PDF Oxu

Müxalifət

  • 6

Əli Kərimovun ermənilərlə işbirliyi ortaya çıxdı

Əli Kərimovun ermənilərlə işbirliyi ortaya çıxdı
AXCP (i) sədri kimi siyasi proseslərdə heç bir uğur qazana bilməyən Əli Kərimov indi də özünü jurnalsit kimi sınamaq qərarına gəlib. Vaxtaşırı sahibi olduğu qəzetlərdə məqalələr yazan, öz şəxsi bloqunda jurnalist fəaliyyəti ilə məşğul olan radikal lider, nəhayət, xarici qəzetlərlə sifariş əsasında əməkdaşlığa başlayıb. Lakin o, elə ilk cəhddəcə fiaskoya uğrayıb. Belə ki, AXCP (i) sədrinin bir neçə gün öncə, ABŞ-da çap olunan "The Washington Post" qəzetində çıxan məqaləsindəki dezinformasiyanı erməni mətbuatından əldə etdiyi ortaya çıxıb.
Ə.Kərimov dünyanın ən nüfuzlu qəzetlərindən bir olan "The Washington Post"da Azərbaycan həqiqətlərini, erməni təcavüzünü qabartmaq əvəzinə, müxalifətçilik ənənəsinə sadiq qalıb və ölkəmizi tənqid etməyə çalışıb. Məqalənin elə başlanğıcında AXCP (i) sədri bildirir: "Bir çox amerikalı ola bilsin, Azərbaycanı zəngin neftinə, ya da Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə görə tanıyır".
Bərəkallah! Bu sözləri yazan adam özü bu streotipin dağılması üçün yazısında heç nə demir. Əvəzində, erməni saytından götürdüyü yalan məlumatı "The Washington Post"dakı ilk məqaləsində təkrar etməklə, ölkə rəhbərini təhqir edir, hətta ABŞ-ı Azərbaycan hakimiyyətini dəstəklədiyinə görə qınayır.
Belə ki, www.road.am ünvanlı erməni saytında yayımlanmış dezinformasiyada qeyd olunur ki, guya Azərbaycan Prezidentinin Dubayda 9 ədəd villası var imiş. Bunun yalan olduğunu Ə.Kərimov özü də bilir. Sadəcə, ağalarının tapşırığını yerinə yetirməyə bilməzdi, o zaman onlar da özlərinə başqa qulbeçə tapardılar. Bu səbəbdən də, Ə.Kərimov həmin məlumatı öz məqaləsində qeyd edərək, buna mane olmağa çalışıb.
Ə.Kərimov həmin məqalədə yazır: "ABŞ dövlət katibinin o zamankı müavini Riçard Armitac İlham Əliyevə zəng edərək onun seçkilərdə tam qələbəsini təbrik edib. Qərb qüvvələri gənc və mütərəqqi hesab etdiyi yeni liderlə işləməyə can atırdı". Maraqlıdır, Ə.Kərimov başqa necə olmasını gözləyirdi ki? Bütün beynəlxalq və yerli müşahidəçilərin demokratik keçdiyini etiraf etdikləri seçkinin nəticəsini kim və hansı haqla tanımamalı idi ki?
Radikal müxalifətçi daha sonra yazır: "Təxminən 2 ildən sonra 2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan müxalifəti Qərb ölkələrinin Gürcüstan və Ukraynada "Qızılgül" və "narıncı" demokratik inqilablara dəstəyindən ruhlanmışdı. Əfsuslar olsun ki, hadisələr başqa istiqamət üzrə cərəyan etdi".
Göründüyü kimi, AXCP (i) sədri hadisələrə yalnız öz məntiqi ilə yanaşmaqdan başqa heç nə bilmir. Yəqin ki, o, ötən seçkilərdə baş verən rüsvayçılığı hələ də unutmamışdır. Bəlkə də dünyanın heç bir ölkəsində müxalifət xalqdan bi dərəcədə ağır zərbə almamışdı.
Ə.Kərimov yazır ki, guya Azərbaycanda azad mətbuata basqı var. Bir-iki jurnalistin həbs olunmasını əsas gətirən AXCP (i) sədri bunu söz azadlığına qəsd kimi dəyərləndirir. Lakin unudur ki, hər bir dövlətin öz qanunları var və bu qanunlara görə, cinayət törədən şəxs jurnalist olsa belə məsuliyyətdən azad oluna bilməz. Bundan başqa, həmin adamlar jurnalist fəaliyyətinə görə yox, konkret cinayət əməllərinə görə həbs olunublar.
Ə.Kərimov ölkədə ötən ilin martında keçirilmiş referenduma və Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə də toxunub. O, iddia edir ki, guya bu dəyişikliklər demokratik deyil. Halbuki əlavə edilən və dəyişdirilən maddələrin hüquqi və demokratik olduğu həm ekspertlər, həm də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Əgər bunlar pis olsaydı, xalq ona səs verərdimi? Görünür, Əli bəy öz uğursuzluğunun səbəbini başqa yerdə axtarır.
Daha sonra "jurnalist" yazır: "Noyabrda parlament seçkiləri keçiriləcək. Demokratik müxalifət bir daha iqtidarla yarışmağa hazırlaşır. Biz qərara almışıq ki, seçki prosesində iştirak edək, çünki anlayırıq ki, bu, ideallarımız uğrunda mübarizədə bir şansdır".
Məqalədə yeganə obyektiv fikir də elə budur. Çünki müxalifət yalnız xalq arasında öz nüfuzunu artırmaqla, seçkilərdə iştirak etməklə məşğul olmalıdır.
Ə.Kərimov yazır: "Gərək Birləşmiş Ştatlar da Cənubi Qafqazın ən böyük dövlətinə uyğun siyasət aparsın. Uzun müddətdir ki, davam edən ikitərəfli münasibətlər enerji, təhlükəsizlik və demokratik inkişaf sahəsində əməkdaşlığa əsaslanıb. Təəssüf ki, azərbaycanlıların çoxu ABŞ siyasətinin enerji maraqları və terrorçuluqla qlobal mübarizəyə söykəndiyini düşünür. Fikrimizcə, demokratiyaya az əhəmiyyət verilir".
Burada isə aşkar paradoks var. İkinci cümlədə deyilir: "Uzun müddətdir ikitərəfli münasibətlər demokratik inkişaf sahəsində əməkdaşlığa əsaslanıb". Sonuncu cümlədə isə "demokratiyaya az əhəmiyyət verilir"- yazılır. Görəsən, Əli bəy demokratiya dedikdə, nəyi nəzərdə tutur? Ermənilərlə azad şəkildə işbirliyi qurub, dövlətin və xalqın maraqlarını satmağımı? Onsuz da, o, bunu neçə illərdir rahatca edir və buna görə Əli bəyə qaşın üstə gözün var deyən olmayıb.
Təbii ki, amerikalı oxucu bu adamın nə yuvanın quşu olduğunu bilmir, azərbaycanlı oxucu isə yaxşı bilir. Çünki Azərbaycan xalqı bu adamı da, onun kimiləri də yaxşı tanıyır. Məşədi İbadın sözü olmasın, "biz bunları əvvəllər çox təcrübədən keçirmişik".

Digər xəbərlər