PDF Oxu

Müxalifət

  • 12

Mehmet Ali Birandın erməni sevgisi

Mehmet Ali Birandın erməni sevgisi
Bütün təzyiqlərə baxmayaraq, Azərbaycanla Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına yanaşmada prinsipial mövqelərindən dönməməsi bir çox qüvvələri narahat etməyə başlayıb. Həm Bakı, həm də Ankaranın Ermənistanla kommunikasiya xətlərinin açılması üçün əsas şərt kimi işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasını göstərməsi, yalnız bu iki dövlətə təzyiqləri artıran xarici güc mərkəzlərini deyil, bəzi daxili qüvvələri də qıcıqlandırır.
Türkiyənin "Hürriyyət" qəzetinin 15 aprel sayında dərc olunmuş, yazar Mehmet Ali Birandın "Türkiye çırpınıyor, azeriler ise hiç oralı değiller" sərlövhəli məqalə də məhz bu cür qısqanclığın göstəricisidir. Yazının elə başlığından qərəzli olduğu anlaşılır. Çünki bizim millətin adı azəri deyil. Azərbaycan türkləri və ya azərbaycanlı yazmaq əvəzinə, bizə qondarma adla müraciət edən adamdan nə gözləmək olar?
Məqaləyə adi nəzər yetirmək kifayətdir ki, Ankara ilə Bakının Azərbaycanın ərazi bütövlüyü məsələsinə eyni mövqedən yanaşmasının müəllifdə necə əndişə və narazılıq yaratdığı hiss edilsin.
Müəllif yazır ki, "Vaşinqtondakı sammit zamanı baş nazir Ərdoğan Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün bir tədbirdən digərinə qaçırdı", ətrafda isə "ona dəstək verən bir azəri belə yox idi".
Görünür, M.A.Birandın hamının bildiyi və dəfələrlə söylədiyi bir məqamdan ümumiyyətlə xəbəri yoxdur: Vaşinqton sammitini təşkil edən ABŞ administrasiyası Azərbaycanı bu tədbirdən təcrid etmək variantını seçib. Bütün səylərini Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur etməyə yönəldən Ağ Ev, Azərbaycanın, sammitdə iştirak edəcəyi halda, rəsmi Bakının mövqeyinin daha arqumentli və məntiqli səslənəcəyindən ehtiyatlanaraq, ölkəmizin tədbirdə iştirakını istəməmişdi.
Hətta demokrat administrasiyasına yaxın olan "Vaşinqton post" qəzeti də 14 aprel sayında etiraf edir ki, Azərbaycanın sammitə dəvət olunmamasına səbəb, Ağ Evin Bakının sərhədlərin açılmasına dair danışıqlara mane ola biləcəyindən ehtiyat etməsi ilə bağlıdır.
Elə isə, Birand Vaşinqtondakı tədbirlərdə hansı azərbaycanlını axtarıb tapa bilməyib? Azərbaycan öz istəyi iləmi danışıqlara qatılmayıb? Bunun məsuliyyətini Azərbaycan daşıyır, yoxsa sammiti təşkil edən Ağ Ev?
Müəllif daha sonra narahatlığının əsas səbəbini açıq şəkildə göstərir: Türkiyənin Azərbaycanın maraqlarını müdafiə etməsi. Müəllif yazır: "Əgər Türkiyə yalnız öz maraqları haqda düşünsəydi, indi durum fərqli olardı".
Göründüyü kimi, Birand və onun kimiləri Türkiyə ilə Azərbaycanın eyni mövqedən çıxış etməsindən narazılıqlarını artıq gizlədə bilmirlər. Çünki Türkiyə ilə Azərbaycanın öz maraqları elə bu dövlətlərin birgə maraqlarıdır. Ən azı, son yüz ildə bu, belə olub.
Birand anlamamış deyil ki, ermənilər Azərbaycan türklərindən daha çox, Türkiyə türklərinin, Azərbaycan dövlətindən daha çox Türkiyə dövlətinin açıq düşməndirilər. Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsi, qondarma soyqırımla Türkiyəni çətin duruma salıblar, XX əsrin əvvələrində soyqırımlarla yüz minlərlə, daha sonralar isə terror aktları ilə minlərlə Türkiyə türkünü qətlə yetiriblər. Bu vəhşi qəbilənin ən böyük məqsədi Türkiyə dövlətinin məhv edilməsidir.
Beləliklə, Ankaranın müdafiə etdiyi maraqlar təkcə Azərbaycanın deyil, Türkiyənin də strateji maraqlarıdır. Halbuki Türkiyə hökumətinin Azərbaycanın ərazi bütövlüyü məsələsində Bakının yanında olması, torpaqların azad edilməsini və yüz minlərlə azərbaycanlının öz vətəninə dönməsini tələb etməsi olduqca təbiidir.
Çünki Azərbaycanla Türkiyə "bir millət-iki dövlət" prinsipinə sadiqdir, bütün regional və qlobal problemlərə yanaşmada eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini birmənalı olaraq dəstəkləyir və s.
