İsa Qəmbərovla Mirmahmud Fəttayev növbəti biabırçılıqdan özlərini qoruya bilmədilər
Radikal müxalifət düşərgəsində son zamanlar baş verən anormal proseslər daha çox gülüş hədəfinə çevrilib. Bütün hallarda özlərinin iç üzlərini açıq şəkildə cəmiyyətə göstərən müxalifət partiya sədrləri tabeçiliklərində olan iki-üç nəfər əlaltılarının hesabına hansısa bir metro stansiyasının qarşısında səs-küy salmağı az qala özləri üçün "böyük qəhrəmanlığa" çevirirlər. Bu mənada, bir müddət öncə, Müsavatın və "Azadlıq" blokunda təmsil olunan partiyaların üç-dörd nəfərlə metro stansiyaları qarşısında hay-küy salaraq, özlərini necə gülünc vəziyyətə saldıqlarını bütün cəmiyyət görüb.
Məhz mayın 21-də Müsavat partiyası ilə "Demokratiya Uğrunda İttifaqda" təmsil olunan partiyalar guya böyük aksiya keçiricəkləri barəsində tabeçiliklərində olan mətbu orqanlarda başlarından yekə ifadələr işlədirdilər. Amma məqam yetişən anda İsa Qəmbərovla Mirmahmud Fəttayev onları gözləyən daha böyük biabırçı durumdan imtina etmək qərarına gəlməli oldular. Onların gətirdikləri arqumentin isə heç bir əsası yoxdur. Çünki "Azadlıq" blokunda təmsil olunan partiyalar iki-üç nəfərdən ibarət gülüşlə müşayiət olunan aksiyasını mayın 15-də keçiriblər. Bunun ardınca isə, İ.Qəmbərov 21 may mitinqinə ciddi hazırlıqlarla getməsi barəsində fikirlər səsləndirib. İndiki halda isə, keçirmək istədikləri mitinqin təxirə salınma səbəblərini sel sularının nəticələri ilə əlaqələndirirlər. Amma müxalifətdəkilərin yaddaşında problem olsa da, cəmiyyətin diqqəti heç nəyi gözdən buraxmır. Onlara bir faktı xatırlatmaq istərdik ki, sel sularının yaratmış olduğu fəsadlar mayın 2-dən etibarən başlayıb. Mayın 15-də isə, "Azadlıq" bloku oyuncaq aksiya keçirib. Buradan belə bir məntiqi nəticə ortaya çıxır ki, ya "Azadlıq" bloku müxalifət hesab olunumur, ya da Müsavatla "DUİ" erməni təfəkkürü ilə işləyir. Belə bir ziddiyyətli prinsipin ortada olması isə müxalifətin hansı səviyyədə olmasından xəbər verir.
Reallıq isə, ondan ibarətdir ki, bütövlükdə, sosial bazasını itirmiş müxalifət üçün aksiyalar, sadəcə olaraq, sözdə keçirilə bilər. Çünki İ.Qəmbərov da, "DUİ" də təmsil olunan partiyalar da bilirlər ki, onların sədr postunda təmsil olunan təmsilçilərindən başqa arxalarında heç kəs yoxdur. Ona görə də, onların istənilən formada mitinq və ya piket keçirmək barəsində səsləndirdikləri fikirlər, söz olaraq, qalmaqdadır və bundan sonra da belə olacaq. Çünki müxalifət partiya sədrlərinin arxasında bu gün on nəfər adam yoxdur ki, İ.Qəmbərov və M.Fəttayev onların əlinə plakat verib ortaya çıxarsın. Elə məsələnin kökündə dayanan əsas amillər də bundan ibarətdir. Burada başqa bir məntiq axtarmaq isə müxalifətin özü qədər qəliz məsələdir.