər verir. Digər bir tərəfdən isə düşərgə təmsilçiləri son zamanlar gündəmin nəbzini tutmaq üçün əməlli-başlı yarışa giriblər. Onlar bu məqsədlə bir-birlərinə qarşı ittihamlar irəli sürərək, köhnə ədavətlərə yeni prizmadan yanaşmaqla, qalmaqal yaratmaqda maraqlı görünürlər. Elə bu qarşıdurmalardan biri də "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan "Azadlıq" partiyası ilə "Azadlıq" bloku arasında baş verdi. "Aazdlıq" partiyasının sədri Əhməd Orucun bloka qarşı qaldırmış olduğu ittiham müxalifət düşərgəsində yeni qalmaqala səbəb ola biləcək prosesin əsası kimi qiymətləndirilir. Belə ki, "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan "Azadlıq" partiyasının sədri açıqlamasında "Azadlıq" blokunun adına iddiaçı olduqlarını bəyan edib.
Ə.Orucun sözlərinə görə, "Azadlıq" adının seçki blokuna qoyulması hüququna, əslində, "Azadlıq" partiyasının olduğu blok malikdir. Hazırkı "Azadlıq" bloku isə, faktiki olaraq, "Azadlıq" partiyasının adını mənimsəyib. "Azadlıq partiyası 1995-ci il yanvar ayının 7-də təsis qurultayını keçirib. 10 illik mübarizədən sonra-2005-ci ildə dövlət qeydiyyatından keçib. 2005-ci ildə bir sıra partiyaların yığışaraq, bizim partiyanın adını daşıyan seçki bloku yaratmasına biz o zaman ciddi reaksiya vermədik, çünki başımız seçkiyə qarışmışdı. Ancaq artıq zamanı çatıb ki, hər kəs öz adı ilə blok yaradıb seçkiyə qatıla bilər. Biz hazırda "Azadlıq" siyasi blokundakı üç partiyaya çatdırmaq istəyirik ki, bloklarının adını dəyişsinlər. Xüsusilə də, mən razı olmayacağam ki, həmin üç partiya "Azadlıq" adında seçki bloku yaratsın. Bu adda seçki blokunu ancaq "Azadlıq" partiyasının təmsil olunduğu birlik yarada bilər. Bunu həm siyasi etika, həm də məntiq tələb edir. Dövlət qeydiyyatından keçmiş partiyanın adını bloklarına qoymaları düzgün deyil. Bu, cəmiyyətdə də çaşqınlıq yaradır" - deyən Ə.Oruc hüquqlarının təmin edilməsi üçün istənilən formada addım atmağa hazır olduqlarını da bəyan edib.
Hazırkı "Azadlıq" siyasi blokundakı partiyaların seçkiyə "DUİ" ilə eyni blokda getməsi imkanının hələ tükənmədiyini düşünən Ə.Orucun dediyinə görə, onlar "DUİ" ilə eyni blokda seçkiyə gedərlərsə, yəni müxalifətin ümumi birliyi yaranarsa, həmin blokun adının "Azadlıq" qoyulmasında təkid edəcəklər: "Əgər "DUİ" yalnız Müsavatla vahid seçki bloku yaradacaqsa, onun da adını "Azadlıq" bloku adlandıracağıq".
Ə.Oruc bildirdi ki, bu iki variantdan heç biri reallaşmayacağı halda, parlament seçkilərində "DUİ" seçki bloku "Azadlıq" adlanacaq". Odur ki, indidən AXCP (i)-nin, ALP-nin və "VİP"-in nəzərinə çatdırırıq ki, "Azadlıq" adından imtina edib, bloklarına yeni ad qoysunlar".
Ə.Oruc hazırkı "Azadlıq" blokuna daxil olan partiyaların seçkiyə birgə gedəcəklərinə şübhə etdiyini də bildirdi: "ALP-nin "lider"i seçkiyə getmək fikrində deyil. AXCP (i) ilə müttəfiqlərindən biri arasında ciddi narazılıq baş qaldırıb. Ötən həftə "VİP" sədri Əli Əliyevlə bağlı qalmaqalın ortaya çıxmasından sonra başlanan narazılıq əsaslıdır və hesab edirəm ki, AXCP (i) narazı qalmaqda haqlıdır. Mən inanmıram ki, AXCP (i) bu cür müttəfiqliyi davam etdirsin. Blokun dağılması ehtimalı kifayət qədər böyükdür".
Ona görə də, bütün fikirlər müxalifətin yaxın zamanlarda tamamilə siyasi səhnəni tərk etməsi faktoru ilə eynilik təşkil etmiş olur. Çünki düşərgədə artıq çürümüş partiya sədrləri başlarından böyük iyrənciliklərə əl atmaq niyyətinə düşüblər. Bu da onların acı sonluğunu bir qədər də tezləşdirmiş olacaq.