Özü də iki dövlətin mövqeyinin üst-üstə düşməsi yalnız Dağlıq Qarabağ probleminə yanaşma ilə məhdudlaşmır. Ermənilərin Türkiyəyə qarşı ərazi iddiaları, qondarma "erməni soyqırımı" ilə bağlı apardığı qarayaxma kampaniyasına yanaşmada da Bakı ilə Ankara eyni mövqe nümayiş etdirirlər.
Bu yaxınlarda ABŞ Konqresində qondarma "soyqırım"la bağlı növbəti qətnamənin qəbulundan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Abdullah Gülə telefonla zəng edərək, birmənalı dəstəyini bildirməsi də, Milli Məclisin ABŞ və İsveç parlamentarilərinin qeyri-obyektiv qərarlarına etiraz bəyanatı yayması da, Vaşinqtonda türk diasporunun etiraz aksiyalarında Azərbaycan diasporunun aktiv iştirakı da bu mövqe birliyinin göstəricisidir.
Birand və onun kimiləri unudurlar ki, Azərbaycan indiyədək üzləşdiyi bütün çətinliklər və təzyiqlərə rəğmən, ən müxtəlif proseslərdə Türkiyənin maraqlarının müdafiəçisi kimi çıxış edib.
İstərsə Bakı-Tbilisi-Ceyan, istərsə Bakı-Tbilisi-Ərzurum, istərsə də, Azərbaycanın əsas iştirakçısı olduğu digər strateji enerji və nəqliyyat layihələrinin reallaşması zamanı Azərbaycan yalnız özünün deyil, həm də qardaş Türkiyənin maraqlarının müdafiəçisi qismində çıxış edib.
Türkiyənin maraqlarının tanınması naminə, Azərbaycan da çox təzyiqlərə dözüb və öz prinsipial mövqeyindən imtina etməyib. Heç zaman da M.Ə.Birant kimilərinə xas olan "Əgər Azərbaycan yalnız öz maraqları haqda düşünsəydi, indi vəziyyət fərqli olardı" kimi fikirlər səsləndirməyib və səsləndirməz.
Bu gün məhz həmin prinsipiallığın nəticəsidir ki, Türkiyə ilə Azərbaycan birlikdə regionda reallaşan bütün enerji və nəqliyyat layihələrinin iştirakçısıdırlar. Böyük dövlətlərin təzyiqi qarşısında duruş gətirən Bakı ölkədə türk şirkətlərinin üstünlük təşkil etməsini təmin edib.
Odur ki, təzyiqlərə və basqılara rəğmən, Azərbaycanın Türkiyə, Türkiyənin isə Azərbaycan naminə prinsipiallıq nümayiş etdirməsi, bir-birinə arxa durması iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini təşkil edir. Dağlıq Qarabağ münaqişəsini həlli istiqamətində də Azərbaycan prinsipial mövqeyini daim nümayiş etdirir və bunun üçün bütün səylərini əsirgəmir.
Yeri gəlmişkən, bir qədər öncə də, Birand son vaxtlar cərəyan edən Türkiyə-Ermənistan münasibətləri və "soyqırım" məsələsi ilə bağlı "Hüriyyət" qəzetində tarixi səhvə yol verən məqalə ilə çıxış etmişdi. Məqalədə yazar qeyd edirdi ki, "1988-ci ildə Dağlıq Qarabağın Ermənistana verilməsinə cavab olaraq- azərbaycanlılar Sumqayıtdan erməniləri sürüyüb atdılar". Məqalədə digər yanlış məqam isə Stalinin Qarabağı guya ermənilərdən alıb, Azərbaycana verməsi barəsində açıqlamasıdır. Ən yaxın tarixdən belə xəbəri olmayan ( ya da, aşkar saxtakarlıq edən) adamdan nə gözləmək olar?
Ümumiyyətlə, müəllifin yazılarının əsas ana xətti türk-erməni dostluğunun təbliği və ölkədə Türkiyənin indiki rəhbərliyinə yol göstərmək üzərində qurulub. Bu adamın hansı mərkəzlərdən hansı tapşırıq aldığını anlamağa nə var? "Kanal D" televiziyasında qazandığı hörməti "Hürriyyət" qəzetində səxavətlə sağa-sola xərcləməsi adamın bunu öz istəyi ilə etmədiyini göstərir. Türk xalqı isə belə adamları və onların xəyanətini heç zaman unutmur.
-
Bu adamın karyerasından kiçik bir sitat gətirməklə yazını bitirəcəyik: Birant, Ankara Ağır Cəza Məhkəməsinin 1994/1315 saylı qərarıyla TRT-ni aldatdığı üçün 11 ay 20 gün həbs cəzası alıb. Cəzası prokurorluq tərəfindən də təsdiqlənən Birand, TRT-nin zərərini geri ödəyib və aldığı həbs cəzası pul cəriməsinə çevirilib. Haqqında eyni cinayət işi qaldırılan ikinci bir iddiada, məhkəmə tərəfindən günahı sübut edilib.

Digər xəbərlər