Müsavatın piket xülyası başına bəla oldu
Müsavat partiyası aprelin 25-də mitinq keçirmək barəsində qərar versə də, hazırda bu qərarın baş ağrısını yaşamaqdadır. Çünki müxalifət düşərgəsində hazırda partiya rəhbərlərindən başqa bir kəs qalmadığından onların mitinq və ya piket keçirmək üçün müxalifətin heç bir imkanı qalmayıb.
Müxalifətin məhz bu duruma düşməsində birbaşa cavabdeh olan şəxslərdən sayılan Müsavat başqanı İsa Qəmbərov aprel ayının 25-də "Demokratiya Uğrunda İttifaq"la birgə keçirəcəkləri mitinqə hansı qüvvə ilə çıxmağın dərdini çəkir. Məhz İ.Qəmbərovun müxalifət düşərgəsində həyata keçirdiyi iyrənc siyasət nəticəsində burada bir nəfər də olsun şəxs qalmayıbsa, deməli, burada yeganə dərd çəkəsi şəxs elə onun özüdür. Çünki İ.Qəmbərov şəxsi maraqlarını daim irəli sürərək, ona qarşı çıxan bütün müxalifət yetkililərini, hətta öz partiya üzvlərini belə zərərsizləşdirməyə nail oldu. Müsavat başqanının iyrənc iddialarına çatması üçün əl atmış olduğu bütün çirkinliklər nəticədə onun tək qalması ilə yekunlaşdı. Ümumilikdə, özünü müxalifətin yeganə lideri kimi qələmə verən İ.Qəmbərov indi də köhnə həmkarı Azərbaycan Liberal Partiyasının lideri Lalə Hacıyevanın ətrafını təmizləməklə məşğuldur. İ.Qəmbərov, ilk növbədə, Lalə Hacıyevanın özünü sıradan çıxarmağı planlaşdırırdı. Elə bu məqsədlə də, Müsavat başqanı tərəfindən onun keçmişi barədə ilginc məlumatlar ictimaiyyətə çatdırıldı. Bu məsələni geniş müzakirə edən Müsavat partiyasının tərəfdarları ALP-ni müxalifət düşərgəsində arzuolunmaz bir qurum kimi qələmə verməyi də bacardılar. Proseslərin ardınca isə İ.Qəmbərov L.Hacıyevanın təmsil olunduğu "Azadlıq" blokunda olan partiyaları öz tərəfinə çəkməklə ALP liderini, faktiki olaraq, tək qoymağı planlaşdırır. Bu məqsədlə Müsavat başqanı İ.Qəmbərov "DUİ" ilə əməkdaşlığı müqabilində "Azadlıq" blokunda təmsil olunan AXCP (i)-ni və "Vətəndaş və İnkişaf Partiyası"nı öz tərəfinə çəkməklə yenidən L.Hacıyevaya tələ qurmağı planlaşdırır. Müsavat-"DUİ" əməkdaşlığı müqabilində, məhz AXCP (i) və "VİP" nümayəndələrinin namizəd kimi irəli sürüləcəyi məntəqələrdən onların namizədlərinin göstərilməməsi də, birbaşa L.Hacıyevanı sıradan çıxarmaq üçün hesablanıb. Bu yolla AXCP (i) ilə "VİP"-in yollarını açmağı planlaşdıran Müsavat-"DUİ" cütlüyü hər iki qurumun "Azadlıq" blokundan çıxması müqibilində də, daha bir neçə təklif irəli sürdüyü bildirilir. Amma bu olanlar Müsavatı aprelin 25-də başına gələcək növbəti biabırçılıqdan sığortalamış olmur. Çünki İ.Qəmbərov bu mitinqə bir neçə min nəfərlə çıxacaqlarını bildirsələr də, hələlik, bu istiqamətdə hər hansı bir işartınını olması bildirilmir. Müsavat partiyasında yaranmış başıpozuqluq mərkəzə tabe olmamaq və bu kimi digər problemlər İ.Qəmbərov "era"sının bitməsinə işarə edir. Amma nədənsə, Müsavat başqanı çirkin niyyətini reallaşdırmaq üçün azğınlığından geri qalmaq istəmir. Bütün bu olanlar isə müxalifətin ağır durumunun daha da, kritik həddə çatmasından xəbər verir. Ona görə də, tam əminliklə demək olar ki, ölkədə müxalifəti seçkiqabağı daha böyük biabırçılıqlar gözləyir.