Müxalifət düşərgəsində yenidən ara qarışıb
Radikal müxalifət düşərgəsində yenidən ara qarışıb. Burada təmsil olunan partiya liderləri artıq bir-birlərini xəyanətdə və xəbərçilikdə günahlandıraraq, növbəti dəfə münasibətlərini gərginləşdiriblər.
Bir neçə gün öncə, seçki məsələsi ilə bağlı keçirilən beynəlxalq tədbirə qatılan müxalifət partiyaları, digər məsləkdaşları tərəfindən tənqid və təhqir hədəfinə çevriliblər. "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Liberal Partiyası və "Vətəndaş və İnkişaf Partiyası" AXCP (i)-nin təkid və təzyiqlərinə baxmayaraq, bir çox məsələlərdə sərbəst addım atmaları Əli Kərimovun bu cütlükdən ayrılmasını təmin etmiş olub. Eyni ssenari "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan "Azadlıq" partiyasının sədri Əhməd Oruc tərəfindən də atılıb. Çünki hər iki partiya sədri təmsil olunduqları birliklərin onlara qarşı hörmətsizlik və onların fikirlərinə biganə yanaşdıqlarına görə, belə bir addım atmaq məcburiyyətində qalıblar. AXCP (i) sədri Ə.Kərimov artıq bir neçə müddətdir ki, "Azadlıq" bloku tərəfindən ona qarşı kampaniyanın aparıldığını bildirib. Qeyd edib ki, blokda təmsil olunan partiyalar son iki aydır ki, onunla heç bir məsləhətləşmə və söhbət aparmır. Bunu bir çox obyektiv və subyektiv səbəblərlə izah edən Ə.Kərimov blok həmkarlarını xəyanətdə və xəbərçilikdə günahkar bilib. Ə.Kərimovun acizanə formada bu fikirləri çatdırması, onun artıq təmsil olunduğu müxalifət tərəfindən də meydanda tək buraxılmasından xəbər verir. Ona görə də, Ə.Kərimov xarici dairələrdən özünə sığınacaq və dəstək istəmək məcburiyyətində qalıb. Digər bir yandan isə "Azalıq" blokunun təmsilçisi olan "VİP" sədri Əli Əliyev Müsavat partiyasının mətbu orqanı olan "Yeni Müsavat" qəzetinin onlara qarşı qara piar kampaniyası həyata keçirdiyini bildirdi. Qeyd etdi ki, "Yeni Müsavat" qəzeti "Azadlıq" blokunu daima hədəfində saxlayır və başlıca məqsədi də odur ki, blok dağılsın. Ə.Əliyev onu da əlavə edib ki, adıçəkilən qəzet Müsavat partiyasının başqanı İsa Qəmbərovun maraqlarına uyğun olaraq, digər müxalif qurumları daima tənqid və təhqir atəşinə tutulur. Eyni zamanda, "DUİ"-də təmsil olunan "KAXCP" sədri Mirmahmud Fəttayev də digər birlik həmkarının iradlarına məhəl qoymayaraq, sərbəst formada bir sıra addımlar atdığına görə, tənqid hədəfinə tuş gəlib. Bütün bunlar isə müxalifət düşərgəsində birlik adı altında parlament seçkisiöncəsi yaranan mənzərənin müəyyən hissəsidir. Artıq müxalifət liderlərinin özləri də etiraf edirlər ki, düşərgədə birlikdən daha çox şəxsi düşmənçilik prinsipləri hökm sürməkdədir. Bunu son proseslərdə də daha aydın görməyin mümkün olduğunu bildirən "VİP" sədri Ə.Əliyev bundan sonra düşərgədə hər hansı bir seçki blokunun və ya təşkilatın formalaşmasının sual altında olduğunu da diqqətə çatdırıb. O, həmçinin, "Azadlıq" blokunda təmsil olunan AXCP (i)-nin son mövqeyinin də anlaşılmaz olduğunu və bunun üçün qurum sədri Ə.Kərimovdan izahat tələb olunacağını vurğulayıb. Bütün bunlar isə, onu göstərir ki, müxalifət düşərgəsində yeni başlanmış münaqişələr buradakı vəziyyətin daha da gərginləşməsinə və partiyaların seçkiqabağı durumunun ağırlaşmasına gətirib çıxaracaq.