Avropa İnsan Haqları Məhkəməsi siyasi bir təşkilata çevrilir
Zaman-zaman insanların öz hüquqlarını qorumaq və təmin etmək üçün bir sıra səylər göstərməsini müşahidə etmişik. Bir çox vaxtlarda isə dövlətlərin öz vətəndaşına qarşı olan haqsızlığı məhz beynəlxalq dərəcəli məhkəmələr səviyyəsində tanınıb və ona hüquqi qiymət verilib. Bu gün isə vəziyyət tamamilə dəyişib. Beynəlxalq ictimaiyyətə insan hüquq və azadlıqlarından az qala öyüd nəsihət verən Avropa İnsan Haqları Məhkəməsi son zamanlar atmış olduğu bir sıra düşünülməmiş addımları ilə siyasi bir təşkilat rolunu oynamaqdadır.
Artıq dünyanın bir sıra ölkələri bu təşkilatın hüquqlarına və onun məqsədli qərarlarına qarşı öz etirazını edib. Qloballaşan dünyada insanların hüquq və azadlıqlarının təmin edilməsi, insan faktoru və verilən qiymət məhz Avropa məhkəməsinin standartlarına da öz təsirini göstərib. Elə bu səbəbdəndir ki, bu nüfuzlu təşkilat son zamanlar daha ilginc qərarlar çıxarmaqla, əslində, hansı oyuna xidmət etdiyini nümayiş etdirir.
AİHM üçün artıq heç bir insani dəyər və hüquq prinsipi qalmayıb. Təşkilatın vermiş olduğu qərarlardan açıq şəkildə siyasi motivlərin olduğu bəlli olur. Amma bir faktı unutmaq olmaz ki, dünyada haqqın və ədalətin çarçısı rolunda çıxış edən bu təşkilat tərəfindən bir dəfə də olsun Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən pozulmuş hüquqlarına dair bir qətnamə və yaxud tövsiyyə xarakterli bir addım atılmayıb. Əslində isə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını və 1 milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi faktını bütün dünya ictimaiyyəti çox gözəl bilir. Yəqin ki, Avropa İnsan Hüquqları Məhkəməsində də 1992-ci ilin fevralında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən Xocalı şəhərində edilmiş vəhşiliklər və insanın ağlına gəlməz vəhşiliklər barəsində məlumatsız deyillər. Əgər Avropa Məhkəməsi insanların bu dərəcədə soyqırımına məruz qalmasına öz prinsipləri çərçivəsində yanaşırsa, burada hansı haqq və ədalətdən danışmaq olar? Çünki İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarları sırf sifariş əsasında qəbul edilir. Bəzi hallarda bunu həmin təşkilatın nümayəndələri də təsdiqləyirlər. Bu amil isə güc nisbətinin istiqamətinə doğru əyilməni təmin etmiş olur. Çünki beynəlxalq güclər daima özlərinin diqtə etdiyi qərarların qəbulunda da maraqlı olurlar. Bu baxımdan da, Avropa Məhkəməsinin son zamanlar Azərbaycanla bağlı çıxarmış olduğu qərarlar da məhz sifarişli qararlar hesab olunur. Çünki Azərbaycan demokratik prinsipləri rəhbər tutaraq inkişaf edən bir dövlətdir. Ölkəmizdə insan hüquq və azadlıqları tam təmin olunub. Vətəndaşların mövqeyi istənilən formada əsas tutulur və hər şəxs özünün toxunulmaz hüquqa malik olduğunu çox gözəl bilir. Eyni zamanda, Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin edilməsinə dair bir neçə bənd də mövcuddur. Bütün bunlara baxmayaraq, Avropa Məhkəməsi kor tutduğunu buraxmayan kimi ölkəmizə qarşı haqsız iradlarından əl çəkmir. Bunun da arxasında siyasi konnekturanın dayanması danılmaz faktdır. Sadəcə olaraq, Avropa Məhkəməsinin nədən 2008-ci ilin 1-2 mart hadisələri zamanı Ermənistanda baş verən olayları görmək istəməməsi və bu barədə bir dəfə də olsun hər hansı qərar çıxarmaması əsil reallığın nədən ibarət olduğunu təsdiqləmiş olur. Ona görə də, Avropa İnsan Haqları Məhkəməsi kimi oyuncağa çevrilmiş təşkilatların Azərbaycan barəsində çıxarmış olduğu qərarlar, birmənalı şəkildə, sifariş xarakteri daşıyır.