PDF Oxu

Müxalifət

  • 14

Radikal düşərgədə "mehriban düşmən" ab-havası

Radikal düşərgədə "mehriban düşmən" ab-havası
Radikal müxalifət düşərgəsində parlament seçkiləri ərəfəsi gərgin siyasi situasiya müşahidə olunmaqdadır. Partiya rəhbərləri arasında qarşılıqlı ittihamların güclənməsi, konyuktur maraqlara söykənən böyük iddiaların, yersiz polemikaların geniş miqyas alması ciddi qarşıdurmalara rəvac verib. Hər bir siyasi partiya rəhbəri seçkiönü mərhələdə diqqəti cəlb etmək və digər müxalif həmkarlarından daha şanslı "namizəd" olduğunu göstərmək üçün bütün "potensial"lını işə salıbdır. Qeyri-sağlam rəqabətin hökm sürdüyü radikal düşərgədə isə partiya sədrləri arasındakı münasibətlər artıq etik normaları da aşıb.
Ötən seçkilərin təcrübəsi bir daha göstərdi ki, ultraradikallar hər hansı məsələ ilə bağlı sonadək vahid mövqe ortaya qoya bilmirlər. Həmin dövrdə yaradılan birlik modellərinin uğursuz taleyi və müəyyən siyasi öhdəliklər götürən partiya sədrlərinin fərqli siyasi gedişləri onların normal əməkdaşlıq qurmalarını qeyri-mümkün etdi. Maraqlı məqam isə odur ki, vaxtilə eyni siyasi çətir altında mövsümi birlik yaradan və müəyyən şərtlər daxilinidə güzəştə gedən partiya sədrləri növbəti parlament seçkilərində əks-tərəfin də adekvat addım atmasını tələb edirlər. Söhbət ADP və Müsavat arasında son günlər yaşanan qarşıdurmadan gedir.
İstər 2008-ci il prezident, istərsə də, ötən bələdiyyə seçkilərində ADP Müsavat başqanı İ.Qəmbərovun namizədliyini dəstəkləmişdi. Lakin bu günə kimi keçirilən seçkilərdə seçicilərin etimadını qazanmayaraq, ciddi məğlubiyyətə uğrayan İ.Qəmbərov hər seçkidən sonra bir müddət siyasi fəaliyyətini dayandırsa da, sonradan radikal düşərgədə "dost" və "düşmənlər"ini saf-çürük etməyə başlamışdır. ADP sədrliyi postuna S.Cəlaloğlunun gəlməsindən sonra Müsavat başqnının adıçəkilən partiya ilə əlaqələri zəiflədi. Bir müddət bu iki partiya sədri arasında qarşılıqlı ittihamlar qəzet səhifələrində özünə yer aldı. Tərəflər "əsil müxalifət" adı uğrunda mübarizəyə başlayaraq, ətraflarına "cırtdan" partiyaları toplamağa başladılar. "Əsil müxalifət" adı ətrafında başlanan yersiz didişmənin sonsuzluğa qədər davam edəcəyini dərk edən partiya rəhbərləri bu qarşıdurmaya müvəqqəti son qoyaraq, bələdiyyə seçkilərinə hazırlaşdıqlarını bəyan etdilər. Amma bu da çox çəkmədi. Seçkilərdə iştirak məsələsinin gündəmə gəlməsi ilə ADP-Müsavat münasibətləri yenidən gərginləşdi. Belə ki, ADP sədri S.Cəlaloğlu əvvəlki seçkilərdə də irəli sürdüyü namizədlərin Müsavat başqanı tərəfindən də dəstəklənəcəyinə ümid bəsləyirdi. İ.Qəmbərov isə bundan fərqli mövqe nümayiş etdirərək, özünü müxalifətin "vahid namizəd"i və yaxud da "ana müxalifəti" kimi görür. Bu, isə əks-tərəfdə böyük narazılıqla qarşılanır.
S.Cəlaloğlu parlament seçkiləri ərəfəsi mətbuata verdiyi açıqlamada İ.Qəmbərovu yanlış addım atmaqda və münasibtləri bilərəkdən gərginləşdirməkdə günahlandırıb: "Biz gözləyirdik ki, Müsavat 2008-ci ildə bizim atdığımız addımı təkrarlayacaq, yəni prezident seçkilərində ADP-nin namizədini dəstəkləyəcək. Eynilə ötən bələdiyyə seçkilərində də bu arzu ilə yaşayırdıq. Ancaq təəssüflər olsun ki, İ.Qəmbərov bu günə kimi özündə cəsarət tapıb belə bir mövqe nümayiş etdirə bilmədi".
ADP sədri S.Cəlaloğlu digər partiyaların da Müsavat başqanı ilə seçkiqabağı əməkdaşlıq etməsinin qeyri-mümkün olacağını bildirir: "Artıq bunu digər funksionerlərlə yanaşı, müsavatçılar da yaxşı bilirlər. Müsavatçılar qarşıdakı parlament seçkilərində də İ.Qəmbərovun məğlubiyyətinə tam əmindirlər. Elə bəlkə buna görədir ki, Müsavat başqanı seçkilərdə məğlubiyyətə uğrayır".
Onu da qeyd edək ki, son günlər Müsavat partiyasının nəzarət altında olan mətbu orqanlarında S.Cəlaloğlunun son günlər hədəfə alınması və onun siyasi keçmişinin gündəmə gətirilməsi müşahidə olunur. Eynilə "demokratlar" da İ.Qəmbərovu siyasi riyakarlıqda, müttəfiqlərinə hər an arxadan zərbə vuran şəxs kimi ittiham edirlər.
Vəhdət partiyasının sədri Tahir Kərimli isə "Səs"ə açıqlamasında bildirdi ki, hakimiyyətə iddialı olan hər iki partiya rəhbəri seçkiönü cılız maraqları naminə bir-birilərini didişdirir, təhqirli sözlər deyirlər: "İstər S.Cəlaloğlu, istərsə də, İ.Qəmbərov seçkiöncəsi belə şou yaratmaqla ictimaiyyətin yaddaşlarında qalmaq istəyidir. Ancaq başa düşmürlər ki, belə mübarizə aparmaları onların siyasi simasızlıqlarını bir daha cəmiyyətə açıb göstərir. Əslində, ADP-Müsavat qarşıdurması, bütövlükdə, ifrat radikal düşərgənin mahiyyətini ortaya qoyur. Düşərgə təmsilçiləri, faktiki olaraq, "mənəm-mənəmlik" məsələsini gündəmə gətirməklə, bir-birlərini gücdən salmağa və yaranan presedent vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışırlar. Son dərəcə absurd və siyasi mübarizədə analoqu olmayan "üsul"lardan istifadə edən ultraradikallar bununla da öz siyasi məğlubiyyətlərini şərtləndirirlər. Cəmiyyət tərəfindən, birmənalı olaraq, aqressiv müxalifət partiyaları kimi tanınan və öz maraqları naminə ən yaxın tərəfdarlarına belə xəyanət edən bu siyasət dəllalları növbəti dəfə də uğursuzluğa məhkumdurlar".

Digər xəbərlər