Müxalifət illüziyalarla yaşayır
Seçkilər yaxınlaşdıqca radikal düşərgə, görünür, yenidən Seçki Məcəlləsində kardinal dəyişikliklərin edilməsi tələbindən geri çəkilmək istəmir. Lakin bu tələbin illüziyadan başqa bir şey olmamasını müxalifət düşərgəsində olan funksionerlər də yaxşı bilirlər. Lakin əvvəlki seçkilərdə olduğu kimi, "Azadlıq" blokuna daxil olan siyasi partiyalar, o cümlədən, Müsavat rəhbərləri dəyişikliklər edilməyəcəyi təqdirdə, parlament seçkilərinə qatılmayacaqlarını hələ də bəyan edirlər.
Maraqlı cəhət odur ki, "Azadlıq" blokuna daxil olan siyasi partiya funksionerləri artıq blokun fəaliyyətinin mənasız olduğunu bildirirlər. Xüsusilə də, onların irəli sürdükləri fikirlərlə razı olmadıqlarını qeyd edirlər. Müsavat funksionerləri Arif Həsənov, Sevda İmranova və Həsən Hümbətovun verdikləri açıqlamada bildiririlir ki, "bu günə kimi seçki komissiyalarının paritet əsasda-bitərəf, müxalifət və iqtidar partiyasının nümayəndələrindən formalaşdırılması ən demokratik üsuldur. Seçki təcrübəsi göstərir ki, hər üç tərəfin prosesdə iştirakı daha doğru yoldur və seçkilərin ədalətli keçirilməsinə xidmət edir."
Bu fikrə münasibət bildirən bir çox partiya sədrləri, o cümlədən, "KXCP"-nin sədri Mirmahmud Fəttayev, "Təkamül" partiyasının sədri Teyyub Qənioğlu, "Yurddaş" partiyasının sədri Mais Səfərli, "Ədalət" partiyasının sədri İlyas İsmayılov və digərləri radikal müxalifət nümayəndələrinin bu balansı pozmağa və bitərəflərin maraqlarını tapdalayıb keçmək niyyətində olduqlarını bildirirlər. Əlbəttə ki, ölkə yalnız müxalifət və iqtidar partiyalarının təmsilçilərindən ibarət deyil. Ultraradikallar bununla da qeyri-konstruktiv mövqelərini bir daha nümayiş etdirirlər.
Həmçinin, "Azadlıq" blokuna daxil olan siyasi partiyaların bəzi funksionerləri ölkədə seçki qanunvericiliyinin tamamilə təkmilləşdirildiyini, seçkilərin beynəlxalq meyarlar əsasında şəffaf və demokratik keçirilməsi üçün bütün zəruri şərait yaradıldığını deyirlər. Bu, həqiqətən də, belədir. Çünki Seçki Məcəlləsi hazırlanarkən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri ölkəmizin seçki təcrübəsi əsas götürülmüş seçkilərin demokratik keçirilməsi üçün təkmil bir sənəd qəbul edilmişdir. Son prezident, referendum, bələdiyyə seçkilərinin ədalətli keçirilməsi və seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin müsbət rəyləri deyilənləri bir daha təsdiqləyir. Lakin radikal müxalifət təmsilçilərinin pozucu fəaliyyəti və seçki öncəsi bu cür uğursuz "spekulyasiyaları" ancaq bir məqsədə xidmət edir. Bu da ondan ibarətdir ki, artıq müxalifət nə cəmiyyət, nə də funksionerlər tərəfindən qəbul edilmir. Çünki istər düşərgə mənsubları, istərsə də "Azadlıq" blokuna daxil olan siyasi partiya sədrləri çox yaxşı dərk edirlər ki, hazırkı potensialla seçkilərə qatılmaları onların rüsvayçı məğlubiyyəti ilə nəticələnəcək. Buna görə də, ən təkmil formada hazırlanan sənədə yenidən baxılması üzərində israr edir, əks-təqdirdə seçkiləri boykot edəcəklərini bildirərək, "spekulyasiyalar" edirlər.
AXCP (i) funksioneri Arzu Kərimov radikal düşərgədə olan partiyaların Azərbaycan cəmiyyəti tərəfindən, birmənalı olaraq, destruktiv müxalifət partiyaları kimi qəbul edildiyini bildirdi: "Məhz bu səbəbdəndir ki, bu gün "Azadlıq" blokunda daxili didişmələr və parçalanmalar, faktiki olaraq, düşərgəni iflic vəziyyətə salıb. Müsavat və "Azadlıq" blokuna daxil olan partiyalar arasında qarşılıqlı kompromatlrın güclənməsi və seçkidə iştirakla bağlı ən müxtəlif mövqelər düşərgənin pərakəndə vəziyyətdə olduğunu aydın göstərir. Seçki Məcəlləsi ətrafında manipulyasiyalar da bu oyunun tərkib hissəsidir. Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov çox yaxşı başa düşürlər ki, növbəti seçkilər onların siyasi karyeralarının başa çatması ilə nəticələnəcək. Seçkilərdə iştirak etməmək barədə indidən rəy formalaşdırmaları da elə buna xidmət edir. Məhz bunun nəticəsidir ki, artıq regionlarda olan bu partiyaların təşkilatları bütünlüklə buraxılmaqdadır. Görünür, seçkilərə qədər meydanda ancaq riyakar və hiyləgər sədrlərdən başqa, bir kimsə qalmayacaq. "
AXCP (i) funksioneri A.Kərimov, həmçinin, partiya sədrləri nəzarət altında saxladıqları mətbu orqanlarında verdikləri açıqlamalarla gülünc vəziyyətə düşdüklərini də qeyd etdi: "Son 17 ildə bu düşərgədə irəliyə doğru bir dəyişiklik yoxdur. Eyni siyasi "taktika" ilə seçkilərə qatılan və hər dəfə də xalqın dəstəyindən məhrum olan radikallar siyasi səhnəni tərk etmək istəmirlər. Azərbaycan seçicisi, əvvəlki seçkilərdə olduğu kimi, növbəti parlament seçkilərində də iqtisadi inkişafın davamlı olması, əhalinin sosial durumunun daha da yaxşılaşması naminə yenə də öz doğru seçimini edəcəkdir. Bu faktı heç cürə danmaq olmaz. İnanıram ki, seçkilərə kimi radikal düşərgə funksionerləri riyakar və hiyləgər partiya sədrlərindən yaxa qurtara biləcəklər".