Müxalifət vahid halda seçkiyə qatıla bilməz
Müxalifət daxilində yaranmış didişmələr parlament seçkiləri ərəfəsi daha kəskin hal alır. Bunun da səbəbi yağışdan sonra göbələklər kimi artan yeni qurumların mürəkkəbi qurumamış parçalanmasıdır. Parlament seçkilərinə hazırlıqla bağlı partiya sədrləri kiminsə yaratdığı qurumda təmsil olmağı özünə sıxışdırmadığı üçün də "birləşmək" ideyaları elə sözdə qalır. ALP sədr əvəzi Əvəz Temirxan müxalifətin birliyinin mümkünsüz olduğunu qeyd edərək, vurğulayır ki, şəxsi ambisiyaları üstün tutan insanların birləşməsi mümkün deyil. Çünki hər bir partiya sədri layiq olmadığı iddiadadır. Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev isə, əvvəlki seçkilərdə olduğu kimi, parlament seçkilərində də partiya sədrlərinin sözlərinə etibar olmadığını qeyd edib. Bildirib ki, bu gün radikalların yaratdığı hər hansı qurumda birləşən partiyaların liderləri özlərini həmin quruma rəhbər edən lider kimi göstərməklə hansısa daha yüksək iddialar irəli sürürlər: "O cümlədən, "Ümid" partyasının sədri İqbal Ağazadənin düşünülməmiş təklifi bir çox partiya sədrlərinin əsəbinə səbəb olub. Buna görə də, hər hansı qurumda İ.Ağazadə kimilərin təmsil olunması və müəyyən istədiyi məqsədləri həyata keçirməsinə imkan vermək olmaz".
Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, ölkədə keçirilən hər seçkiərəfəsi radikal müxalifətin mənasız və əhəmiyyətsiz birliklər və qurumlar yaratmasını özlərinin varlıqlarını nümayiş etdirmək məqsədi güdürlər. C.Nuriyev bu hərəkatda da parçalanmanın labüd olduğunu qeyd edib: "Əslində, hərəkatda olan partiya rəhbərləri bir-birilərini qəbul etmir. Onların birgə fəaliyyəti ancaq görüntüdür. Bu görüntünün arxasında isə maliyyə mənbələrini axtarmaqdan başqa bir şey yoxdur." Politoloq yaranan bu qurum və bloklarda birləşən partiyaların nüfuzlarının da aşağı olduğunu və xalq tərəfindən qəbul edilmədiklərini bildirib. Onun sözlərinə görə, ADP neçə illərdir ki, dağılma prosesi yaşayır: "Eyni ilə "Ümid" partiyası da parçalanmışların zərrəciklərindən yaranmaqla, özlərinin varlıqlarını nümayiş etdirməklə xəyalda canlandırdığı istəklərini həyata keçirmək istəyir. Lakin müttəfiqləri İ.Ağazadənin satqın, xəyanətkar olduğunun dəfələrlə şahidi olublar. Belə olan halda, İ.Ağazadənin hər hansı qurum və ya blokda təmsil olunması mümkünsüzdür."