"Azadlıq" blokunda seçkiərəfəsi ixtilaflar
Bir sıra müxalifət partiyalarında və bloklarındakı mövcud situasiya, artıq bir mövcud həqiqəti deməyə əsas verir ki, daha bu düşərgədəki siyasi tullantıların hər hansı bir addım atması mümkünsüz məsələdir. Çünki onları istənilən seçkidə rüsvayçı və "dramatik məğlubiyyət şousu"nun gözlədiyini yaxşı dərk edən radikal partiya rəhbərləri, demək olar ki, bunu indidən göz önünə alıblar.
Fikir verin, artıq əvvəlki vaxtlardan tamamilə fərqli olaraq, müxalifət nümayəndələri daha hər hansı bir seçkidə nəyəsə ümid etdiklərini önə çəkmir, hakimiyyəti öz bəlağətli "mitinqləri" ilə qorxutmur və "qələbə barəsində" bir kəlmə də olsun danışmırlar. Çünki onların özləri hamıdan yaxşı bilirlər ki, onları bundan sonra ancaq və ancaq rüsvayçı məğlubiyyət sindromu təqib edir. Axı siyasi tullantıya çevrilmiş bu başıbəlalı düşərgədəkilərin özləri açıqca etiraf edirlər ki, onların bundan sonra hər hansı bir mitinq və piket keçirmələri də mümkünsüzdür. Ona görə ki, artıq radikalların arxasınca gedə biləcək bir nəfər də olsun axmaq tapmaq indi qeyri-mümkün məsələdir.
ADP sədri Sərdar Cəlaloğlu və "KAXCP" sədri Mirmahmud Fəttayev açıqca bir faktı qeyd edirlər ki, daha müxalifətin birləşməsi bir yana, şəhərin kənarında da olsa, bir-iki saatlıq mitinq keçirməsi də müşkül məsələdir. M.Fəttayev bunun, əsasən, uzun illlərdən bəri müxalifət rəhbərlərinin minbir fırıldaqla aldatdıqları insanların onlara kəskin nifrət bəsləmələri və müxalifətin rəhbərləri arasında hökm sürən düşmənçiliyin yüksələn xətlə genişlənməsi ilə əlaqələndirib. O, ümumiyyətlə, bunun absurd olduğunu və yaxın bir neçə il ərzində baş tutmayacağını qeyd edib. "KAXCP" sədrinin fikirlərindən belə çıxır ki, partiya rəhbərləri öz siyasi "varlıqlarını" və mövcudluqlarını qorumaq üçün ən çirkin addımlara əl atırlar ki, bu da əhalidə müxalifətə qarşı kəskin nifrət yaradır. Doğrudan da, müxalifət indi "mənəm-mənəmlik" iddialarının qurbanına çevrilib.
Hazırda radikal düşərgədə tanınmayan və bir nəfər də olsun tərəfdarı olmayan "partiya rəhbərləri" at oynadır, özlərini gözə soxmaq üçün ən gülünc iddalarla çıxış edirlər. Bu isə digər siyasi qüvvələrin kəskin reaksiyasına səbəb olur. Hazırda "Azadlıq" blokundakı vəziyyət də bu istiqamətə köklənib. Belə ki, blokun üzvü olan "VİP" sədri Əli Əliyev də öz narazılığını və iddialarını ortaya qoyub. Məlum olduğu kimi, bir vaxtlar küçə söyüşləri ilə bir-birlərini təhqir edən Əli Kərimov, Lalə Hacıyeva və İsa Qəmbərov indi "canbir qəlbdə" olublar. Hətta onlar gizli yerlərdə görüşərək ümumi dil tapmağa çalışırlar. Bu isə blokun daxilində kəskin reaksiyaya səbəb olub. "Azadlıq" blokundakı mənbənin məlumatına əsasən, artıq Ə.Kərimovla açıq qarşıdurmaya girişən Ə.Əliyev, hər iki blok üzvünü ona qarşı sayğısızlıqda suçlayır.
Mənbənin məlumatına görə, özünün oyundankənar vəziyyətə düşdüyünü görən Ə.Əliyev var qüvvəsi ilə Ə.Kərimov və L.Hacıyevaya qarşı çıxmağa çalışır vəhəmkarlarını onu aldatmaqda ittiham edir. Qarşıdakı parlament seçkiləri ilə bağlı blokun seçki qərargahının yaradılması və özünün buna rəhbərlik etməsi məsələsini gündəmə gətirən "VİP" sədri, bunun reallaşmayacağı təqdirdə, blokdakı partiya rəhbərlərinə qarşı çıxacağını və onların əleyhinə kəskin çıxışlar edəcəyini bildirib. Blokdakı mənbə qeyd edir ki, artıq Ə.Əliyev Ə.Kərimovun və L.Hacıyevanın rəqibləri ilə iş birliyinə başlayıb. Bu isə hər iki müxalifət rəhbəri üçün xoşagəlməz situasiya yaradacaq.