Əhməd Oruc - Əli Kərimov qalmaqalı yaranır
Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca müxalifət düşərgəsində gərginlik daha da kəskinləşir. Belə ki, düşərgədə təmsil olunan partiyalar öz aralarındakı qarşıdurmaları bir kənara ataraq qarşıdakı seçkilərə yeni bir birliklə getmək üçün baş sındırır. Bir çoxları bu birliyin yaranmasında maraqlı olsalar da, əksəriyyət bu cür formatda ümumi rəyə gəlməyin əleyhinədirlər. Amma maraqlı bir məqam isə, ondan ibarətdir ki, müxalifət düşərgəsində daha çox güc nisbətində olan qüvvələr belə addımın mümkünsüzlüyünü, birmənalı olaraq, vurğulayırlar. Çünki 18 ildən artıq bir zaman kəsiyində onlar məhz belə birlik və formatların yaranmasını qeyri-adi hal kimi qarşılayıblar. Tamamilə başqa-başqa qütblərə xidmət edən müxalifət qurumlarının indiki şəraitdə hər hansı formada ümumiləşməsi absurd görünür. Onlar daha çox məhz ölkə daxilində qeyri-sabitliyin yaranmasında maraqlı olduqları üçün, belə bir mənasız təklifə də məhz həmin prizmadan yanaşırlar.
Həqiqət isə, ondan ibarətdir ki, istər indi, istərsə də, on ildən sonra siyasi arenaya gələcək şəxs müxalifət düşərgəsində nə kimi proseslərin baş verməsində, halidir. Bu mənada, müxalifət dedikdə, göz önünə, ilk növbədə, yalançı, avantürist, boşboğaz adamların siması gəlir. Çünki onlar zaman-zaman xalqa yalan danışaraq, öz etimadlarını tamam itiriblər. İndiki şəraitdə isə, onların gündə yüz oyundan çıxmaları, sadəcə olaraq, ikrah hissi ilə qarşılanır. Cəmiyyət artıq pisi-yaxşıdan seçməyi çox gözəl dərk edir. Bu baxımdan da, müxalifət anlamı artıq özünün bütün biabırçı simasını müxtəlif çalarları ilə göstərib. Eyni zamanda, unutmaq olmaz ki, bu düşərgədə təmsil olunanların özləri öz aralarında itlə pişik kimi bir-birinin ətini yeməyə belə hazırdırlar. Zaman göstərib ki, istənilən bir həlledici məqamda müxalifət özünün yetkinliliyini nümayiş etdirə bilməyib. Bunun bir səbəbi yuxarıda sadaladığımız prinsiplərlə bağlı olsa da, digər səbəbi şəxsi maraqlardan yaranan məsələlərdir. Heç birinə güzəştə getməyi bacarmayan müaxlifətdən cəmiyyət üçün nəsə xeyirli bir addım gözləməyin özü daha sadəlövh addım olardı. Bu baxımdan da, ümumi birlik yaratmaq eşqinə düşmüş müxalifət cəbhəsində yeni-yeni qarşılıqlar da yaranmaqdadır. "Azadlıq" blokunda özünü hakimi-mütləq hesab edən AXCP (i) sədri Əli Kərimov indi də "Demokratiya Uğrunda İttifaq"ın üzvlərindən olan "Azadlıq" partiyasının sədri Əhməd Orucun hiddəti ilə qarşılanır.
Onu da qeyd edək ki, elə müxaliftçiliyə başlayandan Ə.Kərimovu görmək istəməyən Ə.Oruc indi məhz müxalifətin vahid birliyinin yaranacağı təqdirdə, onunla bir masa ətrafında əyləşməyi özünə ar bilir. Burada digər bir məqam isə Ə.Orucla yaxın münasibətdə olan "KAXCP" sədri Mirmahmud Fəttayevlə Ə.Kərimov arasında qanlı düşmənçilik münasibətlərinin olmasıdır. Çünki hər iki şəxs indiyə qədər AXC-nin bölüşdürülməsində və keçmiş liderləri olan mərhum Əbülfəz Elçibəyə xəyanətdə bir-birini kəskin şəkildə ittiham edirlər. Məhz bu ittihamlardan sonra isə AXCP (i), "KAXCP", BAXCP, Böyük Quruluş, "Aydınlar" partiyası yarandı. Ona görə də, indi Ə.Orucun Ə.Kərimovdan zəndeyi-zəhləsi gedir. Ə.Oruc deyir ki, iti görüm, qurdu görüm, amma Əlini görməyim. Ə.Kərimova qarşı allergiyasının olduğunu qeyd edən "Azadlıq" partiyasının sədri, onu ikiüzlülükdə, yalnçılıqda və xəyanətdə günahlandırır. Qeyd edir ki, onun günahları bağışlanması heç vaxt mümkün olmayan günahlardır.