Müxalifət daxilində qalmaqallar genişlənir
Parlament seçkilərinə müəyyən zaman qalmasına baxmayaraq, müxalifət düşərgəsində qalmaqallara start verilməkdədir. Belə ki, son vaxtlar düşərgədəki iddialıların bir-birinə qarşı kəskin ultimatumla çıxış etmələri siyasi ab-havanı qəlizləşdirib. Bu proses isə, parlament seçkiləri ərəfəsində müxalifətdə ikitirəliyin genişlənməsinə səbəb olub. Xüsusilə də, mətbuat müstəvisində verilən yazılar bir daha göstərir ki, radikal müxalifət ictimai rəyin diqqətini özünə cəlb etmək üçün bütün mümkün vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Müsavat bşqanının keçmiş müavini Rauf Arifoğlunun dediyinə görə, müxalifət seçki ərəfəsi Bakı şəhərində ictimai-siyasi sabitliyə təhlükə də yaratmaqdan çəkinməyəcək. AXCP (i) sədri Əli Kərimov isə küçə yürüşləri - mitinqlər vasitəsilə qarşılarına qoyulan vəzifələri həyata keçirməyə çalışacaqlarını bildirib. Belə demək mümkünsə, "Yurd" şefi artıq özünü indidən sığortalamağa və qarşıdakı proseslər üçün əl yeri qoymağa çalışır. Bir sözlə, radikal müxalifət bütün taleyüklü məsələlər ərəfəsi olduğu kimi, seçkiqabağı ərəfədə də ölkədə qarışıqlıq yaratmağı, pozuculuq aktları həyata keçirməyi qarşısına əsas vəzifə kimi qoyub.
Vəhdət sədri Tahir Kərimli düşərgənin Lalə Hacıyeva, Əvəz Temirxan, Əli Kərimov, İsa Qəmbərov kimi "ağaları" olduğunu bildirib. Qeyd edib ki, onlara inanan da elə o ağıldadır. "MBH" lideri L.Hacıyeva bir zamanlar əməkdaşlıq etdiyi "Azadlıq" blokunu, eləcə də, əlaltısı olan Ə.Temirxanı satqınlıqda ittiham edir. Bu da onu göstərir ki, "MBH" liderinin "siyasi savadı", dünyagörüşü və düşüncəsi dayazdır. Əgər belə olmasaydı, o, İ.Qəmbərovun, Ə.Temirxanın, Ə.Kərimovun necə adam olmalarını əvvəldən bilməli idi".
Qeyd etmək yerinə düşər ki, konstruktiv meyilli müxaliflər arasında radikalların pozuculuq planlarına qarşı ciddi təpkilər mövcuddur. "Demokratiya Uğrunda İttifaq"ın təsisçilərindən olan "KAXCP" sədri Mirmahmud Fəttayev istənilən halda iğtişaşların törədilməsinin əleyhinə olduğunu söyləyib. Onu da qeyd edib ki, "DUİ" müxalifətin icazəsiz aksiyalarına qoşulmayacaq: "İndiki halda, aksiyaların keçirilməsi və ya qeyri-ənənəvi mübarizə metodlarından istifadə edilməsi yolverilməzdir. "DUİ" yalnız sivil metodlardan istifadə etməklə qəbul etdikləri proqramın təbliğinə səy göstərəcək".
AMİP lideri Etibar Məmmədov da qanunlara zidd mübarizə taktikasının əleyhinə olduqlarını söyləyib: "Düşünürəm ki, kənar təsirlərlə fəaliyyət qurmaq siyasi partiyalara uğur gətirməz. AMİP heç bir halda qeyri-qanuni aksiyalara dəstək verməyəcək, əksinə, onların iflasa uğraması üçün səylər göstərəcək. Çünki bu vaxta qədər aparılan siyasət artıq neçə il bundan əvvəl iflasa uğrayıb. Açıq danışaq, indi heç bir müxalifət partiyasının üzvü düşərgənin perspektivinə inanmır. Çünki artıq danışılası yalan qalmayıb və bunu edənlər indi də həmin addımlarını davam etdirmək istəyirlər. Mitinq keçirmək və piketlərə başlamaq adı altında spekulyasiya etmək heç kimə şərəf gətirməyəcək".