Düşərgədə növbəti "yarpaq tökümü"
Bu qalmaqalın bünövrəsini Milli Məclisin son iclaslarında AXP-nin keçmiş sədri, millət vəkili Pənah Hüseynov pafoslu çıxışları qoydu. "Parlament seçkiləri ərəfəsi P.Hüseynov oturduğu kresloya əlvida deməsinə əmin olduğu üçün Milli Məclisin son sessiyasının keçirdiyi plenar iclaslarından daha çox istifadə etmək məqsədi ilə belə bir hay-küylü çıxışlar edir".
Bu fikri söyləyən müxalifət funksionerlərindən Elman Hümbətov, Sahibə Nəzirzadə, Davud Xəniyev "Səs" qəzetinə verdikləri açıqlamalarında bildirdilər: "Ən qəribəsi isə, P.Hüseynovun hər iclas zamanı cinayətkar jurnalstlərin azadlığa buraxılması ilə bağlı müraciəti dönə-dönə vurğulamasıdır. Elə belələrinə görə bizləri də düşərgə müxalifətçilərlə birlikdə fırıldaqçı kimi tanıyırlar. Necə deyərlər, "yaşın oduna quru da yanır". Bizi də o siyahıya salırlar. Haqlı iraddır. Çünki 18-19 il AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" sədri Lalə Hacıyeva və bu kimilərin bu yolu gedə-gedə hansı oyunlardan çıxmaqlarına göz yummaqla bərabər, onlar barədə şərh verməyə də ehtiyac duymamışıq. İndi də, hər seçkidə uğursuzluqla üzləşən bu kəslər, indi də parlament seçkilərində qələbə qazanacaqlarını söyləyirlər. Bu adamların həyasızlığını çox görmüşük. Bir də gərək nə qədər abırsız olasan ki, hər seçkidən, biabırçı məğlubiyyətə düçar olduqdan sonra yenidən ictimaiyyət qarşısına çıxıb deyəsən ki, bu dəfə "qələbə bizimdir".
Bizə yaxın mənbənin məlumatına görə, guya Müsavat başqanı İsa Qəmbərovla "Yurd" şefi Əli Kərimov arasında parlament seçkiləri ilə bağlı danışıqlar aparılır. Ancaq baş verən hadisələrə əsaslanaraq, demək olar ki, bu iki radikal müxalifət partiyası arasında əməkdaşlıq mümkünsüzdür. Yaranmış vəziyyəti daha aydın görmək üçün istər prezident, istər referendum, istərsə də, bələdiyyə seçkiləri ərəfəsində müxalifətin ümumi panoramasına nəzər yetirmək kifayətdir. Belə ki, düşərgədaxili inteqrasiya, daha doğrusu, müxalifət partiyalarının qarşıdakı növbəti parlament seçkilərində əməkdaşlıq məsələsi, demək olar ki, dalana dirənib.
Bu fikri ADP sədri Sərdar Cəlaloğlu müxalifət düşərgəsində olan partiyaların əməkdaşlıqdan danışmalarının mümkünsüz olduğunu təsdiqləyib: "Ölkədə keçirilən bütün seçkilər ərəfəsi düşərgədə "birlik" və yaxud da "əməkdaşlıq" ideyasını ortaya atmaqla, özlərinin varlıqlarını nümayiş etdirmək istəyir. Lakin həqiqəti danmaq qeyri-mümkündür. Çünki hazırkı situasiyada müxalifət partiyalarının arxasınca gedəcək bir nəfər də olsun adam tapmaq mümkün deyil".
S.Cəlaloğlunun sözlərinə görə, ADP rəhbərliyinə daxil olan şəxslər hesab edirlər ki, konstruktiv müxalifət yalnız iqtidarla küçələrdə vuruşmaq, döyüşmək formasını deyil, həm də əməkdaşlıq formasını ortaya qoymalıdır: "Dağlıq Qarabağ məsələsində bütün beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycanı əməkdaşlıq etməyə çağırır. İqtidar-müxalifət münasibətlərində də yalnız qarşıdurma mübahisə deyil, qarşılıqlı uzlaşma ilə münasibətlər qurmaq lazımdır. Bu, nə mənim, nə də başqasının kəşfidir. Dünyanın hər yerində belədir ki, iqtidar və müxalifət partiyaları bir çox halda koalisiya yaradıb, yeni qüvvə kimi cəmiyyətdə müəyyən dəyişikliklər etməyə nail olub. Əsas məqsədimiz Azərbaycanda münasibətləri yeni müstəviyə çıxarmaq, siyasi situasiyanı dəyişdirməkdir. Ona görə də, yolumuzu aydın və düzgün olaraq müəyyən etmişik. ADP müstəqil partiya olduğu üçün müstəqil xətt yürüdür".
Beləliklə, Azərbaycanda siyasi ab-hava dəyişmək üzrədir. Qarşıdakı parlament seçkisində məğlubiyyətə uğrayacağına yüz faiz əmin olan radikallar, müxtəlif bəhanələr və böhtanlarla ölkədə siyasi qarışıqlıq yaratmağa çalışırlar. Məhz bu səbəbdən də, müxalif düşərgədə mübarizə müxalifət-iqtidar müstəvisindən, müxalifət-müxalifət müstəvisinə keçib. Ona görə də, radikalların çıxış yolu onların siyasi səhnədən birdəfəlik silinməsindədir.