El gücü sel gücünə qalib gələcək
Dünyanın elə bir ölkəsi, elə bir cəmiyəti yoxdur ki, yarana biləcək və baş verəcək hər hansı təbii proseslərdən özünü sığortalaya bilsin. Dünyanın ayrı-ayrı ölkələrində təbiət hadisələri baş verir və insanlar da, bir çox hallarda, bundan ziyan və əziyyət çəkir. Bu yaxınlarda bütün Avropanı ağuşuna almış kül burulğanı, Türkiyədə bir müddət öncə baş vermiş sel daşqınları, eyni zamanda, ABŞ-da baş verən tornado və qasırğaları misal göstərmək olar ki, bu təbiət hadisələrindən həmin ölkələr müəyyən mənada əziyyət çəkiblər.
Amma bu problemi aradan qaldırmaq üçün həmin ölkələrin vətəndaşları birlik nümayiş etdirərək dövlətlərinə öz köməkliklərini göstərirlər. Amma acı həqiqət ondan ibarətdir ki, bu gün ölkəmizdə fəaliyyət göstərən müxalifət nədənsə hər bir məsələdən öz maraqları üçün istifadə etməyə çalışır. Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov da müxalifətin çirkin niyyətinin belə bir halda da özünü göstərməsini təəssüf hissi ilə qeyd edib. Bildirib ki, onlar Saatlı rayonunun Kür çayı sahilində yerləşən kəndlərində su basmış ərazilərdə olublar və vətəndaşlarla görüşüblər. Saaatlı rayonunun sel sularına məruz qalmış kəndlərində əhali ilə görüşdükləri zaman Prezident İlham Əliyevin onlar üçün hər bir şərait yaradacağını bildirdiyini vurğulayan K.Seyidov dövlət başçısının sel sularından əziyyət çəkən vətəndaşlarımıza dəstək verəcəyini qeyd etmişdir. "Radikal müxalifət hər bir məsələdə öz çirkin niyyətini güdür. Bu məsələdə də müxalifətin yürütdüyü siyasət tamamilə düşmənçilik siyasəti ilə eynilik təşkil edir. Adını müxalifətçi qoyanların erməni dəyirmanına su tökdükləri şəksizdir. Bu səbəbdəndir ki, hazırda subasma təhlükəsi olan ərazilərdə də, dövlətimizin görmüş olduğu qabaqlayıcı tədbirlər, nədənsə, radikal müxalifət tərəfindən birmənalı olaraq tənqid edilir. Onlar ancaq hər şeyi öz istək və arzularına görə qiymətləndirirlər. Bu da, öz növbəsində, cəmiyyətin müxalifətə qarşı nifrətinin hədsiz olmasına səbəb olur" deyən K.Seyidov müxalifətin riyakarlığının arxasında ancaq çirkin məqsədlərin dayandığını bildirib. Qeyd edək ki, Kür və Araz çaylarının daşması nəticəsində yaranan daşqınların qarşısının alınması üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılmaqdadır. Yazın gəlməsi ilə əlaqədar olaraq dağlarda qarın əriməsi nəticəsində Azərbaycanın ən böyük çayları olan Kür və Arazda suyun səviyyəsinin qalxması bir sıra problemlər yaradıb. Hər iki çayın daşmasından daha çox əziyyət çəkən rayonlardan olan Sabirabad, Saatlı, İmişli və Salyan rayonlarının Kür və Araz çayları sahilində yerləşən kənd və qəsəbələrində subasma təhlükəsi meydana gəlib. Nəticədə adlarını qeyd etdiyimiz rayonların bəzi kənd və qəsəbələrində sel sularının yaratmış olduğu problemlər həmin ərazilərdə yaşayan əhalinin təhlükəsiz yerlərə köçürülməsi zərurəti yranıb. Eyni zamanda, daşqın nəticəsində evlərindən çıxmış sakinlərin hər bir zəruri ehtiyaclarını ödəmək üçün də gərəkli addımlar atılıb, işlər görülüb. Sel daşqınlarının yaratmış olduğu problemlər nəticəsində təhlükəsiz yerlərə köçürülmüş vətəndaşlarımız üçün hər bir vacib olan işlərin həyata keçirilməsi bu gün də davam etməkdədir.