“Azadlıq" bloku uçuruma doğru Qurum daxilində "mənəm-mənəmlik"
Adətkar olmuş müxalifət düşərgəsidə fəaliyyət göstərən radikal siyasi partiyalar seçkiqabağı yenilik yaratmaq istəsələr də, yaranmış vəziyyəti daha da gərginləşdirir. Xüsusilə də, parlament seçkiöncəsi qarşıdurmaların geniş vüsət alması və daxili çəkişmələrin artıq kritik həddə çatması partiya sədrlərinin nüfuzunun aşağı düşməsinə səbəb olub. Bu isə bir sıra qurumların sıradan çıxmasının sürətlənməsinə təkan verir. Bu baxımdan, Müsavat partiyasında Rauf Arifoğlu epoxası, AMİP-də sədrlik tragediyası, "ACP"-də sədrin qaçması, AXCP (i)-nin parçalanması, "Azadlıq" blokunun sıradan çıxmaq təhlükəsi müxalifətin seçkiqabağı aqibətinin gərgin olmasına əsaslı sübutdur.
Qeyd etmək lazımdır ki, həmişə olduğu kimi, bu gün də əksər müxalif partiyaların xarici sifarişlər əsasında yaranması qurumların normal fəalliyyət prinsipini əngəlləyir. Bu məqsədlə yaranmış qurumlar sırasında "Azadlıq" bloku yarandığı gündən müxalifətdaxili qarşıdurmaların baş verməsində "əsas mexanizm" rolunu öz üzərinə götürüb. Bu fikirləri söyləyən AXCP (i) funksioneri Mahmud Əhədov və Müsavat funksioneri Sahib Həsənov "Azadlıq" blokunun bir sıra qeyri-etik əməllərlə məşğul olduğunu və əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də biabırçı uğursuzluqla üzləşəcəklərini bildiriblər. Onu da vurğulayıblar ki, "Azadlıq" bloku kimi riyakar bir qurumun fəaliyyətindən söz açmağa dəyməz.
Bu fikirlərlə razılaşan digər partiya funksionerlərinin sözlərinə görə, müxalifət düşərgəsində elə bir qurum yoxdur ki, "Azadlıq" bloku həmin təşkilatla əməkdaşlıq etməsin. Bütün bunlar qurumun qeyri-ciddi bir təşkilat olmasını bir daha təsdiqləyir. Çünki "Azadlıq" blokunda müxalifətin arzuolunmaz, çürük liderlərinin rəhbərlikdə təmsil edilməmələri qurumun qeyri-müəyyən bir məcraya yönəlməsinə səbəb olub. Ən gülünc hal isə ictimaiyyətin yaddaşlarında qalmaq üçün yenidən lazımsız qalmaqal yaratmağa başlayıblar. Belə ki, bloka sədrlik davası, "mənəm-mənəmlik" iddiasında olanların sayı da artıb. Bloka özünü daha iddialı sədr hesab edən ALP sədri Lalə Hacıyeva digər məsləkdaşlarına nisbətən şansının daha çox olduğunu bildirir. L.Hacıyevadan fərqli olaraq AXCP (i) sədri Əli Kərimov isə blokun yaranmasında göstərdiyi fəaliyyət əsasında özünü ən real sədr kimi görür. Əli Əliyev Ə.Kərimov və L.Hacıyevanın sədr olmayacağı təqdirdə, bloka özünün rəhbərlik edəcəyini bildirir. Bu yerdə sabiq ADP sədri Rəsul Quliyevin sözləri yada düşür: "badbaxtlar".
Göründüyü kimi, blokda təmsil olunan və özündən müştəbeh olan radikal partiya sədrləri arasında artıq parçalanma müşahidə olunmaqdadır. Lakin tamahkar görünən, "Milli Birlik Hərəkatı"na formal olaraq liderlik edən L.Hacıyeva, "Azadlıq" blokundan da əlini üzmək istəmir. Eyni zamanda, "Azadlıq" blokunda təmsil olunan qurumların qarşıdan gələn növbəti parlament seçkilərində iştirakı ilə bağlı fikir ayrılıqlarının baş verməsi də blokun dağılmasını bir daha təsdiqləyir. Çünki blokda təmsil olunan AXCP (i) sədri Ə.Kərimov öz dəyişkən fikirləri ilə digər partiya sədrlərinə kələk gəlmək istəsə də L.Hacıyeva blokdan birdəfəlik uzaqlaşmaq istəyində olduğunu bildirir. Blok daxilində baş qaldıran anlaşılmazlıqdan həmişə sui-istifadə edən "VİP" sədri Əli Əliyev isə, həmfikirlərindən fərqli olaraq, seçkilərə daha çox namizəd irəli sürəcəyini bildirir.
Ə.Əliyevin fikrincə, qurumun fəaliyyətində bir çox dəyişikliklər edilməlidir ki, seçkilərlə bağlı məsələdə ortalığa konkret bir rəy qoymaq mümkün olsun. Lakin blokda yaranmış bu vəziyyət, bir daha təsdiqləyir ki, "Azadlıq" blokunun qarşıdan gələn növbəti parlament seçkilərinə qədər "sağ" qalacağı sual altındadır. Çünki müxalifət düşərgəsinə xas xüsusiyyətləri özündə cəmləşdirən "Azadlıq" blokunun, bütün qatıldığı seçkilərdə olduğu kimi, budəfəki seçkilərə də pərakəndə halda qatılacağı müşahidə olunur.