Rəsul Quliyev partiyasından imtina edir
Uzun müddətdir ki, ABŞ-da biznes maraqlarını gerçəkləşdirən "Açıq Cəmiyyət Partiyası"nın lideri Rəsul Quliyev bu dəfə mənsub olduğu qurumdan da imtina edib. Xeyli müddətdir ki, liderlik etdiyi partiyaya yeni sədr təyin etmiş R.Quliyev istənilən variantla "ACP"-ni dirçəltməyin mümkün olmadığı qənaətinə gəlib. Elə bu məqsədlə də, o, "ACP"-dən birdəfəlik imtina etmək barəsində qərar verib.
Azərbaycanda hər seçki öncəsi özünü göstərməyə çalışan R.Quliyev bu ilin də seçki ili olmasını nəzərə alaraq, hərəkətə keçmək qərarına gəlib. Məqsədli şəkildə siyasətdə qalmaqla öz maraqlarını gerçəkləşdirməyə çalışan Rəsul "bəy" ara-sıra müxalifətdəki həmkarlarına söz atmaqla gündəmin nəbzini tutmağı da yaddan çıxarmaq istəmir. Görünür, R.Quliyev biznes sahəsindəki bütün işlərini sahmana saldıqdan sonra siyasətə bir əyləncə kimi yanaşır. Əgər belə olmasaydı, o, Müsavat başqanı İsa Qəmbərovu, AXCP (i) sədri Əli Kərimovu, ADP sədri Sərdar Cəlaloğlunu mütəmadi olaraq, gülüş obyektinə çevirməzdi. Amma görünür ki, R.Quliyevin müxalifətdə olan "dost"ları ilə hələ çox zarafatlar edəcək. Doğrudur, müxalifətdə olanlar R.Quliyevi qəbul etməsələr də, onun atmacalarını da cavabsız qoymurlar. Çünki düşərgədə olanlar özlərindən başqa heç kəsi burada görmək istəmirlər. R.Quliyev isə, zorla da olsa, müxalifət düşərgəsinə qatılmaq niyyətində israrlıdır.
Uzun müddət ticarətlə məşğul olan R.Quliyev siyasətə də alqı-satqı kimi yanaşır. Sadəcə olaraq, bəzi hallarda isə, onun malik olduğu maddi imkanlar müxalifətçiləri iştahaya salır. Buna əyani misalı ADP sədri S.Cəlaloğlunun timsalında görmək mümkündür. S.Cəlaloğlu bir müddət R.Quliyevdən ötürü başından belə keçməyə hazır olduğunu bildirirdi. Mitinq və piketlərdə digər müxalifətçi dostlarından əvvəl daşa-divara vururdu ki, R.Quliyevə xoş gəlsin. Hətta mitinqlərin birində qəsdən öz yandakılardan birinə başını daşla vurub əzdirmişdi ki, bu da Rəsul "bəy"in çox xoşuna gəlmişdi. Siyasətə alver prinsipi ilə yanaşan R.Quliyevin isə həmin müddət bir balaca biznes planları zəifləyən kimi S.Cəlaloğlu ona arxa çevirdi. Sanki bir məşuqə rolunu oynayan Sərdar-Rəsul cütlüyünün sonrakı aqibəti isə hər kəsə məlumdur. İndi isə vəziyyət tamamilə dəyişib. Artıq R.Quliyev "ACP"-yə liderlik etmək niyyətindən daşınıb. Onun yeni bir quruma ağalıq etmək iddiasına düşdüyü barədə isə söz-söhbətlər səngimək bilmir. Bütün bunlara rəğmən isə, müxalifət düşərgəsində olan acgözlər R.Quliyevi əllərindən buraxmaq istəmirlər. Artıq AXCP (i) sədri Ə.Kərimov birgə işləmək barəsində R.Quliyevə təklif də göndərib. Okeanın o tayından müxalifət düşərgəsində olanları ələ salan "ACP" lideri isə, hələlik, pulunu kimsəyə bir də havayı xərcləmək niyyətində olmadığını bildirib. Amma bir faktı da unutmaq olmaz ki, R.Quliyevdən ən yaxşı halda ticarətçi ola bilər. Onun siyasət kimi ağır işlərlə məşğul olmağa, hələlik, səriştəsi çatmır.