Müxalifətdə yorğan davası
Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca müxalifətin siyasi məzarlığa olan məsafəsi daralmaqdadır. Belə ki, düşərgədə qarşıdakı seçkilərin onlar üçün fəlakətli sonluqla qurtaracağı indidən müzakirəyə çevrilib. Bu vəziyyətdən çıxmağı mitinq keçirməkdə görən müxalifət, xüsusilə, siyasi meyitə çevrilmiş Müsavat başqanı İsa Qəmbərov növbəti dəfə biabır olmaq üçün mitinq şousuna start verib. Partiyadan verilən məlumata görə, may ayının birinci ongünlüyündən etibarən kütləvi aksiyalara başlayacaq. Bu isə müxalifətin mitinqlərdən riyakarcasına istifadə etmək və beynəlxalq təşkilatlarda mənfi rəy formalaşdırmaq üçün can atacaqlarını bir daha göstərir. Həmçinin, 2010-cu il seçkilər ili olduğundan aksiyada, əsasən, siyasi şüarların gündəmdə olacağı və kütləvi aksiyalarda iştirakla bağlı digər partiyalara müraciət etmək niyyətində olması da bildirilir. Partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin fikrincə, müxalifətin seçki, eləcə də, digər siyasi məsələlərlə bağlı mövqeyi, demək olar ki, üst-üstə düşür: "Ona görə də, başqa partiyaların da aksiyalarda iştirakı onu daha da əhəmiyyətli edə bilər".
"KAXCP" sədri Mirmahmud Fəttayev Müsavatın növbəti mitinqini növbəti şou adlandıraraq, bunu seçkiqabağı ərəfədə ciddi problemlər yaradacağını açıqlayıb: "İsa Qəmbərov, ümumiyyətlə, müxalifət hansı üzlə, hansı qüvvə ilə mitinq keçirmək istəyir? İctimaiyyət bunları 2000-ci ildən tarixin arxivinə atdığını söyləyirsə və üstünə də daş düzübsə, yenidən hay-küy salmağın nə mənası? Doğrudur, parlament seçkiləri ilə bağlı düşərgədə olan partiyalarla danışıqlar aparmaq istədim. Ancaq nəticə olmadı. Səbəb də yeni yaratmaq istədiyimiz qurumda İsa Qəmbərovun olması idi. Fikirləşdim ki, özümü öldürməyə dəyməz. Bunu onlara da dedim. İndi onların yenidən ölkədə keçirilən demokratik seçkilərdə onların "biz də varıq, deməsi", bir növ, "ölülərin dirilməsinə" bənzəyir. İctimaiyyətlə görüşlər zamanı hər şeyi aydın görmək olur. Görünür, xalq bu ölülərin dirilməsinə heç vaxt imkan verməyəcək. Çünki AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İ.Qəmbərov, "ACP" lideri Rəsul Quliyev, ALP sədri Lalə Hacıyeva və digərlərinin əməllərini xalq unutmayıb. Elə başa düşürəm ki, biabırçılığa bir növ adətkar olan müxalifət, xalqın təkidli tələbi ilə Azərbaycan vətəndaşlığından birdəfəlik silinmək arzusundadır."
AMİP-in təmsilçisi Əli Orucov da bu fikirdə olduğunu söyləyib: "Düşünürəm ki, İ.Qəmbərov keçirilən aksiyada özü heç vaxt iştirak etmədiyi üçün, bu aksiyalarda da iştirak etməyəcək. Ancaq ona maraqlı olan anda mitinqlərə qoşulacaq".
Ə.Oruc siyasi tələblərlə aksiyaların keçirilməsinin nəticəsi olmayacağını bildirib. ADP-də isə, ümumiyyətlə, aksiyalara ehtiyac olmadığı bildirilir. Partiyanın sədr müavini Həsrət Rüstəmovun sözlərinə görə, hələlik, hansısa məsələ ilə bağlı etiraz aksiyası keçirməyə zərurət yoxdur: "Əgər ADP mitinqlərin keçirilməsini vacib bilsə, özü buna qərar verər. İndi siyasi tələblər deyəndə, seçki komissiyalarının bərabər əsasla formalaşması, seçki mühitinin yaxşılaşması kimi şərtlər irəli sürülür. Amma mən inanmıram ki, hansısa aksiya ilə bu tələblərə nail olunsun. Çünki bu məsələlər beynəlxalq təşkilatların diqqətindədir və onların da razılığı ilə qərar qəbul ediləcək".
H.Rüstəmov mitinqlərə zərurət görməməsinin səbəbini əhalinin müxalifətə inamsızlığında gördüyünü qeyd edib: "Müsavatın əvvəlki mitinqləri də göstərdi ki, əhalinin çox az bir qismi aksiyaların tərəfdarıdır. Ona görə də, Müsavat və kütləvi aksiya edən digər partiyalar taktikalarında dəyişiklik etməlidir. Ancaq yaranmış durum bunu göstərir ki, bu gün heç bir taktika ictimaiyyətin düşüncəsinə təsir etməyəcək."
AXCP (i)-nin sədr müavini Həsən Kərimov da bildirib ki, təmsil etdiyi partiya Müsavatın keçirdiyi hansısa tədbirə qatılmayacaq: "Biz zaman-zaman bunun səbəblərini açıqlamışıq. Ona görə təkrar etmək istəmirəm. Səbəblərdən biri Müsavatın hakimiyyətin göstərdiyi yerlərdə, şəhərin qurtaracağında mitinq keçirməyə razılıq verməsidir. Bu, ümumilikdə, müxalifətin mitinq taktikasına kölgə salır". H.Kərimov onu da deyib ki, "Azadlıq" bloku özü mitinqlər keçirmək barədə müzakirələr aparır.
Bax, belə... Yuxarıdakı münasibətləri oxuyanda, bir daha müxalifətin "yorğan davası"nın nədən baş verdiyini aydın görmək olur. Seçkilər yaxınlaşdıqca, müxalifətin sancısı da artır. Çünki 2008-ci il ərzində elektorat yoxluğundan və daxili didişmələr ucbatından bir dəfə də normal aksiya keçirə bilməyən radikal müxalifət, bunun səbəblərini müxtəlif bəhanələrlə izah etməyə çalışır. Biri deyir hökumətin ayırdığı yerlərdə kütləvi toplaşmaq üçün imkan yoxdur, digəri isə deyir ki, biz mərkəzi küçələrdə aksiya keçirəcəyik və s. Yaxşı ki, həqiqəti başa düşən bir çox müxalifət partiya sədrləri etiraf edərək bildirir ki, əhali aksiyaların tərəfdarı deyil.
İl başlayandan "möhtəşəm aksiyalar keçirəcəyik"-deyən radikallar indi yazın gəldiyini belə inkar etmək fikrinə düşürlər. Əsilində, onlar özləri də yaxşı bilirlər ki, daha aksiya-maksiya söhbəti qurtardı. İctimaiyyət hər hansı etiraz aksiyasında iştirak etməyə ehtiyac görmür. Bu səbəbdən də, müxalifətin bircə yolu qalır - elə özləri 5-10 nəfər toplaşıb çayxanada yüngülvari piket keçirsinlər. Çünki xalq müxalifətin əlindən o qədər bezib ki, inanmırıq seçkilərə qədər səsləri çıxsın. Ona görə də, seçkilərə kimi arzuları ürəklərində qalmasın deyə, yaxşı olardı ki, aksiyalarını çayxanalarda keçirsinlər. İnandırıram ki, həmin çayxanadakılar və ətrafdakılar onları dəstəkləsinlər.