İqbal Ağazadə müxalifətin probleminə çevrilib
Müxalifət düşərgəsində qarşıdan gələn parlament seçkilərinə hazırlıq adı altında başlanmış qara piar kampaniyası bütün eybəcərliklərilə davam etməkdədir. Düşərgə təmsilçiləri bir-birlərini yenidən Rusiyaya, İrana və başqa yerlərə işləməkdə ittiham edərək, aralarındakı gərgin münasibətləri bir qədər də alovlandırmalı oldular.
Müxalifətin birgə seçkilərə qatılması məsələsi uğrunda bir-birlərinə əməkdaşlıqla bağlı təkliflər göndərsələr də, bu, yenə də baş tutmadı. Çünki 17 ildir ki, müxalifət düşərgəsində təmsil olunan partiyalar öz aralarında heç bir razılığa gəlmədikləri halda, onların bundan sonrakı birlikləri də mümkün olmayacaq. Sadəcə olaraq, öz mövcudluqlarını bir sıra iyrənc əməllərə əl atmaqla hiss etdirməyə çalışan müxalifət təmsilçiləri, hər seçki öncəsi olduğu kimi, bu dəfə də öz amplualarından kənara çıxa bilmirlər.
"Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar müxalifət düşərgəsində əməkdaşlıq məsələsində ilk addım atmasına baxmayaraq, onların da niyyəti reallığa çevrilmədi. Çünki "DUİ"-nin "Azadlıq" blokuna göndərmiş olduğu əməkdaşlıq paketinə müsbət cavab verilmədi. Bu dəfə də, şəxsi münasibətlər müxalifət düşərgəsində atılması nəzərdə tutulan addımların əngəllənməsini təmin etmiş oldu. Belə ki, "Azadlıq" blokunda təmsil olunan "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevlə "DUİ" sədrlər şurasının sədri Mirmahmud Fəttayev arasında uzun sürən şəxsi ədavət yenidən özünü büruzə vermiş oldu. Ə.Əliyev "Azadlıq" blokunun "DUİ"-nin təklifinə müsbət cavab verəcəyi təqdirdə, blokdan çıxacağını bildirdi. Onun ardınca isə AXCP (i) sədri Əli Kərimov da M.Fəttayevə olan düşmənçiliyini gizlədə bilmədi. Beləliklə də, blok tərəfindən "DUİ"-nin əməkdaşlıq barəsindəki təklifinə rədd cavabı verildi. Bunun ardınca isə Müsavat partiyasının AXCP (i)-yə göndərmiş olduğu təklifə, ilk öncə müsbət cavab verilsə də, hazırda hər iki partiya arasında yenidən münasibətlər gərginləşib. Çünki İsa Qəmbərov AXCP (i)-nin buraxılmasını və Müsavatın tərkibində kiçik bir qurumun yaradılmasını təklif edib. Buna cavab olaraq Ə.Kərimov İ.Qəmbərovla aralarındakı yaranmış isti münasibəti yenidən pozmalı olub.
Müxalifətin baş ağrısına çevrilmiş olan "Ümid" partiyası isə düşərgədə heç kəslə yola getmir. Quruma rəhbərlik edən İqbal Ağazadə müxalifət düşərgəsində artıq inanılacaq və etibar ediləcək bir adamın qalmadığını bildirib. Ona görə də, qarşıdan gələn parlament seçkilərində "Ümid" partiyası heç bir blok və ya təşkilatla təmsil olunmaq niyyətində deyil. Eyni zamanda, İ.Ağazadə müxalifət təmsilçilərinin heç biri ilə bundan sonra şəxsi müstəvidə münasibətlər qurmayacağını da bildirib. O, qeyd edib ki, müxalifət düşərgəsində elə partiyalar var ki, onların sədrlərindən başqa artıq heç nəyi qalmayıb. Bu baxımdan da onlarla əməkdaşlıq və ya birlikdə olmağın heç bir mahiyyət kəsb etmədiyini bildirən "Ümid" sədri düşərgədə yaxın zamanlarda daha böyük təlatümlərin baş verəcəyinə də inamını gizlətməyib. Bütün bunlar isə, onu göstərir ki, artıq uzun müddətdir ki, müxalifət düşərgəsində baş verən münaqişələr öz məntiqi sonluğuna çatacaq. Çünki olanlar müxalifətin tamamilə sıradan çıxmasını bir qədər də sürətləndirməli olub.