PDF Oxu

Müxalifət

  • 10

"Qarabağ Forumu", yaxud Pənah Hüseynovla Akif Nağı dueli

"Qarabağ Forumu", yaxud Pənah Hüseynovla Akif Nağı dueli
İki gün öncə, "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyaların təşəbbüsü ilə keçirilən "Qarabağ Forumu" böyük qalmaqalla yadda qalıb. "Forum"un təşkilatçısı olan "KAXCP" sədri Mirmahmud Fəttayev müxalifət partiyalarının əksəriyyətinə bu tədbirdə iştirak etmək üçün dəvətnamə göndərməsinə baxmayaraq, onların heç birinin burada iştirak etmədiyini bildirib.
Qeyd edib ki, bu addım müxalifət partiya rəhbərlərinin Qarabağ məsələsinə yanaşmasının təzahürüdür. Eyni zamanda, müxalifətin birliyindən danışan şəxslərin belə bir təşəbbüsə biganə qalma reallığının hələ tam olaraq aşkara çıxmadığını söyləyən M.Fəttayev "forum"a dəvət olunan şəxslərin hərəkətlərini heç bir bahənə ilə ört-basdır etməyin mümkünsüzlüyünü də dilə gətirib. Digər bir tərəfdən müxalifətin bu məsələyə açıq şəkildə birmənalı yanaşması onların hansı amala xidmət etmələrini bir daha açıb göstərmiş oldu.
"Qarabağ forumu"nun keçirildiyi müddətdə, "forum"da ancaq M.Fəttayevin yaxın qohumları iştirak edirdilər. Çünki müxalifət təmsilçilərinin heç biri burada iştirak etmirdi. Sonradan isə "forum"un işinə qatılmış AXP sədri Pənah Hüseynov və "Qarabağ Azadlıq Təşkilatı"nın sədri Akif Nağı aralarındakı problemi həll etmək üçün buraya təşrif buyurduqlarını bildirdilər. Çıxışında daha çox həmkarlarının ünvanına sərt mesajlar göndərən P.Hüseynov müxalifət düşərgəsində Qarabağ problemindən danışan şəxslərin belə bir toplantıya qatılmamasını onların vicdansızlığı ilə əlaqələndirib. O, qeyd edib ki, müxalifət düşərgəsində təmsil olunan siyasi partiyalar və təşkilatlar öz maraqlarına uyğun olan məsələləri daha çox qabardırlar. Onun bu alovlu çıxışı "QAT" sədrinin özündən çıxması ilə nəticələnib. A.Nağı P.Hüseynovdan öz maraqlarından çıxış edən şəxslər dedikdə, kimləri nəzərdə tutduğunu açıqlasın. Həmişə olduğu kimi çılğınlığından geri qalmayan P.Hüseynov isə A.Nağıya Qarabağ məsələsinin, ümumiyyətlə, ona aidiyyatı olmadığını bildirib. Elə "Qarabağ forumu"nun Pənah-Akif problemi də bundan sonra başlayıb. P.Hüseynov A.Nağıya səsini kəsməsini və ona aid olmayan məsələlərə burnunu soxmamasını, A.Nağı isə, öz növbəsində, P.Hüseynova ağıllı olmağı tövsiyə edib. O bildirib ki, müxalifət düşərgəsində təmsil olunan şəxslərin, o cümlədən də, P.Hüseynovun Qarabağ məsələsindən danışmağa heç bir mənəvi haqqı yoxdur. Məhz "forum"da hər iki şəxs arasında başlanmış olan mübahisə onların əlbəyaxa olması ilə nəticələnib. Lakin M.Fəttayev və Əhməd Oruc onları sakitləşdirməyə nail olublar. Ümumilikdə isə, çox gərgin və daha çox qalmaqallar üzərində qurulmuş mübahisələr "Qarabağ Forumu"nun işini tamamilə iflic etmiş oldu. Çünki P.Hüseynovla A.Nağı arasında başlanmış dava burada iştirak edən ayrı-ayrı şəxslər arasında da davam etmiş oldu. Beləliklə də, "forum"un işi tamamilə başqa istiqamətə yönəldi. Bu isə müxalifətin ənənəvi simasının növbəti dəfə nümayişi idi. Çünki düşərgə təmsilçiləri, hələ də, bu çərçivədən kənara çıxa bilmirlər. Onların çirkin niyyətləri məhz buna imkan vermir. Bu baxımdan da, müxalifət təmsilçilərinin sözləri ilə əməlləri heç vaxt üst-üstə düşmədiyindən, onlar həmişə bu cür durumlarla üzləşirlər.
Müxalifətin bu cür anormallıqlarının arxasında isə onların məkirli niyyətləri dayanır. Əslində isə, bu gün müxalifətdə təmsil olunan şəxslərin Qarabağ məsələsindən danışmağa heç bir haqları yoxdur. Bunu "Səs" qəzetinə açıqlamasında keçmiş müdafiə naziri Rəhim Qazıyev də bildirib. O, qeyd edib ki, bu gün Qarabağ probleminin həllindən danışan müxalifət liderləri müharibə zamanı qaçıb gizlənmişdilər və bir çoxları da bizneslə məşuğ olurdu. Onlardan "QAT" sədri A.Nağının, P.Hüseynovun və başqalarının da bu sıraya aid olduğunu dilə gətirən R.Qazıyev Dağlıq Qarbağda qızğın döyüşlər gedən zaman Akif Nağının institutda 50 manata diplom işi yazdığını fakt kimi vurğulayıb. O, həmçinin, müxalifətin "Qarabağ Forumu" keçirmək üçün mənəvi haqqının olmadığını və bu problemin həllindən danışan şəxslərin, əslində, məsələyə heç bir aidiyyatlarının olmadığını da açıqlayıb.

Digər xəbərlər