PDF Oxu

Müxalifət

  • 9

Özündən müştəbeh liderlərin birləşmək arzusu

Özündən müştəbeh liderlərin birləşmək arzusu
Hər seçkiərəfsi "birlikdən" danışan müxalifət partiya sədrləri yenə də qarşıdakı parlament seçkiləri ili başlanan gündən bu fikri həyata keçirməyə çalışırlar. Ancaq istəkləri gedib daşa dirənir. ADP sədri Sərdar Cəlaloğlu "müxalifətin ümumi birliyinə nail ola bilməsi hay-küydən başqa bir şey deyil" fikrini söyləyib: "Bilirsiniz, bir partiya ki, seçkidən-seçkiyə birlik arzusu ilə yaşayırsa, bu, ancaq abstrakt istəkdir. Ona görə də birlik məsələsi yalnız seçkilərlə bağlı gündəmə gəlməli deyil. Hesab edirəm ki, bu, demokratik düşərgənin başlıca hədəflərindən biri olmalıdır. Amma indiki situasiya belədir ki, heç də bütün tərəflər demokratik düşünmür, bir çoxları məsələyə ancaq öz şəxsi ambisiyaları çərçivəsi məsələləri baxımından yanaşırlar. Bu baxımdan da, özündən müştəbeh liderlərinin birliyinin olmaması məqsədəuyğun haldır. Bizim partiya artıq ortaya ümumi bir iradə qoyub ki, birlik məsələsini hallandırmasınlar. Belə olan halda, mənasız yerə birlik cəhdləri etməyin adı yoxdur".
S.Cəlaloğlu birlikdən dəm vuran liderlərin kimi olduğunu da söyləyərək, bildirib ki, düşərgədə təmsil olunan partiyaların 90 faizi həyata keçirilə bilməyən "birlik" arzusundadır: "Elə buna görə də, parlament seçkisində də ən azı 5-6 müxalifət partiyası iştirak edə biləcək. Bu isə ziddiyyətlərə gətirib çıxaracaq. İndi belə bir fikir də səslənir ki, guya bloklar dairələr üzrə namizədləri razılaşdıracaqlar. Bu, necə mümkün ola bilər? 6 seçki bloku 125 dairə üzrə yerləri necə bölüşdürə bilər? Axı hər bir blok ən azı 60 namizəd irəli sürməlidir. Bu da, ümumilikdə, 360 nəfər, hər dairə üzrə isə 3-4 nəfər edir. Deməli, bu durumda, hətta partiyalar, bloklar öz aralarında razılaşsalar da, praktiki cəhətdən, bu, mümkün deyil. Qaldı ki, müxalifətin birliyinə, yenə də qeyd edirəm ki, bu, mümkünsüzdür. Çünki hərə öz dünyagörüşü, baxışı, siyasi məqsədlərindən çıxış edib, hansısa şəkildə bu birliyin əleyhinə çıxır. Müxalifəti zorla birləşdirə bilmərik ki".
ADP sədri seçkiərəfəsi aksiyaların keçirilməsinə münasibətində bildirib ki, bu gün ölkədə kütləvi aksiyaların keçirilməsinə sosial sifariş yoxdur. Onun sözlərinə görə, belə aksiyalar uzaqbaşı partiya funksionerləri və üzvlərinin hesabına keçirilir və ümumilli əhəmiyyət kəsb edən aksiyalara çevrilmir: "O zaman ki, xalq da ciddi şəkildə belə bir ehtiyac olacaq, onda siyasi qüvvələrin də kütləvi aksiyalar barədə qərar verməsi qaçılmaz olacaq. Amma bu gün, dediyim kimi, belə bir sosial sifariş yoxdur".
"Bir neçə partiya seçkilərə bir müddət qalmış seçkilərdə iştirakdan imtina edəcək" fikrini söyləyən S.Cəlaloğlu boykot qərarının mənasız olduğunu söyləyib. Onun sölərinə görə, "Azadlıq" bloku parlament seçkilərini boykot qərarı vermək niyyətində olduğundan, seçkidə iştirak etmək imkanı olan siyasi qüvvələrlə hər hansı şəkildə əməkdaşlıqdan boyun qaçırır: "Müxtəlif bəhanələrlə müxalifətin birliyinin yaranmasına razılıq verməyən partiyalardan biri də Müsavat Partiyasıdır".
ASDP həmsədri Zərdüşt Əlizadə də müxalifətin birliyindən danışmağa dili olmadığını söyləyib. Onun sözlərinə görə, ictimai rəydə müxalifət partiyaları və onların sədrləri perspektivsiz, ancaq bir-biri ilə dartışan qüvvələr kimi tanınır. Məhz buna görə də, cəmiyyət müxalifəti qəbul etmir. Bütün hallarda, o cümlədən, taleyüklü tədbirlərdən onlara "yox" deyirlər. Z.Əlizadə onu da bildirib ki, müxalifət yaranarkən, bir il belə birlik nümayiş etdirə bilmədilər və param-param oldular. Bu birliyi yaratmaq üçün bütün mövzulardan istifadə etdilər, hətta müxalifət partiyalarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərinin üst-üstə düşməməsi bu birliyin heç vaxt baş tutmayacağını sübut etdi. Əgər hər hansı birlik belə mövcud olarsa, bu, sadəcə, söz üzərində mövcud olacaq. Düşərgə sakinlərinin hər biri bir-birinə güzəştə getməsi mümkünsüzdür. Çünki onlar böyük təcrübəyə malik hay-küyçülərdir.

Digər xəbərlər