Düşərgədə qarşıdurma kəskinləşir Radikallar bu seçkilərə də parçalanmış şəkildə gedəcək
Seçkilərin vaxtı yaxınlaşdıqca radikal düşərgənin sakinlərinin bəlalı günləri də başlayır. Belə ki, bir müddət sonra keçiriləcək parlament seçkilərinə biri-birinə düşmən olan partiya sədrləri bloklaşmalar halında gedir. "Yurd" şefi olan Əli Kərimov bu gün Müsavat başqanına qarşı nifrət hisslərini açıq bir tərzdə nümayiş etdirir. AMİP lideri Etibar Məmmədov Ə.Kərimovun İsa Qəmbərova qarşı ən çirkin və mənəviyyata uyğun olmayan sözlər dediyini də təsdiqləyib: "Ə.Kərimov İ.Qəmbərovu elə günə qoyub ki, gəl görəsən. Bəlkə də, buna görədir ki, Müsavat başqanı, qarşıdakı seçkilərdə "birgə əməkdaşlıq etmək" üçün mənə ağız açıb. Lakin bunun müqabilində, o, sərt cavabla qarşılaşıb."
AMİP lideri, həmçinin, onu da vurğulayıb ki, nəinki İ.Qəmbərovun, ümumiyyətlə, bu seçkilərdə də irəli sürəcəyi namizədlərin xalqın bir faiz səsini də toplamayacağını söyləyib: "Yaxşı olar ki, İ.Qəmbərov boşboğaz "siyasi fəaliyyətin"dən əl çəksin. Çünki İ.Qəmbərova bu da bəllidir ki, AMİP-çilər heç vaxt Müsavatın namizədlərini müdafiə etməyəcək."
Göründüyü kimi, düşərgədə yaranmış proseslər bir daha onu göstərir ki, müxalifətin qarşıdakı parlament seçkilərinə doğru yolu parçalanma ilə başlayıb. Bir faktı tam əminliklə demək olar ki, daha bunların əvvəllər onları qrant hesabına siyasi nökərə çevirən beynəlxalq təşkilatlara da heç bir ümidləri qalmayıb. Qarşıdan gələn növbəti parlament seçkilərində radikal müxalifətin heç nə ilə yadda qalmayacağı, daha doğrusu, bunun əvəzində rüsvayçı məğlubiyyətlər seriyasını təkrarlayacağı şübhəsizdir. Aparılan araşdırmalar və müşahidələr, onu deməyə əsas verir ki, radikal müxalifət partiyalarının rəhbərləri qarşıdan gələn parlament seçkilərində hər hansı bir nəticə qazanmağın mümkünsüzlüyünü anlayırlar. Halbuki onların siyasi limiti çoxdan bitib və bu faktı onların özləri boyunlarına alırlar. Əslində, onların bir başqa çıxış yolları da qalmayıb.
Son seçkilərdən sonra, demək olar ki, neçə illərdir ki, siyasi nökərçilik və milli satqınçılıq müqabilində onları qrantla təmin edən əksər beynəlxalq təşkilat təmsilçilərinin "himayəsindən" məhrum olan radikal müxalifət partiyaları, bütün qüvvələri ilə qarşıdakı parlament seçkilərində siyasi səhnədə tamamilə məhv olmamaq, nəyin bahasına olursa-olsun, siyasi həşarat kimi mövqelərini qorumaq istəyindədir. Onları narahat edən əsas məqam isə, son seçkilərdə məruz qaldıqları rüsvayçı məğlubiyyət faciəsindən sonra, beynəlxalq təşkilatların və onları dəstəkləyən qurumların onlardan birdəfəlik əl çəkmələridir. Demək olar ki, bu gün bütün beynəlxalq təşkilat nümayəndələri radikal müxalifətə qarşı olan mənfi münasibətlərini açıq bir tərzdə nümayiş etdirirlər. Artıq bir sıra müxalifət qəzetlərində bu məsələ ətrafında ciddi müzakirələr başlanılıb və radikallar bu uğursuzluğa görə bir-birlərini ittiham etməkdədirlər.
Seçkilərin vaxtı azaldıqca radikal düşərgədə baş verən ziddiyyətlər daha kəskin hal almaqdadır. Belə ki, son günlər AXCP (i) sədri Əli Kərimovun nəzarətində olan "Azadlıq" və Müsavat başqanı İsa Qəmbərova yaxın "Yeni Müsavat" qəzetlərində bir-birini ittiham edən kəskin yazılar dərc olunmaqdadır və hər iki radikal müxalifət qəzeti, müxalifətin belə uğursuz duruma düşməsinə görə bir-birlərini ittiham edir. Xüsusilə, "Azadlıq" qəzeti öz ittihamlarını onunla əsaslandırır ki, İ.Qəmbərov siyasi baxımdan tamamilə iflasa uğrayıb və onun müxalifətə ziyandan başqa, azacıq da olsa, xeyirinin dəyişməsi nağıldan başqa bir şey deyil. Bununla "Yurd" ideoloqları, Müsavat başqanını siyasi oyunbazlıqda ittiham edərək, müxalifətin fiaskoya uğradığını və sıradan çıxdığını gündəmə gətirməklə, bir sıra beynəlxalq təşkilatların diqqətini İ.Qəmbərovun üzərindən yayındırmaq istəyirlər. Elə bu fakt müxalifət rəhbərləri arasındakı didişmələrin səngimək əvəzinə, daha kritik şəkil aldığını və bu prosesin qarşıdakı müddət ərzində öz əndazəsini aşacağını nümayiş etdirir. Amma ən maraqlı məqam parlament seçkiləri ilə bağlı müxalifət rəhbərlərinin etiraflarıdır.
Radikal düşərgənin qarşıdakı seçkilərə rüsvayçı durumda daxil olduğunu qeyd edən ekspertlər, bunun nəticəsində onları məğlubiyyətdən başqa heç nəyin gözləmədiyini açıqlayırlar. Onların fikirlərindən belə məlum olur ki, müxalifət tamamilə iflas həddindədir və onların seçkidə iştirak etməyə belə hayları qalmayıb. Çünki müxalifətin öz daxilində ciddi iflas prosesi gedir və belə bir şəkildə müxalifət rəhbərlərini məğlubiyyətdən başqa heç nə gözləmir.