Pənah Hüseynovla Rauf Arifoğlu niyə Müsavatın namizədləri siyahısına salınmadı?
Bu günlərdə Müsavat partiyasının qarşıdan gələn parlament seçkiləri ilə bağlı namizədlərinin siyahısının açıqlaması həm müxalifət düşərgəsində, həm də, öz daxilində narazılıqların daha açıq şəkil almasına səbəb olub. Bu il başqanlıq müddətinin başa çatmasına baxmayaraq, İsa Qəmbərov Müsavatı özünün malı-mülkü hesab etdiyindən, tutduğu postu tərk etməyəcəyi barəsində açıqlama verib. Başqanın bu açıqlaması partiyada böyük narazılıq yaratmasına baxmayaraq, o, hələ də öz işində olduğunu nümayiş etdirməyə çalışır. Doğrudur, onun bu iddiasından heç məmnun olmayanlar İ.Qəmbərovun zərərsizləşdirilməsi üçün heç də əllərini-qollarını sallayıb oturmayıblar. Başda "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu olmaqla, Müsavat deputat qrupunun üzvü Pənah Hüseynov və digərləri İ.Qəmbərova daha başqanlıq yolunda dur demək üçün məqam axtarırlar. Rəhbərlik etdiyi partiyadan bir müddət uzaq qalmış İ.Qəmbərov isə son zamanlar Müsavat üçün "qayğıkeşlik" nümayiş etdirməyə səy göstərir. Ötən il başqalıqdan və ümumiyyətlə, siyasətdən birdəfəlik gedəcəyini bildirən İ.Qəmbərov sonradan, ardıcıl olaraq, bir sıra xarici ölkələrdə olması və müəyyən göstərişlər alması müqbilində "işə" başlamağa həvəslənib. Onu həvəsləndirən başqa nüansların olduğunu da nəzərə alsaq, İ.Qəmbərovun hələ bir müddət də başqanlıqda qalacağını proqnozlaşdırmaq olar. Amma bütün bunlara baxmayaraq, Müsavat daxilində İ.Qəmbərov "era"sının sonunun daha da yaxınlaşdığını hiss etmiş olardıq. Çünki artıq onun kimilərinin yükünü digər həmkarları çəkəsi deyil ki?! Bu yaxınlarda mətbuata açıqlama verdikdən sonra utancaq qız kimi hamıdan qaçıb gizlənən AMİP "lider"i Etibar Məmmədov da müxalifətdə bu günə qədər qarıyıb qalmışlara "ağıllı" bir məsləhət verib. O bildirib ki, müxalifət partiya sədri kimi bir yeri uzun müddət tutub saxlamaq şəxsi iddiadan başqa bir şey deyil. Görünür, onun bu ifadəsi hələ İsa "bəy"in qulağına gəlib çatmayıb. Əgər o, E.Məmmədovun bu sözünü eşitsə, ardına baxmadan, siyasətdən gedəcək. Çünki müxalifət düşərgəsində hal-hazırda təqaüdə çıxacaq birinci şəxs İ.Qəmbərovdur.
Amma İ.Qəmbərovun cavanlığı, deyəsən, hələ təzə-təzə yadına düşüb. Çünki o, artıq deputat olmaq iddiasındadır. Bu məqsədlə də, İ.Qəmbərov partiyasında xoşuna gələn adamların adlarını bu il keçiriləcək parlament seçkilərində namizədlər siyahısına yazdırıb. Dünənə kimi dodaq-dodağa öpüşdükləri P.Hüseynovun və R.Arifoğlunun adını Müsavatın namizədləri siyahasına saldırmayan İ.Qəmbərov, deyəsən, bu iki şəxsin ona qarşı olan birliyindən xəbər tutub. Digər bir yandan isə, P.Hüseynovla R.Arifoğlu, birmənalı şəkildə, Müsavat partiyasında struktur dəyişikliyinin tərəfdarları kimi çıxış etmələri də onların İ.Qəmbərovun qara siyahasına düşməsini təmin etmiş olub. Maraqlısı isə odur ki, müxalifət düşərgəsində, sanki bir dəb halını almış üzə gülüb ayağının altını qazmaq mərəzi bu dəfə İ.Qəmbərovun timsalında təzahür tapmış oldu. Məsələnin digər maraqalı tərəfi isə, ondan ibarətdir ki, Müsavatın namizədlik siyahısında adlarını keçməyən R.Arifoğlu və P.Hüseynov parlament seçkilərində iştiraklarında israrlı görünürlər. Hətta R.Arifoğlu bizimlə söhbətində artıq Nizami rayonu 25 saylı seçki dairəsindən namizədliyini geri götürəcəyi və bu barədə Müsavat rəhbərliyinə məlumat verəcəyini də bildirib. O, adının məlum siyahıya salınmamasını texniki məsələ kimi qiymətləndirməyə çalışsa da, reallığı gizlədə bilmədi. Bildirdi ki, onun namizədliyinin mənsub olduğu partiyada dəstəklənməsi üçün müsbət qiymət veriləcək. Amma digər müxalifət partiya namizədləri ilə də eyni seçki məntəqəsindən, mübarizə aparmağa belə hazır olduğunu bildirən R.Arifoğlu istəyində sona qədər israrlı olduğunu da bəyan edib. AXP-nin keçmiş sədri P.Hüseynov isə qarşılaşmış olduğu mənzərədən məyus görünür.