Müxalifətin seçkiöncəsi növbəti şousu
Yenə də seçkiöncəsi müxalifət düşərgəsində "yeni ideyalar", "yeni kəşflər" edənlərin sayı artmaqdadır. Belə ki, bu günlərdə "Ümid" partiyasının sədri İqbal Ağazadə beş il parlamentdəki ömrünün uzadılması üçün əl-əyağa düşüb və ADP-ni ona dəstək olmağa çağırıb. Daha dəqiq desək, "dəstədən geri qalmayan" İ.Ağazadə Sərdar Cəlaloğluya yeni blok yaratmaq təşəbbüsü ilə müraciət edib. ADP-dən "Səs"ə verilən məlumata görə, bu təklifdən S.Cəlaloğlu heç də məmnun olmayıb. Özünü sındırmayan İ.Ağazadə bildirib ki, əgər bu təklif baş tutmazsa, parlament seçkilərində təkbaşına iştirak etmək üçün də kifayət qədər imkanları var: "Biz artıq deputatlığa namizədlərin müəyyənləşdirilməsi prosesinə başlamışıq. Amma cəmiyyətin sifarişi kimi müxalifətin də seçkilərdə mümkün qədər birgə iştirakına nail olmağa çalışırıq".
Görünür, İ.Ağazadə müxalifət partiya sədrlərinin "Ümid" tör-töküntülərdən yaranıb" fikrini unudub. Vəhdət partiyasının sədri Tahir Kərimli, həmçinin, onu da söyləyib ki, İ.Ağazadə cəmiyyətin adından yox, öz adından danışsın.
"Azadlıq" blokunun üzvü, "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev isə bildirib ki, həmişə olduğu kimi, bu seçkilərdə də kifayət qədər subyektiv amillər ucbatından müxalifətin əsas qüvvələrinin birgə seçkilərə qatılması, bir seçki blokunun yaradılması variantı baş tutmayacaq.